İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-ın qanlı hücumunun təşkilatçısı bilindi: Bir gözü, bir qolu və bir ayağı olmayan “Qonaq” barədə ilginc məlumat

Oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı hücumunun əsas təşkilatçısı açıqlanıb.

Musavat.com xəbər verir “The Financial Times” onun HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Mohammed Deif olduğunu yazıb. Qəzet xatırladır ki, İsrail kəşfiyyatı 20 ildən artıqdır ki, onu məhv etməyə çalışsa da, buna nail ola bilməyib.

Oktyabrın 7-də, İsrailə misli görünməmiş hücumun başlamasından cəmi bir neçə saat sonra Deif tərəfindən çəkildiyi iddia olunan video parçası internetdə yayımlanıb. Alaqaranlıqda üzünü görmək çətin olan yaraqlı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Onun sözlərinə görə, HƏMAS fələstinlilərə qarşı cinayətlərə, beynəlxalq hüquqa və BMT qətnamələrinə məhəl qoymayan, ABŞ və digər Qərb ölkələrinin dəstəyindən istifadə edən “işğalçıların orgiyası”na son qoymaq qərarına gəlib.

Məhəmməd Deifin erkən həyatı haqqında çox az şey məlumdur. “Asharq Al – Avsat” nəşrinin yazdığına görə, o, 1965-ci ildə Qəzza zolağının cənubundakı Xan Yunis qaçqın düşərgəsində anadan olub. Ailəsi o qədər kasıb olub ki, uşaq vaxtından ailəsinə maddi yardım etmək üçün qısa müddətə təhsilini yarımçıq qoymalı olub: əvvəlcə o, atası ilə döşəmə ustası işləyib, sonra kiçik quşçuluq ferması açıb və sürücü kimi çalışb.
1988-ci ildə Deif Qəzza İslam Universitetini bitirib və burada biologiya üzrə təhsil alıb. Deif təhsil alarkən özünü aktyor kimi sınayıb və hətta tarixi şəxsiyyətləri oynayaraq bir neçə tələbə tamaşasında iştirak edib. Orada o, radikal ideyalarla maraqlanıb və 1987-ci ildə HƏMAS-ın əsasında yaradılan “Müsəlman Qardaşları” təşkilatına yaxın islamçı universitet birliyinə rəhbərlik edib.

Elə həmin il Deifin ilk “qisas” əməliyyatında iştirak etdiyi bildirilir. Buna görə o, 16 ayını İsrail həbsxanasında keçirib. 1990-cı illərdən o, HƏMAS-ın yeni yaradılmış hərbi qanadı - İzzəddin əl-Qəssam Briqadalarında fəal iştirak edir. 2000-ci ildə İsrailin tələbi ilə Deif yenidən Fələstin administrasiyası tərəfindən həbs olunur, lakin ikinci əməliyyat zamanı, müxtəlif mənbələrə görə, o, ya sərbəst buraxıldı, ya da qaça bildi. 2002-ci ildə Deif Əl-Qəssam briqadasının rəhbəri təyin edilib.

Deif onlarla terror aktının təşkilinə, İsrail əsgərlərinin oğurlanmasına, raket hücumlarına və yaraqlıların İsrail ərazisinə daşındığı yeraltı tunellər şəbəkəsinin tikintisinə görə məsuliyyət daşıyır. Bundan əlavə, o, atəş üçün istifadə edilən “Kassem” idarə olunmayan raketlərinin yaradıcılarından biri hesab olunur.

İsrail 2001-ci ildən Deyfi aradan qaldırmağa çalışır

İsrail hərbçiləri 20 ildən çoxdur Deifi məhv etməyə çalışırlar. O, beş sui-qəsd cəhdinin hamısından sağ çıxıb. Belə ki, 2001-ci ildə İsrail Müdafiə Qüvvələri (IDF) Deifi onun müavini Adnan əl-Ghul ilə birlikdə öldürməyə cəhd etsə də, buna nail ola bilməyib. 2002-ci ildə İsrail hərbçiləri Deifin avtomobilinə “Hellfire” raketi ilə hücum etdilər: arxa oturacaqda oturan Deif sağ qaldı, lakin bir gözünü itirdi və əlindən ciddi yaralandı.

2003-cü ildə İsrail Hərbi Hava Qüvvələri Deifin yerləşdiyi binaya bomba atdı - lakin zərbə qüvvəsi binanı tamamilə məhv etmək üçün kifayət etmədi. 2006-cı ildə İDF yenidən Deifin evini vurdu - o, bir qolunu və ayağını itirdi, ona görə də indi əlil arabasından istifadə etməli olur. Bundan sonra İsrail hərbçiləri 2014 və 2021-ci illərdə yaraqlını məhv etmək üçün daha iki cəhd etsələr də, yenə də nəticəsiz qalıb.

SCMP yazır ki, geniş ictimaiyyətdə dünyada ən çox axtarılan terrorçulardan birinin yalnız bir neçə aşağı keyfiyyətli fotoşəkili var. Üstəlik, onlardan ən sonuncunun 20 yaşı var. HƏMAS üzvlərindən birinin dediyinə görə, Deif kamuflyaj ustasıdır və onun geolokasiyasını İsrail kəşfiyyat xidmətlərinə verə biləcək heç bir elektronikadan istifadə etmir. Gizlilik məqsədilə o da tez-tez yerini dəyişir. Məsələn, bir HƏMAS üzvünün evində cəmi bir gecə qalır - bu taktikadan istifadəyə görə o, “Qonaq” (ərəbcə: Deif) ləqəbini alır.

2011-ci ildə anası vəfat edəndə HƏMAS-ın bütün liderləri dəfn mərasiminə gəlir, lakin Deifin özü orada görünmür. Bir versiyaya görə, o, təhlükəsizlik məqsədi ilə gəlməyib, digər versiyaya görə, yaşlı kişi qrimlənərək gəlib.

İsrailli analitiklərin fikrincə, Deif digər HƏMAS liderləri ilə birlikdə Əl-Şifa xəstəxanası və BMT ofisləri kimi strateji yerlərin altındakı bunkerlərdə və yeraltı tunellərdə gizlənə bilər ki, bu da onu İsrail kəşfiyyatı üçün çətin hədəfə çevirir. Onun son dərəcə kiçik sosial dairəsi var və özü də azdanışan adamdır.

İsrailə hücumdan sonra Deyf HƏMAS-da hakimiyyətin ən yüksək eşelonuna yüksəlib

Financial Times israilli və fələstinli analitiklərə istinadla bildirir ki, İsraildə 1000-dən çox insanın ölümü ilə nəticələnən görünməmiş hücum Deifi gənclərin gözündə “tanrıya” çevirib. Bununla yanaşı, nəşrin onunla tanış olan həmsöhbətlərinin dediyinə görə, Deifin özü nə Fələstin fraksiyaları arasında, nə də HƏMAS daxilindəki siyasi mübarizədə maraqlı deyil.

HƏMAS-ın hərbi qanadının rəhbəri zorakılıq yolu ilə İsrail-ərəb münaqişəsinin mahiyyətini dəyişmək fikrindədir. O, özünün əsas vəzifəsini ayrıca dövlət yaratmaqda deyil, ümumilikdə İsrailin məhv edilməsində və onun ərəb Fələstini ilə əvəz olunmasında görür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR