Onlayn ictimai-siyasi qəzet
Milli Məclisdə keçirilən xüsusi iclasın gedişində “Heydər Əliyev və Azərbaycan parlamenti” 3 cildən ibarət kitab da təqdim olunub.
Spiker Sahibə Qafarova iclasdakı çıxışında kitabın ərsəyə gəlməsində iştirak etmiş şəxlərə adbaad təşəkkür edib. Qeyd edib ki, kitab Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibəti ilə nəşr olunub.
Kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarova, tərtibçi redaktoru parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur. Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub. Bu stenoqramlar 30 ildə ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim olunur. Kitabda Ulu Öndərin müstəqilliyimiz, demokratiya, parlament mədəniyyəti və parlament diplomatiyası, ordu quruculuğu, neft strategiyası ilə bağlı çox dəyərli fikirləri və separatizmə qarşı mübarizəsi öz əksini tapıb. Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı parlament tribunasından səsləndirdiyi konseptual xarakterli fikirlər də əks olunub.
Nəşr olunmuş kitabın annotasiyasında qeyd olunub ki, bu kitab Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunub. Üç cilddən ibarət kitabın I cildində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı, H.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı və Ulu Öndərin Azərbaycan Respublikasının Ali Sovetinə sədrlik etdiyi dövrdə parlamentin 1993-cü il 15 iyun – 16 iyul tarixlərindəki iclaslarının stenoqramları dərc olunub.
II cildə ölkə parlamentinin 1993-cü il 27 iyul – 17 avqust, III cildə isə həmin il 1-29 sentyabr tarixlərində keçirilmiş iclaslarının stenoqramları daxil edilib. İlk dəfə geniş ictimaiyyətə təqdim olunan bu stenoqramlar müstəqilliyimizin ilk illərində xalqımızın mürəkkəb tarixi-siyasi proseslərlə, dövlətçiliyimiz üçün obyektiv və subyektiv səbəblərdən yaranmış real təhlükələrlə üzbəüz qaldığı bir dövrdə Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığının, qətiyyətli, uzaqgörən siyasətçi kimi parlamentin mövcud imkanlarını milli maraqlar naminə lazımi məcraya yönəltmək iqtidarına malik qüdrətli şəxsiyyət olmasının sənədli sübutudur.
Kitab müstəqillik tariximizin ən keşməkeşli dövrünü araşdıran tədqiqatçılar, elm adamları və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ