İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda da “üzdəniraq”lara qarşı qanun təsdiqləndi - bəs Azərbaycan?

Fazil Mustafa: “Azərbaycanda LGBT-nin ən çox təbliğ edildiyi yer televiziyalardır və...”

Son illərdə ailə dəyərlərinin məhv edilməsi, müxtəlif mənəvi çaxnaşmaların yaradılması üçün dünyanın bəzi gücləri LGBT təbliğatını gücləndirir, maddi və digər şirnikləndirici üsullarla tərəfdarlarını artırır. Bu tendensiyanın qarşısının alınması üçün bir çox dövlətlər LGBT təbliğatını qadağan edən xüsusi qanun qəbul edirlər. Türkiyə, Rusiyanın ardınca Gürcüstanda da bu qanun sentyabrın 17-dən artıq qüvvəyə mindi. 

Sirr deyil ki, “üzdəniraq”ların Azərbaycanda da təbliğatını aparan qruplar var, onlar bəzən aksiyalar da keçirir. Bizdə də bu qanun qəbul olunmalıdırmı?

Qeyd etmək yerinə düşər ki, zaman-zaman ictimaiyyət arasında tanınmış şəxslər tərəfindən LGBT təbliğatı ilə bağlı çağırışlar olur. 

Şair-publisist Murad Köhnəqala öz sosial media hesabından sərt mövqeyini bildirib: “Ay yoldaşlar, xəbəriniz varmı, bu LGBT bayrağının rəngləri artıq ölkədə bütün sektoru başına götürüb?! Özü də "18+" kateqoriyasına aid yerlərdə nümayiş etdirilsə dərd yarı, ən pisi odur ki, uşaqlara aid olan əksər qida, geyim və oyuncaqların üzərində LGBT-nin bayrağı əks olunur. Azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqların, qida məhsullarının, paltarların üstündə mavilərin, lezbiyanların bayrağının rənginin nə işi var axı?! Uşaqlarımıza ikicinsliliyi təbliğ-təlqin etmək istəyən məhsulları ölkəmizə hansı qüvvələr ötürür, bir bilən varmı?! Təcili-təcili-təcili! Bu cür məhsulların ölkəyə idxalının qarşısı təcili alınmalıdır!!!"

Hökumət Azərbaycan xalqının dini iradəsini təsdiqləyir - Elvüsal Məmmədov |  Hafta.az

Elvüsal Məmmədov 

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov də məsələ ilə bağlı fikrini bildirib: “Rusiyada LGBT təbliğatını qadağan edən qanun layihəsi qəbul olunub. Böyüklərin arasında LGBT təbliğatı aparanlar 5 milyon, uşaqların arasında bunu edənlər 4 milyon rubl cərimə olunurlar. Cinsi dəyişməyi təbliğ edənlər əlavə olaraq, 15 sutka həbsə atılır. Xarici vətəndaşların ölkədən çıxarılması, internetdə pedofiliya təbliğatı aparanların 10 milyon cəriməsi, LGBT təbliğatı olan filmlər və medianın yasaqlanmasından gedir söhbət. Bu addımı rus pravoslavlığı və siyasi təfəkkürünün müdafiə instinktinin nəticəsi hesab etmək mümkündür. Rusiya Qərbdən fərqli olaraq pozitivist hüquqa mütləq dominantlıq kəsb etdirməklə mənəvi dəyərlərə qlobal müstəvidə savaş açan cəbhəni təmsil etmir. Bu baxımdan Rusiya təqdirəlayiqdir...” 

“Vikipediya” məlumatında qeyd edilir ki, 1918-ci ildə Rusiya imperiyasından ayrılaraq müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasında homoseksuallığa qarşı qanun yox idi. 1920-ci ildə Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından sonra ölkədə kişilər arasında cinsi əlaqələri qadağan edən qanun qüvvəyə minmişdi. Baxmayaraq ki, Vladimir Lenin Sovet Rusiyasında homoseksuallığı leqal elan etmişdi, 1923-cü ildə Azərbaycan SSR-də kişilər arasında münasibətlər (qanunda səhvən pedarastiya adlandırılır, praktikada isə daha çox sodomiya ifadəsi işlədilirdi) cinayət tərkibli əməl elan edilmiş, hər iki tərəf könüllü şəkildə belə münasibətə razılaşmışdısa, beş il, bir tərəf digər tərəfə qarşı təhdid və təzyiq istifadə etmişdisə, güc tətbiq edən tərəf səkkiz il azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. 

1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini elan etmiş, 2000-ci ildə isə sovet dövründən qalma antisodomiya qanunu ləğv edilmişdi. Azərbaycan Respublikası Milli Məclisinin rəsmi qəzeti olan Azərbaycan qəzetinin 28 may 2000-ci ildə nəşr edilmiş xüsusi nömrəsində qeyd edilir ki, Milli Məclis yeni Cinayət Məcəlləsini qəbul edib, Prezidentin imzalaması ilə həmin məcəllə 2000-ci ilin sentyabrından qüvvəyə minib. 121-ci maddənin ləğv edilməsi Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün qarşısına qoyulmuş şərtlərdən biri idi, 2000-ci ildə antisodomiya qanununun ləğvindən sonra 25 yanvar 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul edilmiş və şuranın 43-cü üzvü olmuşdur. 

2011-ci ildən sonra xarici donorların təsiri ilə ölkəmizdə “üzdəniraqların” təşkilatları da yaradılıb. Onlar indi də sərbəst şəkildə fəaliyyətlərini davam etdirirlər. 

Fazil Mustafa güllələndi — Yenilənib

 Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Məncə, bu məsələləri qanunla tənzimləmək yerinə qanunla cəmiyyətdə ailə dəyərlərinin möhkəmlənməsi, onun faydalı istiqamətləri, maddi cəhətdən dövlətin və cəmiyyətin dəstəkləməsi yönündə işlər görmək lazımdır. Əgər bir insanın mənzillə bağlı problemi varsa, demək, ipoteka şərtləri yaxşılaşdırılmalıdır ki, gənclər mənzil alıb evlənə bilsinlər. Əgər hansısa bir şəkildə sosiallaşma problemi varsa, bunu regionlarda təmin etmək lazımdır. Məşğulluğu artırmaq lazımdır ki, adamlar narkomaniyaya yönəlməsinlər. Elə üzdəniraq həyat tərzinə yönəliş də buna bağlı olur. Xaricdən yönəldilən ayrı-ayrı qrupların təsiri altında cins dəyişməyə və başqa addımlar atmağa qol qoyurlar. Bu olduqca təhlükəlidir. Bunu qanunla qadağan etmək insan haqları kontekstində problemlər ortaya çıxarır. Amma cəmiyyətin bütövlükdə yaxşı dəyərləri daha çox önə çəkməsi digərlərinin artıq belə bir cəmiyyətdə özünün yanlış ideyalarını təbliğ etməsinə imkan tanımayacaq. Onlar bundan çəkinəcək. Ona görə biz daha çox yaxşı nümunələr üzərində işləməliyik. Başqa ölkələrdə təbii ki, bununla bağlı müəyyən qanunlar nəzərdə tutulur. Biz də qanunvericilikdə bununla bağlı müəyyən müddəalar nəzərdə tuta bilərik. Amma bu, məsələnin həlli mənasına gəlmir.  Ona görə biz çalışmalıyıq ki, bu cür insanların həyat tərzini təbliğ edən məsələlər ortadan qalxsın. Bu gün faktiki olaraq Azərbaycanda LGBT-nin ən çox təbliğ edildiyi yer Azərbaycan televiziyalarıdır, yaxud da sosial şəbəkələrdir. Elə etməliyik ki, bunun xəstəlik, anormal bir həyat tərzi olaraq tanınmasını təmin edə bilək, insanlar buna meyillənməsinlər. Eyni zamanda qida təhlükəsizliyi məsələnə baxmalıyıq. Hormonal xəstəliklərin böyük əksəriyyəti yediyimiz qidalarla bağlıdır. Bunun da mənfi nəticələrini görməliyik. Ona görə  bir çox dəyişikliklər edilməlidir. Buna həssas yanaşmalıyıq”.      

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR