İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim çatışmazlığına qarşı yeni tədbirlər - Bakıdan kənarda nə dəyişəcək?

Azərbaycanın bölgələrində həkim çatışmazlığı ilə bağlı vahid strategiya hazırlanır.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB bu məsələ ilə bağlı birgə iş aparır.

Bəs bölgələrdə daha çox hansı sahə üzrə həkimlər çatışmır? Ümumiyyətlə, həkim çatışmazlığının əsas səbəbləri nədir və necə həll edilə bilər?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov “Yeni Müsavat”a açıqlama verib: “Bəli, həkim çatışmazlığı məsələsi bölgələrdə olduqca aktualdır və son illər bu problem gündəlikdə qalmaqdadır. Burada əsas məsələlərdən biri də yeni texnologiyaların tibbə tətbiqinin sürətlənməsidir. Bu sürətlənmə ilə yanaşı, bəzi region həkimləri yeni inkişaflardan geri qalır. Həmçinin yeni tibbi ixtisasları bitirən və ya xaricdə təhsil alıb ölkəyə geri qayıdan həkimlərimiz daha çox böyük şəhərlərdə və yaxşı təchiz olunmuş klinikalarda işləməyə meyilli olurlar. Bu da təbii olaraq, əsas həkim kontingentinin daha çox Bakıda və Bakı ətrafında cəmlənməsinə səbəb olur. Lakin bununla yanaşı, regionlarda da kadr çatışmazlığı məsələsinin həlli vacibdir.

Hansı ixtisas üzrə həkimlər çatışmır? Bu suala cavab olaraq deyə bilərəm ki, bütün tibbi sahələrdə, xüsusən də innovativ istiqamətlərdə və cərrahiyyə sahələrində kadr çatışmazlığı var. Xüsusilə ortopediya və kardiocərrahiyyə kimi sahələrdə regionlarda həkimlərin sayının artırılması vacibdir. Lakin qeyd etdiyim kimi, bütün sahələrdəki həkim ixtisaslarının regionlarda olması önəmlidir.

Bir sıra regionlarda artıq müxtəlif tibb mərkəzlərinin fəaliyyətə başlaması ilə yeniliklər yaranıb. Lakin burada həkimlərə stimullaşdırıcı dəstək göstərmək üçün müəyyən tendensiyaların ortaya çıxması zəruridir. Stimullaşdırıcı tədbirlər dedikdə, regionlarda çalışan həkimlərin iqtisadi və sosial baxımdan dəstəklənməsi nəzərdə tutulur. Məsələn, müəyyən bir müddət çalışdıqdan sonra onlara pensiya yaşlarının fərqli olması və pensiyalarının artırılması təklifləri stimullaşdırıcı ola bilər. Bu da həkimlərin könüllü olaraq regionlarda işləməsinə səbəb ola bilər.

İkinci məsələ isə məcburi xidmətlərdir. Bir sıra ölkələrdə, o cümlədən Türkiyədə, rezidentura təhsilini bitirən həkimlərin sənədlərinin təsdiq edilməsi üçün müəyyən bir müddət, bəzən bir il, bəzən isə 2-3 il müddətində regionlarda işləməsi tələb olunur. Bu zaman ərzində kadr çatışmazlığı ödənilir, eyni zamanda bir çox həkim regionlara alışır və gələcəkdə bir hissəsi orada qalır. Nəticədə, bu yanaşma ilə regionlardakı kadr çatışmazlığı məsələsi həll olunur.

Üçüncü istiqamət tibbin regionlara daha da yaxınlaşmasıdır. Xüsusilə tibbi konfranslar və kursların, maarifləndirmə tədbirlərinin davamlı şəkildə regionlarda keçirilməsi həkimlərin bu tədbirlərdən faydalanmasına imkan verir. Bu da həmin həkimlərin bilik və təcrübəsini artırır. Eyni zamanda şəhərdən həkim qruplarının mütəmadi olaraq regionlara səfər etməsi, oradakı həkimlərlə birgə pasiyent qəbul etməsi və əməliyyatlar aparması tibbi xidmətin səviyyəsinin ümumilikdə artmasına və bütövlükdə ölkə daxilində yaxşılaşmasına gətirib çıxarır.

Qeyd etdiyim kimi, son zamanlar kifayət qədər uğurlar əldə olunub, amma bəzi regionlar, xüsusən ucqar bölgələrdə hələ də çatışmazlıqlar mövcuddur. Kəndlərdə tibbi xidmətin səviyyəsində xeyli çatışmazlıqlar qalmaqdadır. Lakin ümid edirik ki, yeni hazırlanan proqram çərçivəsində bu məsələlər müəyyən müddət ərzində həll olunacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR