İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı olmaq ilbəil bahalaşır - qiymətin artım səbəbi...

Ekspertlər deyir ki, məsələyə həssas yanaşılmalı və bir həll yolu tapılmalıdır

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub. Kvota azaldılsa da, Həcc ziyarətinin qiyməti artırılıb. Belə ki, bu il Həcc ziyarətinin 5 950 ABŞ dollarına başa gələcəyi açıqlanıb. 

Bu, ötən ilə müqayisədə 100 dollar artıqdır. Beləliklə, Həcc ziyarətinə getmək istəyənlər hazırkı məzənnə ilə 10 115 manat pul ödəməlidir. Ümumilikdə, pandemiyadan əvvəlki dövrlə müqayisədə Azərbaycandan Həcc ziyarəti bahalaşıb - 2022-ci ildə 5356, 2023-cü ildə 5750 manat olub. Artımın səbəbləri məlum deyil. 2023-cü ildə Qafqaz Müsəlmanları İdarəsi bahalaşmanı müharibələrlə əlaqələndirib. “Dünyada müharibə səbəbindən ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu isə hotellərdə qiymətlərin artmasına təsir göstərib. Müharibə fonunda dünyada baş verən iqtisadi böhranlar qiymətləri bahalaşdırıb”, - idarə rəsmisi Vüsal Cahangiri həmin dövrdə mətbuata açıqlamasında bildirib. Bu qiymətlər adekvatdırmı? Ümumən, tariflər necə müəyyən olunur? 

Məlumat üçün bildirək ki, 2025-ci ildə Həcc ziyarətinin müxtəlif ölkələrdə təxmini qiymətləri müxtəlifdir. Misal üçün, Türkiyədə Həcc ziyarəti qiyməti 2025-ci il üçün 6500 ABŞ dollarıdır. Həcc ziyarətinə növbəsiz getmək isə 11 min ABŞ dollarına başa gəlir.

Rusiyada Həcc ziyarətinin qiyməti 5500 dollardır. Nöbdədənkənar qiymət isə təxminən 11 min ABŞ dollarına başa gəlir.

İran İslam Respublikasında isə Həccin qiyməti 5 min ABŞ dolları civarındadır. Pakistanda ziyarətin qiyməti dövlət və özəl paketlərə görə 3,000-5,500 ABŞ dolları arasında dəyişir. Hindistanda regiondan asılı olaraq qiymətlər 3,200-4,500 ABŞ dolları arasında dəyişir. Böyük Britaniyada lüks xidmətlər daxil edildikdə, qiymətlər 6,000-10,000 ABŞ dolları civarındadır. ABŞ-da uzaq məsafə və lüks xidmətlər səbəbilə qiymət 8,000-12,000 ABŞ dolları arasındadır. İndoneziyada isə dövlət subsidiyaları hesabına qiymətlər daha münasibdir və 3,000-4,000 ABŞ dolları arasında dəyişir.

Onu da nəzərə çatdıraq ki, qiymətlərə xidmət səviyyəsi, nəqliyyat xərcləri, yaşayış şəraiti və digər xidmətlər təsir edir. 

Ceyhun Məmmədov: “Millətimiz uzun illərdi bu günləri gözləyirdi”

 Ceyhun Məmmədov

İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, əvvəlki illərlə müqayisədə, dünyada gedən proseslərə baxdıqda, qiymətlərin sürətlə artdığı müşahidə olunur: “Hazırda sosial mediada bu mövzu ətrafında ciddi müzakirələr aparılır. Mən daha əvvəl də bu məsələyə münasibət bildirmişdim və demişdim ki, bu cür müzakirələrin qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsi qiymətlərlə bağlı açıqlama versin. Bunun ciddi səbəbləri var. Məsələn, təyyarə xərcləri, hotel qiymətləri və digər əlaqəli faktorlar qiymət artımına səbəb olub. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilən açıqlamada da qeyd edilir ki, qiymət artımına səbəb hotel qiymətlərinin, təyyarə biletlərinin bahalaşmasıdır. Qiymət artımlarının hər bir vətəndaş üçün əlçatan olmaması da bir gerçəkdir. Hər bir Azərbaycan vətəndaşının belə yüksək qiymətləri ödəmək imkanı olmaya bilər. Buna görə də bu məsələyə həssas yanaşılmalı və bir həll yolu tapılmalıdır. Mən hesab edirəm, burada daha geniş bir qruplaşdırma aparmaq faydalı ola bilər. Məsələn, dünyanın bir çox ölkələrində olduğu kimi, qiymət fərqlərini hotel ulduzları əsasında müəyyənləşdirmək mümkündür. Hazırda 5 və 6 ulduzlu, 4 ulduzlu və 3 ulduzlu hotellər arasında qiymət fərqi var. Yəni hamı üçün 10 min manat tətbiq olunmasın. Bu cür bir qruplaşdırma tətbiq olunsa, 3 ulduzlu hotel üçün daha münasib qiymət müəyyən edilə bilər, 4 ulduzlu üçün fərqli, 5 ulduzlu hotel üçün isə daha yüksək qiymət təyin edilə bilər. Bu yolla, müəyyən qədər hər kəs üçün əlçatan bir həll tapmaq mümkündür”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Dini məsələlər üzrə mütəxəssis Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Təbii ki, Həcc qiymətləri - səfər, oradakı hotel və çadırlarda gecələmək xərclərinə görə, habelə Səudiyyə Ərəbistanının təyin etdiyi vergilərə görə müəyyən olunur. Ziyarəti təşkil edən şirkət, yəni QMİ tərəfindən təyyarə kirayələnir, habelə orada avtobuslar, hotellər icarəyə götürülür, həmçinin ziyarətin bir hissəsində çöldə olarkən çadırlar kirayələnir. Həm də nəzərə almaq lazımdır ki, səfər 20 gündən artıq davam edir. Qiymətləri hesablamaq üçün bu tarifləri bilmək lazımdır. Ona görə də dəqiq rəqəm demək çətindir. Bununla belə, 6 min dollar çoxdur. Düşünürəm ki, qiymətlərin yüksək olmasının daha bir səbəbi, daha doğrusu, qiyməti nisbətən ucuzlaşdırmaq üçün vasitələrdən biri də Həcc ziyarətinin təşkilinin digər şirkətlərə də təklif olunmasıdır. Daha əvvəl, 2000-ci illərin əvvəllərində bir neçə il Səudiyyə Ərəbistanı ziyarəti təşviq etmək üçün ölkələrdə özəl şirkətlərə də Həcc ziyarətinin təşkili lisenziyası verirdi. Ancaq sonradan bu qərar ləğv olundu və əsasən hər ölkədən bir təşkilata, o da adətən rəsmi quruma Həcc ziyarəti təşkili lisenziyası verildi. Bizdə də bu qurum QMİ-dir. Ziyarət qiymətlərinin endirilməsinin bir yolu da dövlət dəstəyi ola bilər. Xüsusən də uzun illər arzusuzunda olub, amma gedə bilməyən insanlara dövlət hansısa formada dəstək göstərə bilər. Ya da məsələn, dövlət qurumu özü də Həcc səfəri təşkil edə bilər. Bəlkə bu zaman daha ucuz başa gəldi”. 

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu 21 yanvar 2025-ci ildən başlayacaq. Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.

Afaq MİRAYIQ, 
“Yeni Müsavat”


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR