İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət qapısı: PA-nın şöbə müdiri partiya sədrləri ilə nələri müzakirə edir?

 

Bir ay ərzində 17 partiya sədri ilə görüş keçirilib

 

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri  Ədalət Vəliyev müxalifət partiyalarının sədrləri ilə danışıqlara başlayıb. Artıq bir ay ərzində 17 partiya sədri ilə görüş keçirilib.

Məlum olduğu kimi, hakimiyyətin müxalif partiya sədrləri ilə ilk təmasları 2019-cu ildən –sözügedən şöbə yarandıqdan sonra başladı. Qısa müddət ərzində ölkədə yeni siyasi münasibətlər sistemi, siyasətdə isə yeni atmosfer yaradan bu təmaslar illər sonra iqtidar-müxalifət dialoqunun başlanğıcı sayılır.

44 günlük Vətən müharibəsi günlərində isə bu dialoq siyasi həmrəylik mərhələsinə keçərək, siyasi partiyaların ordu və prezident ətrafında birləşməsinə, bununla da milli həmrəyliyin yaranmasına səbəb oldu. Bir fenomen sayılacaq bu cür yekunları daha sonra münasibətlərin daha da istiləşməsi müşayiət etdi. Ən radikal siyasi partiyalardan sayılan HƏP-in qeydə alınması hakimiyyətin yeni münasibətlər sistemində hansı dərəcədə ciddi və ardıcıl olmasını ortaya qoydu.

Təmaslar artıq yeni mərhələyə qədəm qoyub. Üstəlik, siyasi dialoqun yeni mərhələsi ölkədə yeni islahatlar dalğasının başlayacağı barədə iddiaların yayıldığı bir zamana təsadüf edir. Bütün bunlar arasında hansı bağlılıq, hansı üzvü əlaqə var? Hakimiyyət siyasi dialoqu dərinləşdirməklə, təmasları artırmaq və münasibətləri daha da bağlayıcı etməklə hansı məqsədi güdür? Təbii ki, qarşıda ciddi milli maraqlar, yaxud hədəflər olmasa, hakimiyyət ilin-günün bu vaxtında belə bir proses başlatmazdı. Eləsə, nədir o ciddi milli maraqlar? Yenidən hərbi əməliyyatlarmı başlanır? Siyasi həmrəylik və dialoq içində olmaq iqtidara buna görəmi lazımdır? Yoxsa, siyasət dəhlizlərində gəzən dərin islahatlar mövzusu gerçəkdirmi? Hakimiyyət seçki və demokratiya sistemini təkmilləşdirmək və gücləndirmək, yeni standartlara uyğunlaşdırmaq cəhdlərinə startmı verir?

 

Bu günlərdə Ədalət Vəliyevlə görüşən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a həm bu görüşün, həm də bu günədək keçirilmiş bütün görüşlərin, eləcə də bundan sonra baş tutacaq ictimai müzakirələrin əhəmiyyətli olduğunu bildirdi: “Gələcək nəsillər bu görüşlərin faydasını görəcəklər. Ümumiyyətlə, hakimiyyət tərəfindən 2020-ci ilin əvvəllərindən başlamış siyasi partiyalarla dialoq ölkədə yeni siyasi düzən formalaşdırdı. Qeyri-legitim partiyalar legitimləşdi, legitim siyasi partiyaların fəaliyyəti üçün normal şərait yaradılmış oldu. Açığı, siyasi partiyalarla dialoq başlanan zaman belə nəticə gözləmirdim. Siyasi partiyaların 30 il yığılıb qalmış problemləri 2 illik dialoq dövründə həll edildi. Cəmi 2 ilə bunları etmək böyük əzmkarlıq və iradə tələb edir. Hesab edirəm ki, bu gün davam etdirilən dialoq mühiti ölkədə yeni siyasi konfiqurasiyanın daha da dərinləşməsinə, siyasi partiyaları dövlət sisteminin bir parçasına çevirəcək. Hazırda aparılan sağlam müzakirələr, fikir mübadiləsi və dialoq bu prosesin davamıdır. Hesab edirəm ki, dövlət, dövlətin ərazi bütövlüyü məsələsində iqtidar-müxalifət anlayışı olmamalıdır. Hər bir sağlam müxalifət partiyası dövlətçilik, milli maraqlar və dövlətimizin ərazi bütövlüyü məsələsində həmrəy olmalıdır. Hesab edirəm ki, 44 günlük şanlı Vətən savaşından Azərbaycan siyasi partiyaları üzüağ çıxdı. Hamımız iqtidarlı-müxalifətli bir yumruq kimi birləşə bildik. Bu həmrəyliyin, birliyin sonu da zəfərlə nəticələndi. Düşünürəm ki, qarşıdan böyük sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması kimi mühüm işlər var. Bu məsələlərdə də həmrəy olmağı bacarmaq lazımdır. Hesab etmirəm ki, yenidən hərbi əməliyyatlar olacaq. Düşünürəm ki, yürüdülən uğurlu xarici siyasətin nəticəsində problemlər masada həll edilmiş olacaq. Amma təbii ki, bunu pozmağa cəhdlər olacaq. Hər halda, bizlər hər varianta hazır olmalıyıq. Düşünürəm ki, ölkədə yeni siyasi mühit yaranıb, sağlam münasibətlər formalaşıb. Bütün bunların fonunda ölkədə yeni siyasi sistemə keçidin vaxtıdır. Yeni siyasi partiyalar haqqında qanunun qəbulu, konstitusiya islahatları, eyni zamanda Seçki Məcəlləsinə baxmağın zamanı çatıb”.

 

AXP sədri Pənah Hüseyn bildirib ki, müxalifət partiyaları görüşlərdən rəylərini, təkliflərini çatdırmaq üçün istifadə edirlər: “Görüşün vaxtı bəlli olmasa da, mən də öz növbəmdə  Qarabağ məsələsi daxil, mövcud ictimai-siyasi vəziyyət, eləcə də beynəlxalq proseslər haqqında fikirlərimi paylaşacağam. Siyasi partiyalarla dialoq olduğuna görə əlbəttə ki, siyasi məsələlər prioritet təşkil edir. Kommunikasiyanın qurulması münasibətlərin tam yetərli dialoq mərhələsinə keçməsidir. Bu barədə təkliflərimiz var, onları görüşdə bildirəcəm”.

 

AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, dəyişiklikləri dialoq adlandıran da var, yeni siyasi münasibətlər sistemi adlandıranlar da. Lakin necə adlanmasından asılı olmayaraq, bu, yeni təzahürdür: “Ölkə və regionda mövcud olan problemlərin həlli iqtidar və müxalifətin bir masa ətrafında toplanması ilə çözülür. Formalaşan mühiti təqdir edirik. 44 günlük müharibədə qələbənin əldə olunmasında barış mühiti əhəmiyyətli rol oynadı. Bəzi problemlər həllini tapmalıdır: Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları, Ukrayna-Rusiya müharibəsi sözsüz ki, regiona təsir edir, Rusiyanın zəifləməsi fonunda yeni siyasi güclərin meydana gələcəyi istisna olunmur və s. Qardaş Türkiyənin bizimlə birgə addımlaması, söz və güc sahibinə çevrilməsi gələcəkdə baş verəcək proseslərdə əhəmiyyətli rol oynayacaq. Bundan başqa, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində, eləcə də siyasi sistemdə islahatlara ehtiyac var. Biz proseslərə dəstək verməyə hər zaman hazırıq”.

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, hakimiyyət əvvəlki dövrdən fərqli olaraq indi dialoq mühiti yaratmaq və bu mühiti dərinləşdirmək xətti götürüb: “Təbii ki, bu xətt ölkə daxilində siyasi gərginliyin azaldılmasına, tədricən aradan götürülməsinə hesablanıb. 44 günlük Vətən müharibəsində dialoq mühitinin səmərəsini gördük. İndi yeni mərhələ başlayır, bu da nəticədə demokratik seçkilər və siyasi çəkişmələrin parlament müstəvisinə gətirilməsini tələb edir. Ciddi milli maraqlarımız da dialoqun olmasını tələb edir. Yenidən hərbi əməliyyatların, antiterror əməliyyatının keçirilməsi istisna deyil. Biz hazır olmalıyıq. Biz istərdik ki, hakimiyyətin bu cəhdləri həm də demokratik seçkilər və bütövlükdə sistemin demokratikləşməsi üçün olsun. Hakimiyyət ölkəmiz üçün vacib olan bu şansı qaçırmamalıdır”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR