Onlayn ictimai-siyasi qəzet
Hindistan dövlətin strateji neft ehtiyatları üçün Şərqi Asiyada anbar icarəyə götürməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı yerli biznes nəşri "Mint" mənbələrə istinadən yayıb.
Məlumatda qeyd olunur ki, dövlətə məxsus "Indian Strategic Petroleum Reserves Ltd" (ISPRL) strateji ehtiyat neft saxlamaq üçün Şərqi Asiyada anbarları icarəyə götürməyi planlaşdırır.
Anbarların Sinqapur, Yaponiya və Cənubi Koreyada kirayələnməsi nəzərdə tutulur. Onların strateji, maddi-texniki və iqtisadi uyğunluğu qiymətləndirilir.
Mənbələrdən biri bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində anbar ehtiyatını araşdırmaq da məqsədəuyğun olardı:
"Bu addım Hindistana ölkənin xalis idxalının ən azı 90 gününə bərabər neft ehtiyatlarının səviyyəsini təmin etmək üçün BEA meyarlarına nail olmağa kömək edəcək".
Qəzet qeyd edir ki, Nyu-Dehli neft ehtiyatlarını başqa ölkələrdə saxlamaq imkanını ilk dəfə nəzərdən keçirmir. 2020-ci ildə Hindistan və ABŞ strateji neft ehtiyatlarının istismarı və saxlanması, o cümlədən məlumat mübadiləsi üzrə anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar.
Bundan əvvəl məlumat verilmişdi ki, ölkə hakimiyyəti Norveçin "Equinor" neft-qaz şirkətinin strateji neft ehtiyatının formalaşdırılması layihəsində iştirakı ilə bağlı danışıqlar aparır.
Hazırda Hindistanın 5,3 milyon ton neft saxlama gücü var. Anbarlar Visakhapatnamda (1,33 milyon ton), Manqalorda (1,5 milyon ton) və Padurda (2,5 milyon ton) yerləşir. Çandixole şəhərində, Odişa və Karnataka ştatlarında daha 6,5 milyon tonluq anbarlar tikilir.
2023-cü ildə ölkə 235,839 milyon ton neft idxal edib ki, bu da bir il əvvəlkindən 4,5 faiz çoxdur. Xammal Rusiyadan 82,207 milyon ton (artım 2,6 dəfə), İraqdan 48,83 milyon ton ( azalma 7 faiz), Səudiyyə Ərəbistanından 35,217 milyon ton (azalma 12,4 faiz) təşkil edib.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ