Onlayn ictimai-siyasi qəzet
Hitlerin stavkasında əsirlərin yerləşdirilməsi və saxlanılması növbəti dəfə müzakirə ediləndə fürer xəritənin qarşısına keçərək barmağı ilə Riqa şəhərini göstərib:
- Növbəti əsir düşərgəsi bu ərazidə salınacaq, Vermaxt qoşunlarının nəzarətində olan Latviyada. Konkret olaraq ərazi Riqa şəhəri yaxınlığında seçilməlidir.
Beləliklə, fürerin əmrinə əsasən 1941-ci ildə nasist Almaniyası tərəfindən işğal olunmuş Latviyada, Riqa şəhərindən 18 kilometr aralıda, 19 hektara yaxın ərazidə yeni düşərgə salınıb. Düşərgədə ilk vaxtlar yəhudilər, daha sonra isə hərbi əsirlər, qadınlar və uşaqlar saxlanılıb.
Faşist rejiminin bütün mümkün qəddarlıqları bu düşərgədə tətbiq olunub. Normal insan düşüncəsinə sığışmayan işgəncələr məhz bu düşərgədə “kəşf” edilib. Digər düşərgələrdən fərqli olaraq bu düşərgədə azyaşlı uşaqlara daha qəddar münasibət göstərilib.
Hələ 1941-ci ilin oktyabr ayında bura gətirilən hərbi əsirlər hava şəraitindən, fəsillərdən asılı olmayaraq, açıq havada saxlanılıblar. Soyuqdan qorunmaq üçün məcburiyyət qarşısında qalan əsirlər heç bir alət olmadan özlərinə qəbir formasında sığınacaq düzəldiblər.
Riqa düşərgəsini təsadüfi olaraq “ölüm düşərgəsi” adlandırmayıblar. Bu məkanda olan dözülməz daxili rejim qaydalarına tab gətirmək, verilən işgəncələrə dözmək mümkünsüz sayılıb.
Küt alətlərlə ölüm həddinə çatana qədər döyülmə, aclıq nəticəsində ən adi xəstəliklərdən ölüm halları, bir qadının gün ərzində dəfələrlə zorlanması, xüsusi qaz kameralarında saxlanılma, istənilən vaxt heç bir səbəb olmadan güllələnmə, saxlanılan uşaqlardan ölüm vəziyyətinə düşənə qədər qanın alınması, diri-diri torpağa basdırılma, saxlanılanların üstünə bir neçə quduz itin buraxılması, işgəncə metodu kimi əl və ayaq barmaqlarının kəsilməsi, işə yararsız olanlara zəhərli məhlulların məcburi qəbul etdirilməsi və s. düşərgədə adi hala çevrilən ölüm səbəbləri olub.
Düşərgədə ən dəhşətli faktlar uşaqlarla bağlıdır. Fəaliyyət göstərdiyi 1941-1944-cü illərdə düşərgədən 12 min uşaq keçib. Onlardan 7 mini həlak olub. Təkcə 1942-1943-cü illərdə düşərgədə saxlanılan uşaqlardan Vermaxt əsgər və zabitləri üçün 3500 litr qan alınıb.
Uşaqlardan təkcə qan alınmaq üçün istifadə edilməyib. Onların üzərində tibbi-bioloji sınaqlar da aparılıb. Düşərgədə ölən 7 min uşaqdan yalnız 623 nəfəri düşərgənin arxa hissəsində torpağa basdırılıb, qalanları isə yandırılıb.
Dəhşətli faktlardan biri odur ki, düşərgədə uşaqlara anaları ilə görüşmək qəti şəkildə qadağan edilib. Bu qadağaya etiraz edənləri isə daha ağır cəza gözləyib. Belə ki, analarının gözü qarşısında uşaqlara ölümcül hala düşənə qədər işgəncələr verilib.
“İslah əmək düşərgəsi” adı altında təqdim olunan düşərgədə almanlar işgəncə hallarını, dözülməz şəraiti, ölüm faktlarını gizlətmək üçün düşərgəyə kənar şəxslərin giriş-çıxışına məhdudiyyət qoyublar. Hətta bəzi yüksəkçinli almanlar da düşərgənin ərazisinə buraxılmayıb. Yalnız Almaniya daxili və xarici təhlükəsizlik baş idarəsinin rəhbərliyinin xüsusi buraxılışı ilə düşərgəyə girmək mümkün olub.
Düşərgədə saxlanılanların ərzaq təminatı gün ərzində 80 qram çörəkdən və tərəvəz tullantılarından hazırlanmış şorbadan ibarət olub. Sanitar-gigiyenik vəziyyətin sıfır dərəcəsində olması isə il ərzində infeksion xəstəliklərin yayılmasına səbəb olub ki, bu da kütləvi ölüm halları ilə nəticələnib. Saxlanılanlara ayda iki dəfə soyuq su ilə çimməyə icazə verilib.
Qorxu içində yaşayan əsirlər nəzarətçilərdən daha çox ağ xalatlı həkimlərdən qorxublar. Onların tez-tez düşərgəyə “təşrif” buyurması qan almaq məqsədi daşıyıb. Buna görə də düşərgə çox vaxt “qan bankı” adlandırılıb.
1944-cü ildə sovet qoşunları Latviyanı faşist işğalından azad edəndə son məqamda düşərgənin komendantı Rixard Nikels düşərgədəki bütün barakların, yardımçı otaqların və inzibati binanın yandırılması əmrini verib. O, bu əmri ilə alman faşizminin törətdiyi cinayət və vəhşiliklərin izini itirmək məqsədi güdüb.
4 ilə yaxın bir müddətdə Riqa düşərgəsində 100 mindən artıq insan həlak olub. 1967-ci ildə düşərgənin ərazisində Avropada ən böyük xatirə komplekslərindən biri sayılan memorial kompleks abidəsi yaradılıb.
İlham Cəmiloğlu,
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ