İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Pakistanla su müqaviləsinin bərpasından imtina etdi – İslamabaddan sərt xəbərdarlıq

Hindistan hakimiyyəti İslamabadla əldə olunan və atəşkəsin müddətinin mayın 18-nə qədər uzadılmasını nəzərdə tutan razılaşmaya baxmayaraq, Pakistanla imzalanmış Hind Suları Müqaviləsinin icrasına qayıtmayacağını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar açıqlayıb.

Hindistanlı nazir Pakistanı ölkə sərhədlərində terrorizm təhlükəsi yaratmaqda ittiham edərək, bu təhlükə tam aradan qaldırılanadək Pakistana su verilişini bərpa etməyəcəklərini bildirib. Cayşankar "Hindustan Times"a vurğulayıb ki, Kəşmir bölgəsi ilə əlaqədar Dehli İslamabadla yalnız “Kəşmirin Pakistan tərəfindən işğal olunmuş hissəsində qeyri-qanuni işğal olunmuş Hindistan ərazilərinin azad edilməsini” müzakirə etməyə hazırdır.

Nazir qeyd edib ki, Hindistanın Pakistanla münasibətləri və onunla mümkün razılaşmalar "yalnız ikitərəfli xarakter daşıyacaq".

"Hindustan Times" qeyd edir ki, Cayşankarın bu açıqlaması ABŞ prezidenti Donald Trampın Kəşmir məsələsində iki ölkə arasında vasitəçilik etmək təklifinə cavabdır.

Qeyd edək ki, 1960-cı ildə bağlanmış müqavilə, hər iki ölkənin Hind çayından və mənbələri Hindistanda olan bir sıra digər çaylardan su istifadəsini tənzimləyir. 2025-ci ilin aprelində Pakistanı heç bir sübut təqdim etmədən öz ərazisindəki terrorda suçlayan Hindistan müqavilədə iştirakını dayandırıb və bəzi çay bəndlərindəki daşqın qapaqlarını bağlayıb. İslamabad belə hərəkətlərin Pakistan ərazisində quraqlığa səbəb ola biləcəyindən ehtiyat edir.

Öz növbəsində, Pakistanın baş naziri Şahbaz Şərif Hind Suları Müqaviləsini dayandıran Hindistana Pakistan ərazisinə su gətirən çayların axınının qarşısını almaq cəhdləri ilə bağlı sərt xəbərdarlıq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR