Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin 25 dekabrında Bakıdan Qroznıya uçan Azərbaycan mülki təyyarəsinin vurulmasından sonra Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, “araşdırma yekunlaşmamışdan əvvəl hər hansı fərziyyə irəli sürmək yanlış olardı. Əlbəttə, biz bunu etməyəcəyik və heç kəs bunu etməməlidir. Araşdırma bitənədək gözləməliyik”. Sonradan bənzər açıqlamalarla bir sıra Rusiya rəsmiləri çıxış etdilər. Xeyli vaxt keçdi, hadisə isə 5 aydan çox ötüb, lakin Rusiyanın müvafiq qurumlarından hər hansı araşdırmalar, yaxud onların yekunları ilə bağlı məlumat gəlmir ki, gəlmir.
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidentinə zəng edərək şəxsən üzrxahlığını bildirməsindən də çox keçib.
Azərbaycanın dövlət başçısının ilk andan hadisəyə çox sərt və qətiyyətli münasibət bildirməsi Rusiya tərəfdən üzrxahlıq edilməsinə gətirib çıxarmışdı. Lakin “Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib”, xəbərdə deyilirdi. Yəni Rusiya təyyarəni vurmasını boynuna almır və Azərbaycanın təkzibolunmaz arqumentləri qarşısında manevrlər edir.
Prezident İlham Əliyev ona zəng edən rusiyalı həmkarı Putinə sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini deyib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilirdi. Kremlin saytında isə məsələ ilə bağlı cinayət işinin başlanıldığını, Rusiya və Azərbaycanın Baş prokurorluq əməkdaşlarının Qroznıda birgə işlədikləri qeyd olunurdu. Amma “bir daş altda, biri üstə”, deyib də, izi itirməyə daha çox maraqlı görünür şimal qonşumuz.
Bu günədək açıqlanmayıb ki, dekabrın 25-də səhər saatlarında Bakıdan Qronıya uçan “Embraer 190” sərnişin təyyarəsi Çeçenistanda enməli olduğu halda, niyə ona bu imkan yaradılmayıb, heç olmasa alternativ aeroportlar təklif edilməyib, əksinə, enişinə belə, maneələr yaradılıb və pilotlar Qazaxıstanın Aktau hava limanına yönləndirilib, nəticədə belə dəhşətli hadisə baş verib?! Göyərtədə olan 62 sərnişinin və 5 ekipaj üzvünün hamılıqla qətlinə fərman verildiyi üçünmü təyyarəni Xəzərdə batırmaq, yaxud da dağ-daşa çırpılmasına nail olmaq istəyirmiş terrorun təşkilatçıları? Qəhrəman pilotların peşəkarlığı sayəsində nəinki izlərin itirilməsi mümkün olmadı, hətta sərnişinlərin, ekipaj üzvlərinin bir hissəsi – 29 nəfər sağ qaldı, faktlar, şahidlər danışdı, qəsd ortaya çıxdı. Amma Rusiya hüquq-mühafizə orqanları, digər aidiyyati qurumlar yenə də susurlar...
Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda da bildirilib ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və dəhşətli hadisə baş verib. Rusiya tərəfinin hadisə ilə bağlı yaratdığı istintaq qrupundan isə səs-səmir yoxdur. Malayziyaya məxsus “Boinq” təyyarəsi ilə bağlı da eyni taktikadan istifadə olunmuşdu. Bürokratik məhdudiyyətlər və bəhanələrlə məsələnin uzadılaraq unudulmasına cəhd edilir.
Rusiyada kimlərsə düşünə bilər ki, aylar bir-birini əvəz etdi, Moskvadan Bakıya, yaxud əksinə, səfərlər oldu, məsələ unudulacaq. Yox! Azərbaycan suallarına cavab almayıb hələ. Azərbaycan Prezidenti İlham Əliyevin in Sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunub. Həmçinin həlak olanların ailələrinə, yaralılara dövlət tərəfindən zəruri diqqət göstərilib. Həlak olanların dəfninin yüksək səviyyədə təşkilindən tutmuş, digər məsələlərə qədər hər şey dövlətimizin nəzarətində olub, xalqımız qəhrəman övladlarına ehtiramını ifadə edir.
Lakin mülki vətəndaşlarımıza, günahsız insanlara qarşı terroru həyata keçirənlər cəzasını almayınca, iş bitməyəcək! Azərbaycan ciddi dövlətdir və dövlətimizin rəhbəri dedisə, olmalıdır! Necə ki, Qarabağda, Şərqi Zəngəzurda hədəflərimizə çatdıq, necə ki, İrandakı səfirliyimizə qarşı terror aktı ilə bağlı proseslərin sonunadək gözləməkdəyik, hər dəfə ən yüksək səviyyədə xəbərdarlıq edilir, eləcə də Rusiya ərazisində mülki təyyarəmizi vuranlar, bu terrorun sifarişçiləri, ümumilikdə işin içərisində olanlar ədalət məhkəməsi qarşısında dayanmalıdırlar! Necə ki, Qarabağda cinayətlər törədənlər, həmçinin Azərbaycana məxsus helikopterlərin vurulmasında, dinc, günahsız sakinlərin ölümündə əli olanların bir hissəsi bu gün Bakıda, Ədalət Məhkəməsi qarşısında günahlarını etiraf edirlər və cəzalarını gözləyirlər, eləcə də 25 dekabr terrorunda əli olanlar üçün də haqq divanı qurulmalıdır!!! Rusiya bunu etməyəcəksə, Azərbaycanla münasibətlərə xələl gətirən daha bir addım atmış olacaq. Rəsmi Bakı 22 fevral 2022-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə sadiqdir.
Yetər ki, qarşı tərəf də əməli işdə sadiqliyini nümayiş etdirsin. Rusiya prezidentinin Azərbaycan lideri ilə münasibətlərinə qəsd etməyə cəhd göstərən qüvvələrin olması barədə son vaxtlar davamlı təxminlər irəli sürülür. Elə sonuncu hadisə, Azərbaycan parlamentinin üzvü Azər Badamovun deportasiya edilməsi faktını da iki ölkə arasında normal münasibətlərə balta çalınması kimi yozanlar var.
Hər halda məntiq axtarmaq olar: Rusiya prezidenti belaruslu və tacik həmkarı ilə birgə Azərbaycan Prezidentinə telefon açıb, onu Moskvada keçiriləcək Qələbə Paradına dəvət ediblər, cənab İlham Əliyev razılığını bildirib və parada sayılı günlər qalmış məlum təxribat törədilib. Eyni zamanda məhz deputata qarşı hörmətsiz davranışdan öncə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfəri, dövlət başçımızla, Birini xanımla yüksək səviyyəli görüşü olmuşdu. Üstəlik, prezident Putin Azərbaycan Prezidentinə təbrik məktubu göndərmişdi.
Daha əvvəl isə Rusiyanın digər rəsmiləri paytaxtımızda olmuşdular, Matviyenko, Narışkin və s. səviyyələrdə. Belə çıxır ki, münasibətlərin yaxınlaşması Rusiyadakı “dərin dövlət”i ciddi narahat edir və hər dəfə növbəti təxribata əl atırlar. Burada Ukrayna ilə savaş aparan ordu rəhbərliyinin də əli ola bilər – nəzərə alsaq ki, Rusiya prezidentinin taleyi həm də onların apardığı savaşdan asılıdır, yəni təsir imkanları istisna deyil. Amma bütün bunlar Rusiyanın daxili işidir, özləri öz problemlərini həll etsinlər. Azərbaycan təyyarəmizə, mülki vətəndaşlarımıza, bütövlükdə insanlığa – təyyarədə Rusiya və digər ölkələrin vətəndaşları da olub – qəsd edənlərin kimliyinin açıqlanacağı günü və cəzalandırma xəbərini gözləyir!
1941-45-ci il İkinci Dünya müharibəsi ilə bağlı məşhur deyib var idi: “Heç kim unudulmur, heç nə yaddan çıxmır”. Bu, təkcə 400 minə yaxın azərbaycanlının da həlak olduğu 41-45 müharibəsinə münasibətdə və qələbənin 80 illiyi ilə əlaqədar yerinə düşmür, həm də 25 dekabr terroruna adekvat reaksiyanın olmamasının qarşılığında da uca səslə səsləndirilən kəlamdır. Azərbaycan xalqına və dövlətinə faşizm üzərində qələbənin əldə olunmasına verdiyi töhfəyə, insanlarımızın ön və arxa cəbhədə çəkdikləri əziyyətlərə, Bakı neftinin qarşılığında “mükafat” mülki təyyarəmizin Rusiyanın “Pantsir-S” raketi ilə vurulması və hətta “yaralı” təyyarənin inişinə izn verilməməsi oldu. Əslində araşdırmalara ehtiyac qalmayıb, “Qara qutu”lar ortada, şahidlər baş verənləri bir-bir anladır. Azərbaycan prokurorluq orqanları hər ay məsələ ilə bağlı rusiyalı həmkarları ilə əlaqə saxlasa da, susurlar, rəsmi açıqlama vermirlər. Səbrlə gözləyirik: Azərbaycan dövləti və xalqı haqlı olaraq günahkarların cəzalandırılmasını tələb edir. Heç bir əlavə sübuta ehtiyac yoxdur, çünki hər şey sübut olunub. Şübhəsiz Rusiya tərəfə əmr verənlər də, atəşi açanlar da yaxşı bəllidir. Sadəcə zaman qazanmağa, vaxt udmağa, məsələni ört-basdır etməyə çalışırlar. Ermənistanın sülh müqaviləsi ilə bağlı oynadığı oyuna bənzər siyasət sərgilənir.
Alman faşizmi üzərində qələbənin 80 illiyi ərəfəsində Azərbaycanın mülki təyyarəsinin Rusiya səmasında raketlə vurulması əminəm ki, 1941-45 müharibəsinin azərbaycanlı qəhrəmanlarının da ruhunu incidib. Xüsusən də Leninqrad səmasında 10-dək faşist təyyarəsini məhv edən və həlak olan leytenant Hüseynbala Əliyevi. O qəhrəmanlar Rusiya uğrunda canlarından ona görə keçmədilər ki, bir gün soydaşları Rusiya səmasında qanına bələnsin...
Amma varlığımız qədər əminik və inanırıq, təyyarə bələdçisi şəhid Hökumə bacımızın dediyi kimi, “Hər şey yaxşı olacaq!” Bir gün həqiqət günəşi parlayacaq! Dövlətimizə, Prezidentimizə inanırıq, güvənirik!
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ