Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ukraynada beynəlxalq hüququ ayaqaltı eləməsindən sözsüz ki, bütün dövlətlər bu və ya digər şəkildə təsirlənəcək. Əlbəttə, ilk növbədə həmsərhəd dövlətlər.
İştah doğrudan da diş altındadır. Görün Rusiya prezidentinin keçmiş köməkçisi “Donbas hadisələrinin memarı” sayılan Vladislav Surkov bu xüsusda nə deyir. Putinin sabiq məmuru “L'Express” jurnalına verdiyi müsahibədə bildirib: “Rusiya şərait imkan verdikcə hər tərəfə genişlənəcək”.
Davamı da çox maraqlı və düşündürücüdür.
Sitat: “Mən vaxtilə fəlsəfi çevrələrdə yayılmış “Rus dünyası” anlayışını rəsmi ideologiya səviyyəsinə qaldırdım. “Rus dünyası”nın sərhədləri yoxdur. O, Rusiyanın mədəni, informasiya, hərbi, iqtisadi, ideoloji və humanitar təsirinin çatdığı hər yerdədir”.
Surkova görə, Rusiyanın təsiri bütün qitələrdə mövcuddur. “Hərçənd müxtəlif bölgələrdə bu təsir fərqlidir. Biz hər tərəfə, Allahın köməyi ilə və resurslarımızın yetdiyi qədər genişlənəcəyik. Əsas odur, daşıya bilməcəyimiz ağır qənimət götürməyək” – keçmiş köməkçi əlavə edib.
“Ağır qənimət”.. Yəni ki, “böyük tikə”nin boğazda qalması məsələsi. Yəni ki, sərhədi bilinməyən dövlət...
Əsrlərdir torpaq işğalından gözü doymayan Çar Rusiyasının, imperiyanın genişlənməsinə mənəvi-ideoloji dəstək olan Rus Pravoslav Kilsəsinin, rusun əsl faciəsi də elə daşıya bilinmıyəcək qənimət həsrətində olmasıdır. Bu toplumun əndazəsiz təkəbbürüdür.
Özləri cəhənnəm, əsrlərdir qonşu xalqlar bu xəstə təfəkkürün altını çəkməkdədir. Bir növ erməni “miatsum” virusunun başqa yoluxucu ştammıdır ki, neçə yüz ildir qurtula bilmirlər. Zatən heç özləri də qurtuluşa can atmır.
Elə ona görə üç ildir yazırıq ki, Allah eləməsin, Kreml Ukraynada öz imperialist məqsədinə çatsın. Bunun soyuq “ruzigarı” gec-tez bütün postsovet ölkələrini vuracaq. Hətta NATO üzvü olan Baltikyanı dövlətləri də...
Yaxşı ki, Azərbaycanda mifik “Rus dünya”sının daşıyıcıları ciddi çəkidə və sayda deyil – “5-ci kolon”çular istisna olmaqla təbii ki. Nə yaxşı ki, ötən il axırıncı rus əsgəri də Azərbaycanı tərk edib. Nə yaxşı ki, rus dili Azərbaycanda müstəqilliyimizi təhdid edəcək səviyyədə populyar və var deyil. Nə yaxşı ki, Rusiyadan iqtisadi asılılığımız da yox kimidir. Nəhayət, nə yaxşı ki, “Rusiyanın mədəni, informasiya, hərbi, iqtisadi, ideoloji və humanitar təsirləri”ndən kifayət qədər uzaqdayıq.
Bu “yoxluğun” qədrini bilək. Eyni zamanda, arxayınlaşmayaq. Çünki Kreml Güney Qafqazı özünün “arxa bağçası” saymaqda davam edir. Nə çoxdur bəhanə. Biri elə köhnəlmiş “erməni kartı”. Az öncə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin Minsk Qrupunun nəzəri cəhətcə bərpasının mümkünlüyü haqda sözləri boşuna deyilməmişdi...
Şübhə yox ki, Moskva bir daha “erməni kartı”ndan Bakı və İrəvana qarşı istifadə etməyə çalışacaq. İki ölkə arasında sülh müqaviləsinin imzalanmaması və barışığın baş tutmaması üçün sonuncu pisliyini də edəcək. Əgər bu, bizim tanıdığımız, süni şəkildə Qarabağ konfliktini yaradıb onu on illərlə körükləmiş Moskvadırsa, başqa gözləntimiz ola bilməz.
Yeri gəlib, bunu da yada salaq: Putinin sədri olduğu hakim “Vahid Rusiya” partiyasının deputatlarından biri ötən ilsonu SSRİ-nin süqutunun və 14 müttəfiq respublikanın müstəqillik qazanmasının qanunsuz olduğunu bildirməklə faktiki yeni müstəqil ölkələri hədələmişdi. Guya SSRİ-nin yaranışı zorakı və qanunsuz yolla olmayıbmış. “Kələklə gəlmişdi, küləklə də getdi”.
İstənilən halda, Azərbaycan sərvaxtlığını itirməməli, qəliz qlobal proseslər fonunda son dərəcə diqqətli olmalı, Türkiyə başda olmaqla, dost-müttəfiqləri ilə əlaqələri bütün sahələr üzrə daha da sıxlaşdırmalıdır. Ermənistanla sülh müqaviləsinin uzağı, bu il, imzalanması və iki ölkə arasında diplomatik əlaqələrin qurulması isə Kremlin Cənubi Qafqazla bağlı məkrli planını xeyli dərəcədə pozmuş olardı. Keşkə bu bəsit məntiqi İrəvan da anlasaydı...
Zahid SƏFƏROĞLU
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ