İnsanlara hürriyət, millətlərə istiqlal!

“Höcətin yola gətirilməsi”- Qarabağ ermənilərinin masaya oturdulmasının bir adı da belə ola bilər

Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxs təyin edilməsi və müvafiq görüşlərə qatılmasının sensasiya kimi təqdimatı təbiidir, anlaşılandır.

Axırıncı dəfə bu cür görüşlər sovet dövründə olub. O da elə olub ki, bu ölkədə onu xatırlamaq belə istəmirlər. 1988-89-cu illərdə azərbaycanlı səlahiyyətli şəxslər Xankəndidə rəhbər vəzifəli ermənilərlə, deputatlarla görüşlər keçirərək onları separatçılıq mövqeyindən daşındırmağa çalışır, yalvar-yaxar edirdilər. Onlar ermənilərə çoxsaylı vədlər versələr də, o zaman separatçılarla anlaşmaq, onları yola gətirmək mümkün olmamışdı. Hətta bir çox hallarda onlar qudurğanlıq edərək Azərbaycandan gedən məsul şəxsləri hədələmiş, qovmuş, bəzilərini isə girov götürmüşdülər.

İndi bildiyiniz kimi, vəziyyət çox dəyişib. Artıq ermənilərin azərbaycanlı məsul şəxslərlə ötkəm və qaba danışmaq, onların qarşısında atılıb-düşmək imkanları yoxdur.

İndi üstün, şərtləri diktə edən tərəf Azərbaycandır və onu təmsil edən şəxsə qarşı hər hansı bir hörmətsizlik erməni tərəfi üçün ağır nəticələr verə bilər. Hamı bu gerçəkliyi anlayır, hesablaşır.

7766.jpg (45 KB)

Ramin Məmmədovun rəhbərlik etdiyi xüsusi nümayəndəliyin ermənilərlə keçirdiyi görüşün, eləcə də bundan sonra olacaq təmasların 28 il öncədən bəri ermənilərin “Bakıyla danışıqlar” kimi arzularına aidiyyatı yoxdur. 2020-ci ilin sentyabrına qədər Qarabağdakı erməni separatçılar da, onların İrəvandakı böyükləri də, xarici ölkələrdəki havadarları da tez-tez “rəsmi Bakının “DQR”-lə danışıqlar masasına oturmalı olduğu”nu bildirirdilər və Azərbaycan hökuməti bu formatda danışıqdan imtina edirdi. Çünki “DQR” müstəqil, hansısa həlledici qərar verəcək durumda, statusda, imkanda deyildi. Belə olandan sonra Bakı əsas münaqişə tərəfi olan İrəvanı qoyub, Xankəndidən gələn “paltotutan”larla hansı danışıqlar apara bilərdi?

Hazırda isə Ermənistan rəhbərliyi Qarabağ üzrə danışıqlarda söz demək, qərar vermək imkanını xeyli dərəcədə itirib. Elə Xankəndidəki qondarma qurum da bölgə xalqının taleyinin həll edilməsi yolunda üstün mövqelərindən geri durub. Ona görə də Qarabağda yaşayan erməni icması ilə birbaşa danışıqlara getmək, onlara ən optimal xilas yolları təklif etmək zərurəti yaranıb.

İndi ermənilərə yalvarıb-yaxaran, “gəlin dinc, yanaşı yaşayaq, müharibə etməyək” deyən olmayacaq. Onlar fakt, güc və seçim qarşısındadırlar. Ermənilər özləri də anlayırlar ki, onlar üçün yaranmış əlverişsiz situasiyada uzun müddət yaşaya bilməzlər, ya Azərbaycanın Xankəndi və ətraf ərazilər üzərindəki yurisdiksiyasının bərpa olunması prosesində könüllü iştirak edəcəklər, ya da yeni bir hərbi münaqişə məsələni kökündən həll edəcək.

Ramin Məmmədovun rəhbərlik etdiyi qrup Qarabağ ermənilərinə bunu başa salmağa çalışacaq.

Bu, çoxdan bəlli bir faktdır: istənilən müharibə və ya lokal hərbi münaqişə axırda danışıqlar masası arxasında başa çatır. Həmin masada kapitulyasiya aktı da imzalana bilər, tərəflərin qarşılıqlı güzəştləri əsasında hazırlanan optimal sənəd də. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Ermənistanla Azərbaycan arasında kapitulyasiya aktı imzalanıb. Ermənistan tərəfi daha müharibə aparmaq gücündə olmadığını etiraf edərək əlinin arxasını yerə qoyub və Qarabağda yaşayan ermənilərin gələcək taleyini rusiyalı sülhməramlıların himayəsinə, Azərbaycan dövlətinin mərhəmətinə buraxıb.

O zaman erməni siyasətçilər bəlkə də güman edirdilər ki, siyasi ehtiraslar və hərbi eskalasiya bir qədər səngiyəndən sonra toparlanacaq və yenidən Azərbaycanla ağac-ağaca dura biləcəklər. Amma 2020-ci ilin noyabrından ta bu günə qədər ötən müddətdə Azərbaycan dövləti Qarabağ münaqişəsini həll etmək üçün hansı qətiyyətdə və əzmdə olduğunu dəfələrlə göstərdi və ermənilərin “bir küləkdi, əsdi, keçdi, qaldıımız yerdən davam edəcəyik” kimi sərsəm xəyallara qapılmasına əl yeri qoymadı.

İndi Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərlə danışıqlar aparılacaq və onların gələcək vətəndaşlıqları və taleləri müəyyən olunacaq.

Ona görə də ola bilər, bəzi şəkkak şərhçilər “ay aman, Bakı Xankəndi ilə danışıqlara getdi” deyə haray-həşir qoparsınlar, amma bu stəkanda fırtına yaratmaq cəhdindən başqa bir şey olmayacaq. Heç kəs Qarabağ ermənilərinə xüsusi bir status vermək fikrində deyil, ermənilər Bakıya birbaşa tabe olan rayonların sakinləri olacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR