Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Baş verənlər artıq Cənubi Qafqaz uğrunda böyük güclərin maraq müharibəsinin açıq-aydın müstəviyə keçdiyini göstərir”
Mayın 13-də Gürcüstan parlamentində "Xarici agentlər haqqında" qanun layihəsinin üçüncü, sonuncu oxunuşu gözlənilir. Bu ərəfədə isə paytaxt Tiflisdə yeni sənədə etirazlar daha geniş vüsət almaqdadır.
Eyni zamanda hökumətə Qərbin təzyiqləri artır. Gürcüstan hökuməti sanksiyalarla da hədələnib. Onların arasında Avropa İttifaqına (Aİ) namizədlik statusunun və vizasız rejiminin ləğvi də var.
Maraqlıdır ki, yeni qanun Qərbdə ilk növbədə “demokratiyaya zərbə” kimi qiymətləndirilir.
“Gürcüstanın demokratik prinsiplərdən geri çəkilməsi Birləşmiş Ştatları dərindən narahat edir”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan özünün X mikrobloqunda yazıb.
Sallivanın sözlərinə görə, Gürcüstan “Kreml tipli” "Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləmək və ya dəstəkləməmək arasında seçim etməlidir: “Gürcüstan parlamentariləri kritik seçim qarşısındadır - gürcü xalqının Avroatlantik istəklərini dəstəkləmək və ya demokratik dəyərlərə zidd olan Kreml tipli "Xarici agentlər haqqında" qanun qəbul etmək. Biz gürcü xalqını dəstəkləyirik”.
Mayın 13-15-də isə Avropa İttifaqından nümayəndə heyəti yaranmış vəziyyətlə bağlı Gürcüstana səfər edəcək. Lakin baş nazir İrakli Kobaxidze qonaqları qəbul etməyəcəyini bildirib. Bunu da onunla əlaqələndirb ki, hazırda belə səfərə ehtiyac yoxdur.
“Radikal müxalifət tərəfindən təşkil edilən və xaricdən maliyyələşən aqressiv gənclərdən ibarət qruplarının sabah və birisi gün (mayın 13 və 14-də - red.) Gürcüstan parlamentinə və polisinə qarşı zorakılıq aksiyaları keçirməyi planlaşdırdığı barədə dəqiq məlumatımız var”.
Bunu da Kobaxidze deyib.
Hər şeydən göründüyü kimi, qonşu ölkə həlledici həftəyə daxil olub. Bəs hökumət Qərbin (ABŞ və Aİ-nin) təzyiqlərinə tab gətirəcəkmi? Azərbaycan üçün baş verənlərin “yan təsirləri” nə ola bilər? Qonşu Ermənistanda da vəziyyətin qəliz olması fonunda ölkəmiz indi “sabitlik adası” kimi görünür.
Bəs qonşu ölkələrdə baş verənlərin Azərbaycana hansısa təsirləri, perspektivdə təhlükəsi varmı?
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin üçüncü oxunuşunu mayın 14-də həyata keçirəcək və çox böyük ehtimalla qəbul edəcək. Bu qanunun yenidən hakim partiya tərəfindən parlamentə qəbul üçün irəli sürülməsi Gürcüstanda çox ciddi narazılıqlara səbəb olub: “Qərb dairələri ölkə daxilində maraq qrupları vasitəsilə özlərinin regiona təsir imkanlarını genişləndirməyə çalışırlar. Həmin qüvvələr bu qanunu Gürcüstana təsir imkanlarının zəiflədilməsinə xidmət eləyən, onların maraqlarına vurulan zərbə kimi qiymətləndirirlər. Təəssüf ki, bu qanunun qəbulunu Rusiyanın təsiri altında Rusiyaya meyillilik kimi təbliğ etməyə çalışırlar. Əslində Gürcüstanın mövcud hakimiyyəti bununla Qərb qüvvələrinin əlində çox ciddi silaha çevrilmiş QHT-lər, vətəndaş cəmiyyəti institutları vasitəsilə ölkədaxili siyasətə, ölkədaxili proseslərə müdaxilə imkanlarını sıfırlamaq, kənar güclərin ölkə daxilindəki hadisələrdə iştirakını zəiflətməyə çalışır. Kifayət qədər də normal bir gedişdir. Eyni xarakterli qanun dünyanın bir çox ölkələrində, eləcə də Qərb ölkələrində, ABŞ-da çoxdan qəbul edilib və həyata keçirilir. Eyni zamanda, məsələn, Fransa parlamentinin aşağı palatasında "Xarici təsirlər haqqında" qanun qəbul olunub və yuxarı palatada da yaxınlarda qəbul olunacağı gözlənilir. Belə bir halda özlərinin qəbul etdiyi və özlərinin daxili siyasətinə kənar müdaxilələrə imkan vermədikləri halda, başqa bir dövlətə bu istiqamətdə qanun qəbul etməsini demokratiyaya, Avropa dəyərlərinə zərbə kimi qiymətləndirmələri təbii ki, siyasi riyakarlıq və ikili standartın nümunəsidir. Bu mənada hesab edirəm ki, Gürcüstanın hazırkı hakimiyyəti Azərbaycandan nümunə götürərək müstəqil siyasət yeritməyin müsbət tərəflərini görür və bu istiqamətdə fəaliyyəti davam elətdirmək niyyətindədir. Təəssüf ki, vəziyyətdən istifadə edərək Gürcüstanda prosesləri qarışdırmaq, xalq narazılığı formalaşdırmaq və bununla da hakimiyyəti geri addım atmağa məcbur etməyə çalışırlar. Hətta o dərəcədə ki, ABŞ-ın xarici maliyyə qurumları, xüsusilə NED beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmama prinsiplərini kobud şəkildə pozaraq Gürcüstan vətəndaşlarını kütləvi itaətsizliyə, mövcud hökumətə qarşı çıxmağa çağırdı. Bunun üzərindən biz ABŞ Konqresinin 29 nümayəndəsinin Gürcüstan hakimiyyətinə ötən il olduğu kimi üçüncü oxunuşda qanunu geri çəkməklə bağlı tələb xarakterli çağırışını müşahidə etdik. Bunun üzərindən isə Avropa İttifaqının rəsmi nümayəndə heyəti Gürcüstanda səfərdədir. Məqsəd Gürcüstan hakimiyyətini bu qanunun qəbul edilməsindən çəkinməyə məcbur etməkdir. Hesab edirəm ki, bu, artıq Cənubi Qafqaz uğrunda böyük güclərin maraq müharibəsinin açıq-aydın müstəviyə keçdiyini göstərir".
Politoloq qeyd etdi ki, Qərb özünün bölgə ilə bağlı neoimperialist iddialarını, hədəflərini reallaşdırmaq, Rusiyanın bölgəyə təsir imkanlarını daha da zəiflətmək, yerli idarəetmə strukturlarını, yerli hakimiyyətləri daim nəzarət altında saxlamaq üçün çox ciddi və böyük maliyyələrə əsaslanan təsir mexanizmi formalaşdırıb. Bu hörümçək toruna bənzər mexanizmlərin dağıdılmasına xidmət eləyən addımlara imkan vermək istəmir. Oxşar situasiya təxminən Ermənistanda da baş verməkdədir: “Burada Qərbin maraq qruplarına təsirindən daha çox Qərbin Azərbaycan və Ermənistan arasında münaqişəli vəziyyətin qorunub saxlanması üzərindən bölgədə öz maraqlarını həyata keçirmək, xüsusilə Ermənistana və Azərbaycana təsir imkanlarını qoruyub saxlamaq imkanlarına əks İrəvanın son davranışları Ermənistan daxilində də müəyyən narazılıqların yaradılmasına start verilməsi ilə nəticələnib. Burada da hədəf Ermənistan hakimiyyətini təzyiq altına salmaqla Azərbaycanla sürətli münasibətlərin bərpa olunması prosesinin qarşısını almaq, münaqişə vəziyyətini qoruyub saxlamaqdır. Təbii ki, hədəf bölgəmizdir, hədəf Azərbaycanın yaratdığı yeni reallıqların dəyişdirilməsi, tamamilə fərqli reallıqların formalaşdırılmasıdır. Hədəf Cənubi Qafqazın yenidən münaqişə bölgəsinə çevrilməsi və nəticə etibarilə əsas rəqibin - Rusiyanın təsir imkanlarını zəiflətməklə bölgənin tam şəkildə Qərbin təsiri altında, Qərbin maraqlarına xidmət eləyəcək bir bölgəyə çevrilməsidir”.
A.Əliyevin sözlərinə görə, bu hədəflərin qarşısında başlıca maneə Azərbaycan dövlətidir. Amma Azərbaycan dövlətinin vaxtında uzaqgörənliklə qəbul etdiyi qərarlar ölkə daxilində çaxnaşmalar yaratmaq, vətəndaş cəmiyyəti institutları adı altında formalaşdırdıqları maliyyə maraq qruplarının aranı qarışdırmaq imkanlarını demək olar ki, sıfırlayıb: “Maraq qruplarının maliyyələşdirilməsi son vaxtlara qədər Gürcüstan daxilindəki QHT-lər vasitəsilə həyata keçirilirdi. Buna da qarşı Azərbaycanın müvafiq dövlət qurumları həmişə sərt davranış nümayiş etdirib. Milli maraqlarımıza zidd fəaliyyətlərin və bu cür fəaliyyətlərin maliyyələşdirilməsinin qarşısının alınmasına çalışılıb. Ötən ilin sonlarından başlayaraq həyata keçirilən bir sıra həbslər, QHT-lər və "azad mətbuat" adı altında fəaliyyət göstərən media qurumlarının fəaliyyətinin dayandırılması, onların yoxlamalara cəlb olunması da Qərbin Azərbaycan sərhədləri daxilindəki proseslərə müdaxilə imkanlarına çox ciddi zərbələr vurub. Ona görə hesab edirəm ki, oxşar addımların Gürcüstan hakimiyyəti tərəfindən də atılması Qərbin bölgəyə təsir imkanlarını ciddi sual altına qoyduğu üçün öz maraqlarını müdafiə etmək baxımından özünü qoruma instinktinin də müşahidə edildiyini söyləyə bilərik".
Ekspert vurğuladı ki, nəticənin necə olacağı Gürcüstan hakimiyyətinin iradəsindən asılı olacaq. İndiki halda hakim partiya, onun fəxri sədri proseslərə kənar güclərin təzyiqlərinə nə qədər tab gətirə biləcək nəticə bundan asılı ola bilər: “Gürcüstanın bu qanunu qəbul edib reallaşdırması imkanları mövcuddur. Bu imkanlar çoxdur. Nəzərə də almaq lazımdır ki, bu qanunda Gürcüstanın maraqlarına zərbə vuracaq heç bir maddə öz əksini tapmır. Mən həmin qanun layihəsini oxudum və bu nəticəyə gəldim. Prosesin yekun nəticələri yəqin ki, qısa müddət ərzində özünü göstərəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ