İnsanlara hürriyət, millətlərə istiqlal!

Hicab patrulunun bərpası Tehrana nə vəd edir? – Rejim yeni iğtişaşlardan qorxur

İran hakimiyyəti ötən il 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan genişmiqyaslı etiraz aksiyalarının təkrarlanmasından qorxur. Rəsmilər ciddi şəkildə inanırlar ki, sentyabrda, hökumət əleyhinə etirazların başlamasının ildönümündə müxalif qüvvələr yenidən küçələrə qayıdacaq və bu, yeni etiraz dalğasının kükrəməsinə səbəb olacaq.

Bu vəziyyət İslam Respublikası rəhbərliyinin qarşısında hətta kiçik müqavimət hücrələrini nəzarətə almaq vəzifəsini aktual edir.

Hökumət əleyhinə çıxışların təkrarlana biləcəyindən narahatlığını ali dini lider Əli Xamneyinin ali təhsil müəssisələrindəki nümayəndəsi Mostafa Rostami də dilə gətirib. Tehranda ictimai tədbirdə çıxış edən Rostami islam respublikasına müxalif qüvvələrin təslim olmadıqlarını və indi universitetləri “yeni iğtişaşların” başlamalı olduğu əsas yer hesab etdiklərini deyib. Ötən il örpəyinin bir neçə santimetr o yan-bu yan olmasına görə öldürülən Məhsa Amininin ölümü ilə bağlı küçə aksiyalarına toxunan Mostafa Rostami deyib: “Düşmənlərin keçən il İrana qarşı tarixin ən mürəkkəb hibrid müharibəsini başlatdıqlarını söyləmək mübaliğə olmaz. Onlar keçənilki iğtişaşların ildönümündə bir şey edə bilməsələr, tamamilə əzilmiş olacaqlar".

Iranda-əxlaq-polisi-baglandi-Məhsa-Eminin-olumundən-sonra-olkədə-kucələr.jpg (46 KB)

Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) siyasi məsələlər üzrə komandirinin müavini, briqada generalı Yadollah Cavani də İrandakı ali təhsil müəssisələrinin hökumət əleyhinə aksiyalar üçün start meydançasına çevrilə biləcəyi ilə bağlı qorxularını təsdiqləyən bəyanatla çıxış edib. O, yanğınlarla, din xadimlərinin daş-qalaq edilməsiylə, hökumətin cəza dəstələrinin üzvlərinin bəzi yerlərdə təklənərək öldürülməsi ilə müşayiət olynan etiraz aksiyalarına görə xarici qüvvələri günahlandırıb. Müxalifətə qarşı sərt çağırışları ilə tanınan hərbi lider universitetlərə nəzarətin gücləndirilməsinin yeni etiraz dalğasının qarşısını almağa kömək edəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu, gələn ilin martına təyin olunan parlament seçkilərinə qədər davam etməlidir.

Əslində İran rəsmiləri ötən il İranda başlayan və bir neçə ay ərzində şiddətlə davam edən, bəzi zaman kəsiyində idarəolunmaz, ramedilməz xarakter alan iğtişaşlarda “xarici qüvvələrin rolu”ndan ona görə çox danışırlar ki, həm özlərindən “xarici düşmən” uyduraraq xalqın nifrətini məchul qüvvələrə yönəltmək istəyirlər, həm də ölkə daxilində etirazlara səbəb ola biləcək problemlərin mövcudluğunu inkar edirlər.

Yəni İranda güllük-gülüstanlıqdır, heç bir problem yoxdur, mənfur xarici qüvvələr ortalığı qarışdırırlar.

64b3efd507a6764b3efd507a68168951394164b3efd507a6564b3efd507a66.jpg (182 KB)

Bəs bu qüvvələr kimdir? İran rəsmiləri üçün bu, 44 ildir dətişmir: ABŞ, İsrail, Qərb dövlətləri... Rəsmi təbliğat belədir ki, o dövlətlər İranın mövcudluğunu, qüdrətlənməsini istəmirlər, hər dəqiqə ona qarşı nəsə bir təxribat törətməyi düşünürlər.

Əslində belə bir hal var. Adı çəkilən dövlətlər doğrudan da çoxdan İranla düşmənçilik ovqatına kökləniblər. Onlar da İrandan eyni üzü görürlər, yəni İran da bu dövlətlərin bir an öncə dağılmasını, süqut etməsini istəyir və əlində bunu gerçəkləşdirmək üçün imkan olsa, tərəddüd etməz.

Ancaq ötənilki iğtişaşlar spontan şəkildə, özbaşınalıq edən bir neçə əxlaq polisinin gənc bir qızı, demək olar ki, heç nə üstündə öldürməsindən, üstəlik, canilərin dövlət səviyyəsində müdafiə olunmasından sonra başlamışdı. Buna ABŞ nə etsin, İsrail nə etsin?

İğtişaşların o şəkildə tüğyan etməsi isə göstərdi ki, ölkənin hər yanı “benzin gölməçələri” ilə doluymuş. Bir qığılcım kifayət etdi ki, İranın dörd bir yanında, sözün birbaşa mənasında yanğın başlasın.

 1133092.jpg (37 KB)

İnsan azadlıqları və qadın haqları ilə problemin mövcudluğunu qəbul etməyən İran rəhbərliyi ötənilki yanlış siyasətinin acınacaqlı nəticələrindən dərs çıxarmaq əvəzinə iyulun 16-dan hicab məsələsinə yenidən qayıdıb, başörtüsü qaydalarına riayət olunmasına nəzarət etməli olan piyada və avtomobil patrullarının xidmətini bərpa edib. Artıq bəzi ali təhsil müəssisələrinin hicaba laqeyd yanaşan qız tələbələri təhsil ocaqlarına daxil olarkən kütləvi şəkildə dayandırılıb. Əlliyə yaxın tələbə sanksiyalara məruz qalıb.

Bu, keçənilki “üsyançılar”ı təxribata çəkmək cəhdinə oxşayır. Rejim sübut etmək istəyir ki, öz mövqeyindən bir santimetr də geriyə çəkilməyib və onun üstünə gələnlər cavablarını alacaqlar.

Lakin kütləvi aksiyaların yeni güclə alovlanacağına dair qorxu da var. Tehrana müxalif telekanallar öz mənbələrinə istinadən bildirirlər ki, İranın Ali Milli Təhlükəsizlik Şurası artıq yerli universitetlərə tələbə və müəllimlərə nəzarət etmək üçün fövqəladə səlahiyyətlər verib. Üstəlik, tələbələrə dəstək olmaq qərarına gələn professor-müəllim heyətinin nümayəndələrinin də repressiyaya məruz qaldığına dair sübutlar var.

Polisin verdiyi məlumata görə, əxlaq polisi patrullarının bərpası təşəbbüsü ayrı-ayrı vətəndaşların və ictimai təşkilatların müraciəti əsasında irəli sürülüb. İdeya prezident İbrahim Rəisi və ədliyyə orqanları tərəfindən bəyənilib. Faktiki olaraq, bu tədbirlər etirazdan əvvəlki reallığa geri dönüşdür.

geridon.jpg (390 KB)

Son bir ildə baş verən hadisələr protest elektoratı xeyli təşkilatlandırıb və onların qətiyyətini artırıb, hakimiyyətin nüfuzunu azaldıb, ancaq bu, hələ müxaliflərə seçkidə uğur qazanmaq şansı vermir. Hökumət əleyhinə hərəkatın öz problemləri var. Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun (WINEP) hesabatında bildirilir ki, indi İran müxalifətinin kifayət qədər lideri var, amma hələlik heç kim siyasi qruplar və fraksiyalar arasında koordinasiya qura bilməz. Qeyd olunur ki, İranda siyasi hərəkata başçılıq edəcək rəhbərliyi formalaşdırmaq üçün demokratiyaya keçidə nail olmağa ümid edən partiyaların və şəxslərin əksəriyyəti kollektiv razılaşmaya gəlməlidir”.

Tədqiqatçılar qeyd edirlər ki, artıq çox yaşlanmış ali lider Əli Xamneyinin hakimiyyətdən gedişi və hakimiyyətin tranziti prosesi ölkənin ali rəhbərliyi daxilində yeni fikir ayrılıqları yarada bilər və bu, yəqin ki, elə də olacaq. WINEP ekspertləri belə qənaətə gəliblər: “Bu baxımdan rejim daha çevik olar, status-kvonu saxlamaq və müxalifət qruplarını bir-birinə qarşı qoymaq üçün öz sıralarına müxalifətin daha mötədil fraksiyalarını cəlb edə bilər”.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR