Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, İsrail Müdafiə Qüvvələri (İDF) HƏMAS hərəkatının Qəzza zolağının cənubundakı hərbi kəşfiyyat rəhbəri Usama Tabaşı öldürüb.
Musavat.com “Al-Sharq al-Avsat” qəzetinə istinadən xəbər verir ki, bu açıqlama HƏMAS liderləri arasında geniş tanınmayan bu şəxsin kimliyi ilə bağlı suallar doğurub.
İsrail Ordusunun sözçüsü Aviçay Adrai yayımladığı bəyanatda Tabaşın öldürüldüyünü təsdiqləyərək bildirib: “HƏMAS-ın cənub Qəzzadakı hərbi kəşfiyyat rəhbəri zərərsizləşdirildi”.
İsrail mətbuatı da onun haqqında bir sıra məlumatlar yayıb.
Usama Tabaş kimdir?
“Əbu Əli” ləqəbli Tabaş “İzzəddin əl-Qəssam Briqadalarının” hərbi kəşfiyyat xidmətində mühüm rol oynayıb. O, 7 oktyabr 2023-cü ildə həyata keçirilən “Əqsa Tufanı” əməliyyatının əsas planlaşdırıcılarından biri hesab olunur.
Tabaş Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində doğulub və gənc yaşlarında HƏMAS-ın hərbi qanadına – “Qəssam Briqadalarına” qoşulub. O, təşkilat daxilində yüksələrək Şərq Briqadasının komandiri olub.
Usama Tabaş və 7 oktyabr hadisələri
Tabaş 7 oktyabr əməliyyatından əvvəl və əməliyyat zamanı İsrailin hərbi obyektlərinin müəyyənləşdirilməsinə cavabdeh olub. İsrail kəşfiyyat məlumatlarına əsasən, 2005-ci ildə Quş Katif qəsəbəsində İsrail təhlükəsizlik xidməti ŞABAK-ın bir əməkdaşının ölümünə səbəb olan intihar hücumunu da o təşkil edib.
İsrailin “Kanal 12” televiziyası xəbər verir ki, Tabaş İsrail hərbi bazalarının və strateji hədəflərinin müəyyənləşdirilməsində əsas fiqur olub. Onun rəhbərlik etdiyi HƏMAS kəşfiyyat xidməti 7 oktyabr hücumları zamanı hədəflərin siyahısını hazırlayıb və elitar hücum birləşmələrinə təqdim edib.
“Jerusalem Post” qəzetinin məlumatına görə, Tabaşın bölməsi əməliyyatdan əvvəl İsrailin cənubdakı hərbi hərəkətləri ilə bağlı kəşfiyyat məlumatlarının toplanması və təhlilinə cavabdeh olub.
Son vəzifəsində o, HƏMAS-ın hərbi strategiyasının formalaşdırılmasına rəhbərlik edib və təşkilatın Qəzza zolağının cənubundakı kəşfiyyat fəaliyyətini idarə edib.
Qəzza müharibəsi zamanı rolu
Müharibə dövründə Tabaş HƏMAS-ın kəşfiyyat fəaliyyətinə rəhbərlik edib, İsrail ordusunun hərbi manevrlərini izləyib və hücumların koordinasiyasını aparıb. O, İsrail ordusunun hücumlarına qarşı təşkilatın cavab strategiyasını hazırlayan əsas fiqurlardan biri olub.
Fələstin mediasının məlumatına görə, Tabaş “HƏMAS” tərəfindən girov saxlanılan Bebas ailəsinin cəsədlərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verilməsi prosesinə rəhbərlik edib.
Usama Tabaş necə öldürülüb?
İsrailin “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Tabaş Qəzza zolağının mərkəzində yerləşən kəşfiyyat obyektinə İsrail pilotsuz aparatının dəqiq zərbəsi nəticəsində öldürülüb.
İsrail ordusunun sözçüsü Aviçay Adrai bildirib ki, bu hücum “Qəssam Briqadalarının” birinci və ikinci dərəcəli komandirlərini zərərsizləşdirmək üçün davam edən kəşfiyyat səylərinin bir hissəsidir.
İsrailin “Times of Israel” nəşri isə bu əməliyyatın onun bir neçə gün izlənilməsindən sonra həyata keçirildiyini və bunun HƏMAS-ın hərbi rəhbərliyini zəiflətmək məqsədi daşıdığını bildirib.
İqbal RZAYEV,
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ