Onlayn ictimai-siyasi qəzet
Hazırda Qaradağ rayonundakı Otman Bozdağ palçıq vulkanında baş vermiş püskürmənin aktivliyi dayanıb.
Bu barədə Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir.
Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.
Xatırladaq ki, Otman Bozdağ Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxildir. Azərbaycanın aktiv palçıq vulkanlarından hesab edilən təbiət hadisəsində son püskürmə 2018-ci il sentyabrın 23-də qeydə alınıb.
***
Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında oktyabrın 11-də püskürmə qeydə alınıb.
Bu barədə Musavat.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsindən məlumat verilib.
Bildirilib ki, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.
İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.
Üçüncü faza püskürmə isə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.
Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul (enerjinin həcmi) olub.
Qeyd edək ki, vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.
12 Oktyabr 2025
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ