Onlayn ictimai-siyasi qəzet
Putinin hədəfində hansı dəhlizin işğalı dayanır?
Çox da populyar olmayan bir lətifə var. Hitler dostu Mussolinini kabinetində qəbul edir. Birdən qapı açılır, Ştirlits heç kimə əhəmiyyət vermədən içəri girir, seyfin yanına gedir, açarı ilə seyfi açır və sənədləri yerə ataraq araşdırmağa başlayır.
“Bu kimdir?” – Duçe təəccüblə soruşur.
Fürer laqeyd tonda: “Rus kəşfiyyatçısı Maksim İsayevdi. Bizdə Ştirlits kimi gedir”.
Mussolini: “Bəs niyə onu həbs etmirsiniz?”
Hitler əlini yelləyib: “Əşi.., onsuz da yenə qurtulacaq”.
ABŞ prezidenti Donald Tramp ikinci dəfə prezident seçilməzdən əvvəl də onun sovet KQB-sinin agenti olması haqqında arabir fikirlər yayılırdı.
İndiki dövr prezidentlik səlahiyyətlərinə başlayandan sonra Tramp rusiyayönümlü, putinyönümlü elə siyasət yürütməyə başladı ki, artıq iki keçmiş KQB generalı Trampın 1987-ci ildə sovet KQB-si tərəfindən “Krasnov” ləqəbi ilə “xüsusi qiymətli agent” kimi məxfi əməkdaşlığa cəlb edildiyini iddia edən açıqlamalar veriblər. Amma, Hitlerin sözü olmasın, bu iddiaları sübut etmək mümkün olmayacaq. Sübut olunan isə 70 ildən çox müddətdə Sovet İttifaqının və Rusiyanın siyasətində dayanan Şimali Atlantika blokunun parçalanması, ABŞ və Avropa İttifaqı arasına nifaq salınması kimi bir nömrəli vəzifənin Donald Tramp tərəfindən 70 günün içərisində reallaşdırılmasıdır. Xüsusilə, Ukrayna müharibəsinə münasibətdə Tramp Rusiya üçün elə bir stimulverici siyasət apardı və aparır ki, iqtisadi və hərbi baxımdan boğulan, Kurskun böyük bir hissəsini itirən, dilə gətirməsə də, əl-altdan sülhə can atan Rusiya, indi heç Trampın özünü də vecinə almır. Bu səbəbdən artıq bəşəriyyət də köhnə dünya düzənin pozulduğunu, amma yenisinin də tezliklə yaranmasını gözləmir. Bütün baş verənlər Putin üçün əla xəbərlərdir. “Biz Avro-Atlantik təhlükəsizlik sisteminin dağılmasının şahidi oluruq”, - deyən Rusiya prezidenti nəinki Ukrayna üzərində, bütövlükdə NATO və Avropa İttifaqı üzərində də qalib gəldiyini nümayiş etdirən bir görkəm alıb.
Eyni zamanda, mövcud reallıq bəşəriyyətin bir neçə ildir yaşadığı keçid dövrünün hələ uzun müddət davam edəcəyinə zəmin yaratdığını göstərir. SSRİ dağılandan sonra postsovet məkanına daxil olan respublikaların ictimai-siyasi həyatında baş verən hadisələri və prosesləri təhlil edənlər tez-tez “keçid dövrü” yaşandığını vurğulayırdılar. İndi isə ayrı-ayrı ölkələr deyil, düzəni pozulmuş dünya üç ildən çoxdur ki, keçid dövrünü yaşayır və bu dövrün nə vaxt bitəcəyi yaxın illərə görsənmir. Köhnə düzəni saxlamaq mümkün deyil, təzəsi də görünmür və çox ehtimal ki, keçid dövrü uzanacaq, nəticədə dünya siyasətində hələ daha çox xaosa şahidlik edəcəyik. Keçid dövründə yaşamaq isə çətin olmağı ilə bərabər, insanlarda ümidsizlik yaradır, sabaha inam qalmır. İstənilən cəmiyyət üçün ən böyük bəla ümidsizlikdir. Ümidsizlik bir ölkənin deyil, bütün dünyanın başı üstünü alarsa, bəşəriyyət uzun müddət özünə gələ bilmir.
Dünyanın gözü qarşısında bu mənzərənin yaranmasının birbaşa baiskarı Rusiya imperiyası, onun lideri Vladimir Putin olmaqla yanaşı, eyni zamanda bu gün ona dəstək verən ABŞ prezidenti Donald Trampın apardığı siyasətdir. Son günlərin xəbərlərlərlə tanış olanda diqqəti ilk növbədə Ukraynaya qarşı Rusiyanın daha sərt, daha dağıdıcı hücumları ilə bərabər, Şərqi Avropa ölkələrinin, xüsusilə Baltikyanı respublikaların, Polşanın rəsmiləri tərəfindən ölkələrinin Rusiyanın növbəti hücum hədəfində olduqları barədə həyəcan təbili çalmalarıdır.
Postsovet və postsosialist dövlətlər yenidən şimal ayısının pəncəsi altına düşməyin təhlükəsini dilə gətirirlər və buna ciddi əsaslar var. Kreml sahibinin NATO-ya hücum etmək üçün qüvvələri səfərbər etdiyinə dair informasiyalar dayanmadan yayılır. Putin anlayır ki, vaxt onun tərəfində deyil və o, gözləməyə və Avropaya müdafiə istehsal potensialını artırmaq üçün kifayət qədər vaxt verməyə həvəsli deyil. Putinin həmişə rəqiblərinin hər hansı zəif tərəfini axtaran reputasiyası var. Rusiya diktatoru indi NATO-nun zəifliyini və Avropadakı hazırkı vəziyyətin bir fürsət pəncərəsi olduğunu görür. Onun ilk addımı Kalininqradla Belarusu birləşdirən Suvalsk dəhlizini ələ keçirmək olacaq. 2014-də Krımı hansı bəhanə ilə işğal etmişdisə, eyni metodla da bu işğalı əsaslandıracaq.
Rusiya televiziyaları, bütün təbliğat vasitələri, siyasi şərhçilər isə bu durumdan xüsusi məmnunluq ifadə edir, bəşəriyyətin onlardan qorxduğu ilə fəxr edirlər. Rusiyanın simasında dünyanın qorxu, təhlükə görməsindən utanmaq, çəkinmək əvəzinə, ölkələrinin mahiyyətini, imicini dəyişmək üçün mübarizə aparmaqdansa, iblisanə qəhqəhə çəkib bu işdən ləzzət aldıqlarını çəkinmədən təbliğ edirlər. Təəssüf ki, bu şər təfəkkürünün qol-qanad açmasında ağlında yalnız biznes, pul qazanmaq, Qrenlandiyanı, Panama kanalını, Kanadanı ələ keçirməyi planlaşdıran ABŞ prezidenti Donald Tramp siyasəti də dayanır. Ona görə təəssüflər ki, İkinci Dünya müharibəsindən sonra, 80 il ərzində işğalçı hərəkətlərin qarşısını almaqda müəyyən dərəcədə çəkindirici rol oynayan Birləşmiş Ştatlar, vaxtilə Ronald Reyqanın adlandırdığı “şər imperiyasının” səfində yer tutub. Ümidsizlik yaradan da məhz budur.
Zelenskinin “Putin öləcək və hər şeyə son qoyulacaq” deyimi son günlər geniş tirajlanır. Putinə baxanda hələ ölməkdən uzaq biri olduğu görünür və bu “görünüşə” ümid az olsa da, üç il yarımdan sonra Trampın prezident olmayacağı qətidir, hətta 2026-da impiçment olacağına da ümid edənlər var. Və yəqin ki, amerikalılar bir daha səhv edib Trampdan da pis olan vitse prezident Vensi dövlət başçısı seçməzlər, arxasında İlon Mask dayansa da.
P.S. Trampın agent olub-olmaması barədə düşünəndə Minskdə oxuduğum vaxt bizə nümayiş etdirilən bir ingilis filmi yadıma düşdü. Film dünya xüsusi xidmət orqanlarının ən gözlənilməz, ağıla gəlməyən məşhur insanların necə cəlb edilməsi haqqında idi. Filmin tam sonunda belə bir fikir səsləndi: ”Dünya gözlənilməz agentlərlə zəngindir. Bəlkə yanınızda oturub filmi seyr edən də agentdir?” və o an da salonda işıqlar yandı. İstər-istəməz hamı yanında oturana müəamma ilə baxmağa başladı.
Odur ki, çox da şübhəli qalmayın.
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ