İnsanlara hürriyət, millətlərə istiqlal!

Hesablama Palatası dövlət borclanması ilə bağlı yeni tövsiyələr hazırlayıb

Qurum hökumətdən nə gözləyir; 2023-cü ildə daxili dövlət borcu üzrə ödənişlərin 230 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır

Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirələri davam edir. Hesablama Palatası büdcə layihəsi ilə bağlı rəyini açıqlayıb. Rəydən aydın olur ki, Palata növbəti dəfə hökumətin daxili borclanma siyasətinə xüsusi diqqət yetirib. Rəydə qeyd olunur ki, cari ilin 6 ayında ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub, xarici dövlət borcunun məbləği azalıb, dəyişkən faizli xarici borcun və 10 ilədək müddətə cəlb edilmiş xarici borcun ümumi xarici borcda xüsusi çəkisi artıb.

 2022-ci il 1 iyul tarixinə dövlət borcunun ümumi məbləği 16 milyard 928,5 milyon manat ekvivalentində olmaqla ÜDM-in 14,7 faizini təşkil edib. Bunun 13 milyard 400 milyon manatı (7 milyard 882,3 milyon dollar) və ya 79,2 faizi xarici, 3 milyard 528,5 milyon manatı və ya 20,8 faizi daxili dövlət borcunun payına düşüb. İlk yarımildə nominal ifadədə birbaşa xarici dövlət borcu 384,8 milyon manat azalıb, birbaşa daxili dövlət borcu isə 282,6 milyon manat artıb. Xarici zəmanətlər üzrə şərti öhdəliklərdə 46,1 milyon manat azalma baş versə də, daxili zəmanətlər üzrə şərti öhdəliklərin 177,5 milyon manat artdığı müşahidə edilib. Beləliklə, ilin əvvəli ilə müqayisədə 2022-ci il 1 iyul tarixinə Azərbaycanın birbaşa dövlət borcu (xarici və daxili) nominal ifadədə 102,1 milyon manat azalıb, şərti öhdəliklər isə (xarici və daxili) nominal ifadədə 131,5 milyon manat artıb.

Dövlət büdcəsinin layihəsində 2023-cü il üçün daxili borclanmanın yuxarı həddi 1 milyard 300 milyon manat, xarici borclanmanın yuxarı həddi 750 milyon manat, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 1 milyard manat müəyyən olunub. Növbəti ildə xarici borclanma üzrə limitin cari ilə nisbətən 25 faiz, daxili borclanma üzrə limitin 18,2 faiz artırılması nəzərdə tutulub.

Palata  qeyd edir ki, cari ilin dövlət büdcəsinin müvafiq aylar üzrə əsasən profisitlə icra olunmasına baxmayaraq, yanvar-avqust ayları ərzində 380,1 milyon manat həcmində (daxili borclanma) dövlət qiymətli kağızları yerləşdirilib: “Bu isə öz növbəsində ilin əvvəlinə olan sərbəst qalıq vəsaitinin həcmində borcun xüsusi çəkisinin artımına şərait yaratmaqla daxili borclara xidmət xərclərində əhəmiyyətli artıma səbəb olur. Təqdim olunmuş "Büdcə zərfi"ndə kəsirin maliyyələşdirilmə mənbəyi kimi əlavə olaraq daxili borc üzrə 1 milyard 300 milyon manat həcmində əlavə borclanmanın həyata keçirilməsi, ümumilikdə 2023-cü ildə ödənilməli olan borc öhdəlikləri də daxil olmaqla, təqribən 3 milyard manat həcmində borclanma tələb edir ki, bu isə nəticə etibarilə büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir edən amil kimi qiymətləndirilə bilər".

Xarici borc azalır, daxili borclanma artır - səbəblər

Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2023-cü ilin dövlət büdcəsi layihəsində 1 milyard 5 milyon manat nəzərdə tutulub. Bu, 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 787 milyon manat azalma deməkdir. Rəydən aydın olur ki, azalma növbəti ildən beynəlxalq təcrübəyə uyğun olaraq hökumət tərəfindən cəlb edilmiş kreditlər üzrə əsas borc ödənişlərinin dövlət büdcəsinin xərclərindən çıxarılaraq, yenidən maliyyələşdirilmə vasitəsilə təmin edilməsi ilə bağlıdır. Belə ki, birbaşa xarici dövlət borcu üzrə cəlb edilmiş kreditlər üzrə 2023-cü ildə ödənilməli olan 800 milyon manat məbləğində əsas borc ödənişlərinin növbəti ildən başlayaraq büdcə xərclərində nəzərə alınmadan il ərzində cəlb olunacaq xarici borcalmalar hesabına yenidən maliyyələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda dövlət istiqrazları üzrə 2023-cü ildə ödəniləcək təqribən 600 milyon manat məbləğində əsas borc ödənişlərinin daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla, birbaşa dövlət borcunun yenidən maliyyələşdiriləcək ümumi məbləği 1milyard 400 milyon manat təşkil edəcək: “Qeyd olunmalıdır ki, qlobal iqtisadi mühitdə yüksək inflyasiyanın müşahidə edilməsi əksər ölkələrin mərkəzi banklarının məhdudlaşdırıcı pul siyasətini tətbiq etməsini və faiz dərəcələrinin artmasını şərtləndirməklə borclanmanın bahalaşmasına təkan verməkdədir. Bu isə öz növbəsində xarici borcun yenidən maliyyəşdirilməsi zamanı mövcud xarici dövlət borcunun (əsas borcun) ödənişində daha yüksək faizli xarici borcla əvəzlənmə ehtimalını artırır”.

2023-cü ildə daxili dövlət borcu üzrə ödənişlərin 230 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 22,9 faizinə bərabərdir. Büdcən layihəsində  gələn il üçün daxili dövlət borcu üzrə əsas borc ödənişləri nəzərdə tutulmasa da, faiz ödənişləri 2,2 faiz artımla proqnozlaşdırılıb. Bu artım əvvəlki illərdə buraxılmış və cari ilin sonuna kimi emissiya ediləcək dövlət istiqrazları üzrə faiz və diskont xərclərinin və növbəti ilə nəzərdə tutulan iri həcmli emissiyanın faiz xərclərinin ödənilməsi ilə bağlı olacaq.

Palata qeyd edir ki, dövlət büdcəsinin 8 aylıq icra nəticələrinə əsasən gəlirlər 20 milyard 184,7 milyon manat və ya 101,8 faiz, xərclər isə 18 milyard 151,9 milyon manat və ya 100,4 faiz icra edilib ki, bunun nəticəsində də 2 milyard 32,8 milyon manatlıq profisit yaranıb: “Kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində 576 milyon manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380 milyon manat vəsait büdcə qalığına yönəldilib. Əvvəlki rəylərimizdə də qeyd edildiyi kimi, dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilib və ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalıb. Nəticədə həmin vəsait əlavə faiz xərcləri yaradıb, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirib. Bununla yanaşı, xarici dövlət borcunun (əsas borcun) ödənişinin daxili dövlət borcu ilə əvəzlənməsi təqdirində növbəti ilin büdcə layihəsinə uyğun olaraq büdcə kəsirinin maliyyələşdirilməsi və faktiki daxili borcun yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla təqribən 3 milyard manat dövlət qiymətli kağızlarının emissiyası tələb ediləcək ki, bu da büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir etməklə yanaşı, mövcud iqtisadi durumda bank kreditlərinin real sektora transformasiyasını məhdudlaşdırmaqla, geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımına şərait yaratma ehtimalını yüksəltmiş olur”.

Onu da qeyd edək ki, Azərbaycan hökumət 2018-ci ildən bəri xarici dövlət borcunu azaltmaq siyasəti yürüdür. Bu zaman daxili borclanmanın artımına da yol verilir ki, bir sıra ekspertlər bunu müsbət tendensiya kimi qiymətləndirirlər. 2021-ci ildə daxili borclanma hesabına cəlb edilmiş 800 milyon manat konvertasiya edilərək xarici dövlət borcunun əsas məbləğinin bağlanmasına yönəldilib. Nəticədə dövlət istiqrazları üzrə borcun məbləği hesabat ilinin əvvəlinə nisbətən 781,1 milyon manat həcmində artıb. Maliyyə Nazirliyi tərəfindən il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 1 milyard 503,5 milyon  manat təşkil edib. Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 1 milyard 497,3 milyon manat daxil olub ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 851,4 milyon manat (əsas borc) geri ödənilib, 645,9 milyon manatı isə kəsirin maliyyələşməsinə sərf edilib.

Hesablama Palatası: Büdcə xərclərinin V rüb üzrə xüsusi çəkisi yüksək qalıb

Hesablama Palatası daxili borclanma hesabına xarici borcların qaytarılması zamanı bəzi məqamlara diqqət yetirilməsini zəruri hesab edir.  Qurumun 2021-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, 2021-ci ildə emissiya edilmiş istiqrazlar üzrə yalnız yaranmış faiz borcunun məbləği 318,6 milyon manat təşkil edib ki, bu da dövlət büdcəsində növbəti illərdə faiz xərclərinin əhəmiyyətli artımına şərait yaradıb. 2021-ci il ərzində geri qaytarılmış istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği isə 158,5 milyon manat təşkil edib.

Hesablama Palatası qeyd edir ki, 2021-ci ilin və əvvəlki illərin hesabat məlumatlarına əsasən daxili borc üzrə şərti öhdəliklərin ilbəil artımını müşahidə etmək mümkündür: “Belə ki, şərti öhdəliklərin həcmi 2020-ci illə müqayisədə hesabat ilində 345 milyon manat və ya 159,5 faiz artıb, daxili borca nisbəti 18,3 faiz təşkil edib. Artımın səbəbi kimi 2020-ci ildə ”Aqrarkredit" QSC BOKT, SOCAR və “Azərkontrakt” ASC-nin dövlət zəmanətli kreditləri üzrə əsas borc öhdəliklərinin yaranması çıxış edir".

Hesablama Palatasında bu qənaətdədirlər ki, daxili dövlət borclanmasının əhəmiyyətli dərəcədə böyük olmasını və artım istiqamətinin davam etməsini nəzərə alaraq, emissiya ediləcək dövlət istiqrazlarının maliyyə planlaşdırılmasının dövlət büdcəsinin icrası ilə (əlavə dəyər yaradan sahələrə yönəltməklə) uyğunlaşdırılması zəruridir. Qurum xarici borcun 2021-ci ildən başlayaraq daxili borcla əvəzləşdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirsə də, qeyd edir ki, tədbirlər həyata keçirilərkən bir çox halda real bazar şərtləri, eyni zamanda xərc və risklərin təhlili nəzərə alınmayıb: “Belə ki, hesabat ilində daxili borclanma hesabına cəlb edilmiş 800 milyon manat vəsait orta hesabla 5-8,5 faiz dərəcəsi ilə cəlb edildiyi halda, onun hesabına bağlanan xarici borcun faiz dərəcəsi LİBOR +1,2 faiz, Euribor+2 faiz və 2,75 faiz həcmində olub ki, nəticədə yüksək faizli məbləğlə aşağı faizli məbləğ bağlanıb. Digər tərəfdən, xaricdən cəlb edilən kreditlər hesabına icrası nəzərdə tutulan 610 milyon manat ekvivalentində olan xərc 346,6 milyon manat icra edilib. Qeyd edilənləri nəzərə alaraq bildirmək istərdik ki, sərbəst qalıq vəsaitinin 1106,7 milyon manatı, Təminat Fondunun isə 765 milyon manatının idarəetmədə olduğu, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transfert 850 milyon manat fərqlə icra edildiyi halda, büdcənin icrası ilə bağlı zərurət olmadığı halda 800 milyon manat (5-7,5 faizlə) həcmində əlavə daxili borclanmaya gedilməsi və bu məbləğin aşağı faizli olan xarici borcun azaldılmasına yönəlməsi, həmçinin əlavə büdcə xərclərinin (faiz xərclərinin) artırılması, müvafiq qanunvericilikdə konkretləşdirilməməsi fonunda faktiki sərbəst qalıq vəsaiti hesabına (Təminat Fonduna köçürülmədən) xarici borc həcminin azalmasının həyata keçirilməsi, borca xidmət xərclərində qənaətin yaranması (154,6 milyon manat) büdcə vəsaitlərinin düzgün idarəedilməməsi ilə yanaşı, maliyyə planlaşdırılmasının və hesabatlılığın gücləndirilməsinə ehtiyac olduğunu deməyə əsas verir”.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR