İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana avtomobil axını - bəs qiymətlər, tıxac problemi...

Ölkəyə kütləvi şəkildə maşınlar gətirilirsə, bu da nəqliyyat sıxlığını daha da artırır - ekspertlərin fərqli rəyi

Bu ilin yanvar-mart aylarında Azərbaycana 22 936 minik avtomobili gətirilib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bu sayda avtomobilin idxalına ümumilikdə 400,3 milyon ABŞ dolları xərclənib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil idxalı kəmiyyət ifadəsində 3365 ədəd və ya 17,2%, dəyər ifadəsində isə 40,2 milyon ABŞ dolları və ya 10,9% artıb. 2024-cü ilin birinci rübündə Azərbaycana 361 milyon ABŞ dolları dəyərində 19 571 avtomobil idxal edilib.

Hesabat dövründə ölkəyə ümumi dəyəri 9,5 milyon ABŞ dolları olan 10 və daha çox insanın daşınması üçün nəzərdə tutulmuş 112 ədəd motorlu nəqliyyat vasitəsi, o cümlədən ümumi dəyəri 357,3 milyon ABŞ dolları olan 20 946 ədəd minik avtomobili və ilk növbədə sərnişindaşıma üçün nəzərdə tutulmuş digər nəqliyyat vasitələri idxal edilib. Ölkəyə avtomobil idxalı artır, bəs qiymətlər necə artırmı? İdxalın artmasının tıxac probleminə hansı təsiri var.

Sərnişin taksiyə əyləşəndə mənzil başına salamat gedib çatacağına əmin  deyil - Eldəniz Cəfərov - "İki sahil"

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ölkəmizə idxal olunan nəqliyyat vasitələrin sayının artması təbiidir. Azərbaycan dünya xəritəsində turistik ölkə kimi tanınır. Ona görə də nəqliyyat vasitələrinin ölkəyə idxalında turistik məqsədlər də var. İqtisadiyyat dayanıqlı olduqca və ölkə əhalisinin sayı artdıqca nəqliyyat vasitələrinə tələb artır.

Əslində avtomobil bazarında fəallıq iki ildir ki, o qədər də yüksək deyil. Qiymətlərdə kəskin artım yoxdur. Aprelin sonu-mayın əvvəlində ölkəyə idxal olunan yeni avtomobillərin qiymətində 3-5 faiz civarında artım ola bilər. Bu da dünya bazarında ehtiyat hissələrinin artması və daşınma xərcləri ilə bağlıdır.

Ötən ilin və bu ilin statistikasına baxsaq görərik ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin sayı getdikcə artır. Belə ki, ötən il ölkəmizə idxal olunan avtomobillərin 30 faizi ekoloji cəhətdən təmiz nəqliyyat idi. Bu ilin sonuna kimi Azərbaycana gətirilən belə avtomobillərin payı 50 faizi keçəcək.

Ölkədə nümayəndəliyi və rəsmi xidmət mərkəzi olan şirkətlərin idxal etdiyi zəmanətli avtomobillərlə yanaşı, zəmanəti olmayan avtomobillərin də daşınması var. Bu avtomobilləri satan şəxslərin rəsmi xidmət mərkəzləri mövcud deyil. Burada vətəndaşların istehlakçı kimi hüququ pozulur, onlara çox böyük problemlər yaradır".

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qəzetə açıqlamasında bildirib ki, ölkəyə kütləvi şəkildə avtomobillər gətirilirsə, bu da öz növbəsində nəqliyyat sıxlığına səbəb olur: “Biz bunun kökünü araşdıranda görürük ki, insanların iqtisadi imkanları genişlənir və hər bir ailə istəyir ki, özünün şəxsi avtomobili olsun. Heç kim durub vətəndaşa deyə bilməz ki, maşın alma. Aidiyyəti qurumlar bunu təhlil etməlidir ki, niyə bu qədər maşın alınmasına ehtiyac duyulur.  İnsanları ictimai nəqliyyat yox, şəxsi nəqliyyat maraqlandırır. Burada bəhsə girmək də, təlabat da var. İctimai nəqliyyat inkişaf etdikcə, bu tendensiya azalacaq. Hazırda isə ölkəyə gətirilən avtomobillərin illik sayı 100 min civarında olur. Bu, çox böyük göstəricidir. Ötən il elə gün olub ki, bir gün ərzində ölkəyə 600 avtomobil gətirilib. Bu, rekord göstəricidir. Bunun qarşısını almaq üçün müəyyən metodlar tətbiq etmək olar. Məsələn, ölkəyə qəzalı avtomobilləri gətirmək olmaz. Alverçilər  maşınları qəzalı vəziyyətə salıb gətirirlər ki, gömrük rüsumları az olsun. Sonra isə kosmetik dəyişiklik edib satırlar. O ölkələrdə bunun qarşısı alınır ki, orada daxili istehsal var. Azərbaycanda hələ güclü istehsal yoxdur, başqa ölkələrdə istehsal olunan avtomobil hissələri ölkəmizdə quraşdırılır. Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti taksi fəaliyyəti üçün nəzərdə tutulub. Sahibkarlar alıb ölkəyə gətirir”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR