Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər.
Deputatlar oktyabrın 26-da Tiflisə yola düşəcəklər.
Gürcüstan üçün bu seçki tarixi əhəmiyyətlidir. Çünki proseslər bəzi qüvvələrin seçkidən istifadə edərək ölkədə qarışıqlıq yaratmaq istədiyini göstərir. Gürcüstanın hazırkı hakimiyyətinə qarşı ittihamlar, sanksiya təhdidləri siyasi mühitdə mövcud olan gərginliyi daha da artırır. Ölkədə çevriliş cəhdi ilə bağlı da ehtimallar səslənir. Gürcü xalqının bu qədər təlatümlü şəraitdə necə davranacağı isə bir neçə gündən sonra aydın olacaq.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında gürcü xalqının təzyiqlərə əhəmiyyət verməyəcəyini, müstəqil iradə ilə qərar qəbul edəcəyini bildirib:
"Gürcüstan çox mühüm tarixi seçkilərə hazırlaşır. Bu milli demokratiya tarixində mühüm hadisə olacaq. Təəssüf ki, Qərb demokratik dəyərləri yenidən istismar edir və Gürcüstan cəmiyyəti Qərbin demokratiya manipulyasiyasının təzyiqi altındadır. Belə olan halda xalqın açıq şəkildə öz iradəsini seçki vasitəsilə ortaya qoyması mürəkkəbləşir. Partiyaların reytinqinə diqqət çəkən deputat bildirib ki, seçki ərəfəsində hakimiyyətə iddia edən tərəflərin- "Gürcü arzusu" və ona müxalif olan qüvvələrin reytinqlərdəki yerinə baxanda görürük ki, "Gürcü arzusu" 60 faizdən çox müsbət rəy sorğusu ilə seçkiyə gedir. Bu, üstünlükdür. Digərləri isə koalisiya halında bu rəqəmdən təxminən 20 faiz geri qalırlar. Buna görə də düşünürəm ki, bu qədər fərq əslində sabitliyin zəmanətidir. Yəni, iddialı tərəflər arasında fərq az olsa idi, bu zaman qarşıdurma riski arta bilərdi. Ümid edirəm ki, çevriliş olmayacaq. Gürcüstanın baş naziri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək seçki ilə bağlı ictimai əhval -ruhiyyəni nəzarətdə saxlamaqla bağlı göstəriş verib. Bu həm də onun göstəricisidir ki, Gürcüstan hakimiyyəti mümkün ssenarilərə hazırdır, mümkün qarşıdurma yaxud hökumət çevrilişinə cəhdlərlə bağlı hazırlıqlıdır. Bütün hallarda bəzi qərbpərəst mərkəzlər mütləq qarşıdurmanın olmasında israr edirlər. Ancaq gürcü xalqı öz taleyinin həll olunduğu belə bir tarixi seçkidə qarşıdurmadan yayına biləcək".
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ