İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət dördayaqlı təhlükəyə qarşı

Kinoloq: “Qısırlaşdırma aparılmasa, bu tədbirlərin effekti olmayacaq ”

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.

Mərkəzin nizamnamə fondu 2 milyon manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.

Nazirlər Kabinetinə mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, strukturunun təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, mərkəzin ləğvi və yenidən təşkili həvalə edilir.

Mərkəzin dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumunun balansında olan dövlət əmlakının mərkəzin balansına verilməsi üçün zəruri tədbirlər görməli, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, dövlət büdcəsindən dövlət sifarişi əsasında ayrılacaq məqsədli vəsaitin ödənilməsi üçün mərkəzlə müqavilə bağlanılmasını təmin etməlidir.

Son aylar sahibsiz itlərlə bağlı hadisələr artıb. Bakının müxtəlif qəsəbə və kəndlərində itlər azyaşlılara və məktəblilərə hücum edərək onlara ağır xəsarətlər yetiriblər. Milli Məclisin son iclaslarından birində Gəncənin deputatı Naqif Həmzəyev təmsil etdiyi şəhərdə 1200-dən çox it dişləmə hadisəsi olduğunu demişdi. Deputat bildirib ki, bu rəqəm sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir: “Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır.

Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problem yaratdığına şəxsən şahidlik etmişəm. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır. Sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır və ya sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır".

Deputat qeyd edib ki, sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır: “Bu sığınacaqlar, heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər. Sahibsiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peyvəndlərin icrası bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər. Sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir və onların fəaliyyətləri əlaqələndirilməlidir”.

Belə görünür ki, hökumət bu problemlə bağlı ciddi hərəkətə keçib. Bəs bu, küçələrdəki ölümcül təhlükəni önləmək üçün kifayətdirmi?

Kinoloq Nicat Əhmədli - 0079671 | Photostock.az

Nicat Əhmədli

Hərbi kinoloq Nicat Əhmədli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Hazırda cəmiyyəti narahat edən əsas məsələlərdən biri itlərin hücumudur. Əslində bu hücumlarda insanların da rolu var, itlərin də rolu var. Amma biz bunu deməkdən yorulduq. Yenə də bir qisim şəxs itlərdə görür günahı. Amma hər halda, günah insanlardadır, çünki şüurlu məxluq olan insandır, it deyil. İt instinktlə hərəkət edir, heyvandır, şüuru yoxdur. Heyvanlara Qayğı Mərkəzi, yəni sahibsiz heyvanlara qayğı mərkəzi. Burada bir çox heyvanlar - pişiklər ola bilər, itlər ola bilər, başqa heyvanlar ola bilər, quşlar ola bilər. Amma bu, məsələnin çıxış yolu deyil. İki milyon manat dövlət büdcəsindən vəsait ayrılıb. Ancaq bu iki milyon manat hansı istiqamətdə xərclənəcək? Bu iki milyon manat heyvanların sağlamlığınamı xərclənəcək? Mən əminəm ki, qısırlaşdırma ilə bağlı tədbirlər çox az görüləcək. Məsələnin həlli üçün dövlət büdcəsindən pul ayrılmalıdır, onsuz da ayrılır. Müvafiq qurumlar, bələdiyyələr tərəfindən avtomobillər ayrılmalıdır. Həmin avtomobillər küçə itlərini götürməlidirlər və onların hamısı qısırlaşdırılmalıdır. Yəni dövlət hər qısırlaşdırılan it üçün klinikalara pul ayırmalıdır.  Əməliyyatlar olunmalıdır və bu mexanizmə nəzarət olmalıdır ki, həqiqətən də itlər qısırlaşdırılır. İtlərin hamısı qısırlaşdırılandan sonra sadəcə vaxt vermək lazımdır. 3 il ərzində pik səviyyədə itlərin sayı azalacaq”.

Ekspert əlavə edib ki, bir çox ölkələrdə təcrübə uğurla tətbiq olunub: “Misal üçün, bu gün Amerikada kiçik itlər yoxdur, yəni  söhbət sahibsiz itlərdən gedir. Avropanın bir çox ölkələrində də yoxdur. Hər kəs rahat şəkildə gəzdirə bilir. Bu istiqamətdə işlər aparılmalıdır. Yoxsa nə qədər vəsait ayrılsa da, mərkəz yaradılsa da, effektiv olmayacaq. Bu mərkəz neçə iti qəbul edə biləcək? Mən özüm Sumqayıt şəhərində yaşayıram, hələ Bakını demirəm. Sumqayıtda olan itlərin 50 faizini bu mərkəzə yığa bilərik? Təbii ki, yox.

Yəni bu mərkəzdə maksimum olsun 300-500 it, bundan artıq  mümkün deyil, çünki bunların yemlənməsi, dərmanları və sairə filan. Ancaq və ancaq büdcədən pullar ayrılmalıdır - baytarlara, xəstəxanalara, özəl klinikalara və orada baytarlar tərəfindən küçə itləri qısırlaşdırılmalıdır, peyvəndləri vurulmalıdır, nişanlar vurulmalıdır ki, bəli, bu it qısırlaşdırılıb. Qısırlaşdırma olarsa, ilk ildən hətta 15-20%-lik nəticə görəcəyik. Rahat 15-20% minimum nəticələrə görə görəcəksiniz ki, artıq say azalır. İtlər birdən 7-12 balalaya bilir. Bu qədər itin qısırlaşdırma ilə artmasının qarşısı yalnız alınır. Ancaq yolu budur. Yoxsa nə qədər pullar ayrılsa da, nə qədər mərkəz açılsa da, sığınacaq tikilsə də, bunların hamısının effektiv olacağına inanmıram".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR