Onlayn ictimai-siyasi qəzet
“Hüquq-mühafizə orqanları hərəkətə keçib və vətəndaşın mülkiyyət hüququnu müdafiə edirlər”.
Bunu Musavat.com-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibi Həbib Hacıyevin vəkili Ülvi İsmayılov deyib.
Onun sözlərinə görə, şirkətlə məhkəmə mübahisəsi davam edir: “Şirkət məhkəməyə iddia ilə müraciət etmişdi, lakin məhkəmə hələ hazırlıq mərhələsindədir, iş yekunlaşmayıb. Onlar məhkəmənin nəticəsini gözləmədən evə müdaxilə etdilər. Bu müdaxilə ilə əslində özlərini ifşa etdilər və niyyətlərini göstərdilər”.
Vəkil bildirib ki, evə dəymiş zərərin ödənilməsi ilə bağlı “Melissa Park” şirkətindən hansısa müraciət və ya təklif almayıblar.
Xatırladaq ki, martın 27-də Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayıldı. Söküntü zamanı yaşayış olan ev ekskavator vasitəsilə dağıdılıb. Sökülən evin sahibi Həbib Hacıyev deyib ki, 3 ildir tikinti şirkəti ailəsini evdən çıxarmağa çalışır. Buna razı olmadığı üçün isə evi zorla sökməyə çalışıblar.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Söküntü mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov isə Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində martın 28-i axşam saatlarında saxlanılıb.
Şahanə Rəhimli
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ