Onlayn ictimai-siyasi qəzet
“Hizbullah” hərəkatı öz döyüşçülərinin silahsızlaşdırılması məsələsini yalnız İsrailin müəyyən şərtləri yerinə yetirməsi və hücumlardan zərər çəkmiş bölgələrin bərpası fonunda müzakirə etməyə hazır olduğunu bəyan edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Livan parlamentində “Müqavimətə sədaqət” fraksiyasının deputatı Həsən Fadlallah açıqlama verib.
“İlk növbədə, son günlər şahidi olduğumuz İsrailin Livana hücumları dərhal dayandırılmalıdır. İkincisi, işğala son qoyulmalı və İsrail qoşunları Livan ərazisindən çıxarılmalıdır. Üçüncüsü, düşmən tərəfindən əsir götürülmüş bütün döyüşçülərimiz azad olunmalıdır”, – deyə siyasətçi “Asharq al-Awsat” qəzetinə bildirib.
Deputat dördüncü şərtin hərbi əməliyyatlar zamanı maddi ziyan dəymiş yaşayış məntəqələrinin bərpası olduğunu bildirib.
“Təcavüz zamanı dağıdılmış və zədələnmiş bütün evlər bərpa olunmalıdır. Bu şərtlər yerinə yetirildikdən sonra Livanın müdafiə doktrinasının müzakirəsinə başlaya bilərik”, – deyə o vurğulayıb.
Aprelin 20-də Livan prezidenti, general Cozef Aun Pasxa bayramı münasibətilə xalqa müraciətində “Hizbullah”ın silahsızlaşdırılması məsələsində tələskənlik etməyəcəyini və bu məsələdə təzyiqlərə yol vermək niyyətində olmadığını bildirib.
“Bu məsələni müdafiə doktrinası çərçivəsində dialoq yolu ilə həll edəcəyik, lakin uyğun şəraitin yetişməsini gözləməli olacağıq. Hazırda bu prosesin nə vaxt baş tutacağı və ya hər hansı təzyiq barədə danışmaq mümkün deyil”, – deyə Aun vurğulayıb.
Prezident əlavə edib ki, “ölkədaxili məsələlərə məsuliyyətli və düşünülmüş şəkildə yanaşmaq lazımdır ki, Livanı uçuruma aparmasın”.
Aprelin 18-də “Hizbullah”ın baş katibi Naim Qasım isə xəbərdarlıq edərək bildirib ki, hərəkatın silahlı dəstələrinin güc yolu ilə tərksilah edilməsinə imkan verilməyəcək. Onun sözlərinə görə, Livan ordusu ilə müqavimət dəstələri arasında qarşıdurma baş verməyəcək.
İqbal RZAYEV,
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ