Onlayn ictimai-siyasi qəzet
Nazirlik: “Taxıl sahələrinin 60,2 faizində biçin başa çatıb”
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna cari ilin 5 ayında müraciətlərin sayı 800-ü keçib. Müraciətlərin yarıdan çoxu havaların kəskin dəyişdiyi may ayında qeydə alınıb. Ötən ay yayılan rəsmi məlumata görə isə daxil olan müraciətlər əsasən dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrə aiddir. Ümumilikdə fermerlər tərəfindən müraciətlər 40-a yaxın rayondan qəbul edilib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə hadisələrlə bağlı müraciətlər təqribən 26 rayondan daxil olmuşdu. Əkin sahəsinə zərərlə bağlı müraciətlər fondun sığorta təminatı verdiyi bitki məhsullarının əksəriyyətini əhatə edir. Belə ki, müraciətlər arpa, buğda, albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatlarına dəyən zərərlə bağlıdır.
Ötən il ümumi müraciətlərin 80 faizi taxıl bitkiləri ilə bağlı olduğu halda, bu il müraciətlərin yarısı bağçılıq və digər bitkiçilik əkinləri üzrədir.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki növü üzrə sığorta təminatı verilir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar ayının 1-i 1 milyon 25.4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 99 faizini və yaxud 1 milyon 15.6 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 598.3 min hektarı buğda, 417.1 min hektarı arpa, 161 hektarı isə çovdar əkinlərinin payına düşür. Bununla da buğdanın əksin sahələri illik müqayisədə 7.4 faiz azalıb.
2023-cü ilin eyni dövrünə səpin aparılmış sahənin 98.7 faizini və yaxud 1 milyon 41.15 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 646.22 min hektarı buğda, 394.76 min hektarı arpa, 160 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (56.6 min ha), Füzuli (32 min ha), Şamaxı (29.3 min ha), Hacıqabul (24.6 min ha), Şəki (24.1 min ha), İsmayıllı (21.2 min ha), Ağcabədi (20 min ha) və Xocavənd (18.9 min ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (34.5 min ha), Şəki (34.2 min ha), Neftçala (26.7 min ha), Biləsuvar (24.3 min ha), Ağsu (19.9 min ha), Goranboy (15.7 min ha) və Qobustan (14.6 min ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4.6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9.9 faiz azalıb, arpanın səpin sahəsi 4.3 faiz artıb.
Vüqar Hüseynov
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Yeni Müsavat”ın sorğusuna cavabında bildirdi ki, respublika ərazisində davamlı yağıntının olması bəzi günlərdə taxıl biçininin əvvəlki sürətlə aparılmasına mane olsa da, bu qrafikin pozulmasına səbəb olmayıb: “Bəzi rayonlarda müəyyən ləngimələr olub. Taxıl biçinini aparmaq üçün sahədə nəmlik faizi tam şəkildə aşağı düşməlidir. Bu, biçinin itkisiz aparılması üçün əsas şərtlərdən biridir. Amma bu ümumilikdə taxıl biçini prosesinin qrafikdən kənara çıxmasına təsir göstərməyib. İyulun 2-nə olan operativ məlumata görə, respublika üzrə taxıl sahələrinin 60,2 faizində biçin başa çatıb”.
Qeyd edək ki, Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib. Tədarük ediləcək ərzaqlıq buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir.
Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməlidir. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəricilərini Dövlət Ehtiyatları Agentliyi əlavə olaraq yoxlayacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti hər ay üçün ondan öncəki ay ərzində ölkəyə idxal edilən ərzaqlıq buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq müəyyən ediləcək.
Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbul məntəqələri Bakı, Gəncə, Şəki, Xızı, Kürdəmir, Şabran və Xaçmazda yerləşir.
Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyi taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
FHN-dən verilən məlumata görə, müraciətdə bildirilib ki, taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.
Yuxarıda qeyd olunanları və biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır:
- taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır!
- yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;
- taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir;
- biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir;
- işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır!
- tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;
- əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır;
- yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışılmalı və “112" qaynar xəttinə məlumat verilməlidir.
Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ