Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın dost bildiklərinin AŞ PA-da sərgilədiyi mövqe Bakının onlarla münasibətlərə yenidən baxmağını zəruri edir
Bakı ötən həftə AŞ PA-da formalaşan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında bu qurumla əməkdaşlığı dondurdu. Öz növbəsində AŞ PA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməkdən imtina edib. Bu qərarın lehinə 76 deputat, əleyhinə 10 deputat səs verib, 4 deputat isə bitərəf qalıb.
Qeyd edək ki, Ukrayna, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Kipr, Latviya, Lixtenşteyn, Moldova, Macarıstan, Niderland, Polşa, Şimali Makedoniya, Serbiya, Slovakiya, Monteneqro, Çexiya və Estoniya nümayəndə heyətləri səsvermədə iştirakdan imtina ediblər.
Məyusedici haldır ki, Azərbaycanın bir sıra Avropa ölkələri ilə yaxın, sıx əməkdaşlığa malik olmasına baxmayaraq, əraziləri işğala məruz qalmış Ukrayna, Moldova və yaxın qonşumuz Gürcüstan belə bu sırada yoxdur. Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin AŞ PA-da keçirilmiş səsvermədə nümayiş etdirdikləri mövqe ölkələrimiz və xalqlarımız arasında formalaşmış münasibətlərin ruhuna ziddir. Ekspertlərə görə, bu mövqe əslində Azərbaycana arxadan zərbədir. Azərbaycan aktiv diplomatiya potensialına malikdir və GUAM-a sədrliyi dövründə bu potensialdan istifadə edərək təşkilata yeni nəfəs verə biləcək. Lakin həmin ölkələrin belə davranışı Azərbaycanı bir daha düşünməyə vadar edir.
Sona Əliyeva
Sabiq deputat, siyasi şərhçi Sona Əliyeva hesab edir ki, GUAM-dan çıxmağın vaxtıdır: “AŞ PA-da Azərbaycanla bağlı səsvermədə bitərəf qalan ölkələrin son siyasi gedişləri böyük suallar doğurur. Əslində həmin ölkələrdir ki, ölkəmizdən qaz almaq istəyirlər. Hətta həmin ölkələrin ən ali liderləri belə Azərbaycan Prezidenti ilə görüşmək üçün randevu sırasına dururlar. Hətta Serbiya prezidenti bu yaxınlarda həmin fikri açıq şəkildə, ictimaiyyət önündə səsləndirmişdi. Onlar bir şeyi unutmamalıdırlar ki, Azərbaycanın diplomatiya yaddaşı heç nəyi yaddan çıxarmır. Rəsmi Bakı bu vaxta qədər Serbiyanın ərazi bütövlüyünü dəstəkləyib. Məhz bu faktora görə, Kosovanın müstəqilliyini tanımayıb. Rəsmi Belqrad bu nüansı unutmamalı idi. Axı AŞ PA-da müzakirə olunan məsələlərdən biri də Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Bu o deməkdir ki, artıq dünya nizamı ciddi şəkildə pozulub. Dövlətlərarası əlaqələr süni, düşünülmüş və uzaqgörən siyasətdən uzaq bir müstəvidə cərəyan edir. Azərbaycan Ukraynanın ən çətin günündə onu humanitar yardımlarla təmin edib. Bakı hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. Ukraynalı deputatlar AŞ PA-da Azərbaycanın yanında olmamaqla ölkəmizə arxadan zərbə vurmuş oldular. O ki qaldı GUAM məsələsinə, düşünürəm ki, Azərbaycan bu təşkilatdan çıxmalıdır. Gürcüstan Azərbaycanın qonşusu olduğu halda səsvermədə iştirak etmədi. Halbuki bu ölkə Azərbaycanın böyük enerji layihələri sayəsində ayaq üstə durmaqdadır. Moldova ilə də münasibətlər ən yüksək səviyyədədir. Amma onlar da bizimlə səmimi münasibət qurmaq istəmədiklərini son hadisələrdə göstərmiş oldular. Ona görə də bu ölkələrlə eyni platformada təmsil olunmaq bizə bundan sonra uğur gətirməyəcək. Çünki hər üç ölkənin prezidenti hazırda SOROS Fondunun maliyyə dəstəyi ilə hakimiyyətə gəlib. Onlar haqqın, ədalətin yox, öz ağalarının maraqlarını dilə gətirirlər. Onların dedikləri ilə oturub-dururlar. Biz GUAM-dan da nüfuzlu təşkilatlarda əsas söz sahibi olmuşuq, uğurlu idarəçiliklə yadda qalmışıq. Üstəlik, ərazi bütövlüyümüzü də bərpa etmişik. Ona görə də düşünürəm ki, GUAM adlı təşkilatdan çıxmağın vaxtıdır”.
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycanın GUAM-a heç bir ehtiyacının qalmadığını vurğuladı: “Bu haldan sonra Azərbaycan GUAM-a nəinki sədrlik etməlidir, ümumiyyətlə, bu qurumda iştirakını dayandırmalıdır. GUAM MDB daxili Rusiyaya qarşı separatçılıqdan əziyyət çəkən respublikaların qurduğu bir qurum idi. Bir dönəm Özbəkistan da burada iştirak etdi, sonra Əndican hadisələrindən sonra fəaliyyətini dayandırdı. Heç kəsə sirr deyil ki, GUAM-ın qurulmasının başında Amerika durmuşdu. Onsuz da neçə il idi ki, GUAM formal bir təşkilata çevrilmişdi. MDB özü də ciddi fəallığı ilə seçilmir, hələ ki qaldı bu təşkilatın daxilində qurulan hansısa bir qurum. GUAM öz qurulma fəaliyyətini doğrultmadı. Azərbaycan ərazi bütövlüyünü həll etdikdən sonra GUAM-da qalmasına ehtiyac qalmır. Bir də ki, əgər çətin bir dönəmdə həmişə dəstək verdiyimiz, həm də GUAM daxilində tərəfdaşlarımız sayılan ölkələr bizə dəstək olmursa, bizim də onlara daha dəstək olmağımız milli-dövlət mənafelərimizə ziddir. AŞ PA-da Azərbaycana qarşı səsvermədə əgər bizə Ukrayna, Gürcüstan, Moldova dəstək olmursa, nə vaxt yanımızda olacaqlar? Heç vaxt. Mən həmişə demişəm ki, Gürcüstan bizə dost ölkə olmayıb, olmayacaq da. Ukraynada erməni lobbisi güclüdür və bu da onların bizimlə münasibətində öz sözünü deyir. Moldova isə qalıb Avropa ilə Rusiyanın arasında, nə ətdir, nə də balıq.
GUAM-dan çıxmaqla həm də Azərbaycan bununla Ukrayna, Gürcüstan və Moldovaya AŞ PA-da göstərdikləri bifəva mövqelərinə cavab vermiş olar".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı rəsmi Bakının bu təşkilatla bağlı siyasətinə yenidən baxacağını düşünür: “Azərbaycanın dost bildiyi və münasibətlərinin yüksək olduğu ölkələrin AŞ PA-da sərgilədiyi mövqe məyusedicidir. Xüsusilə Ukrayna, Moldova və Gürcüstanın yanaşması təəssüf doğurdu. Çünki bu ölkələr GUAM-da Azərbaycanla tərəfdaşdır və hazırda təşkilata rəhbərlik edən Azərbaycana qarşı çıxdılar. Moldova bizə qarşı səs verdi, Ukrayna və Gürcüstan isə səsvermədə iştirak etmədi. Ukrayna və Gürcüstanın səsvermədə iştirak etməməsi siyasi gediş idi, çünki Avropaya qarşı çıxa bilmirlər, səsvermədə iştirak etməməklə Bakıya qarşı da mövqe sərgiləmədiklərini göstərirlər. Lakin bununla Azərnbaycanı tək qoydular. Halbuki səsvermədə iştirak edə, nəticəyə təsir edə bilməsələr də, Azərbaycanı dəstəkləməklə mövqelərini sərgiləyə bilərdilər. GUAM-da təmsil olunan üç ölkənin - Ukrayna, Moldova və Gürcüstanın Azərbaycana arxadan zərbə vurması təşkilatın perspektivini də sual altına salır, xüsusilə təşkilatın güclənməsi baxımından. Azərbaycanın GUAM-da sədrliyə başlaması bu təşkilatın beynəlxalq nüfuzunun güclənəcəyi gözləntisini yaradıb.
Çünki Azərbaycan diplomatik potensialından GUAM-ın beynəlxalq siyasətdə aktivləşməsi, güclənməsi istiqamətində istifadə edə bilər. Qoşulmama Hərəkatı kimi nəhəng təşkilata sədrliyi dövründə Azərbaycanın bu hərəkatı dünyanın siyasi mərkəzinə çevirməsi, eləcə də hərəkat daxilində münasibətləri daha yüksək səviyyədə təşkil etməsi belə nümunələrdəndir. Eyni perspektiv GUAM üçün də yaranmışdı, lakin təşkilata üzv olan 4 ölkədən üçünün sədrlik edən Azərbaycana qarşı sərgilədiyi mövqe bu gözləntiləri sual altına salır. İstisna deyil ki, rəsmi Bakı bunu unutmayacaq və GUAM üçün edə biləcəklərinə yenidən baxacaq”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ