İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü kanalında "Basqalı" rəqsi yenidən "erməni şalaxosu" kimi təqdim olundu – Video  

Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, Gürcüstanın “İMEDİ” televiziya kanalında Azərbaycana məxsus “Basqalı” rəqsi növbəti dəfə təhrif edilərək “Somxuri şalaxo” – "erməni şalaxosu" kimi təqdim olunub.

Musavat.com bildirir ki, bu dəfə gürcü müğənni Tamar Kotetişvili sintezatorun müşayiəti ilə Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsinə (musiqisinə) yazılmış mahnını “erməni şalaxosu” adı altında ifa edib.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Ötən ilin sentyabrında “İMEDİ” kanalında yayımlanan “Çveni şou” proqramında müğənni Dodona Namoradze, 2023-cü ilin noyabrında isə “1TV.GE” telekanalında yayımlanan “Natalia & Datuna” şou proqramında müğənni Natalia oxşar addım atmışdı.

Bundan başqa, ötən ilin may ayında “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında Azərbaycan xalq mahnısı “Bu qala, daşlı qala” "Sənə sevgi söz verirəm" adı ilə gürcü dilində təqdim edilmişdi.

Məsələ ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyi Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “SAKPATENTİ”nin rəhbərliyinə rəsmi müraciət ünvanlamışdı. Bu günlərdə “SAKPATENTİ”nin sədr müavini Tika Nebieridze cavab məktubunda bildirib ki, bu cür hüquq pozuntularının qarşısının alınması və hüquqların bərpası üçün müvafiq televiziya kanallarına müraciət edilib və məsələyə dair hərtərəfli araşdırma aparılır. O, əlavə edib ki, bu istiqamətdə hüquqi mexanizmlərin daha geniş tətbiqi də nəzərdə tutulur.

Lakin görünən odur ki, Gürcüstan televiziya kanalları Azərbaycan musiqi və rəqslərinin müəlliflik hüquqlarını pozmaqda davam edir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR