İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər yenidən Ukraynada: Tramp atəşi kəsə bilməsə...

İsrail-İran arasında atəşkəsdən sonra nəzərlər yenə Ukrayna cəbhəsinə yönəlib. Son iki həftə ərzində Rusiya Kiyevdə yalnız dinc insanları qətlə yetirməklə diqqət çəkir, hərbi əməliyyatların gedişində dönüş müşahidə olunmur.

Bəzi analitiklərə görə, ABŞ lideri Tramp İsrail-İran atəşkəsindən sonra yenidən Rusiya-Ukrayna məsələsinə qayıdacaq. Ancaq o, hər hansı nəticə əldə edə biləcəkmi? Yaxın Şərqdə gedən müharibənin dayanması Putinə sərf edirmi? İran yenə Rusiyaya kömək edəcəkmi?

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Qərb və Ukrayna ilkin şərt olmadan dərhal atəşkəs üçün yalvarırlar. “Bu, bir neçə il əvvəl Zelenskinin qəti şəkildə imtina etdiyi atəşkəsdir”, - nazir qeyd edib.

Bu arada Ukrayna gələn il 35 milyard avrodan çox əlavə təhlükəsizlik yardımı alacaq. NATO-nun baş katibi Mark Rutte alyansın Haaqada baş tutacaq illik sammiti ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Rutte vurğulayıb ki, Tramp administrasiyasının müharibə şəraitində olan ölkənin alyansa qoşulmayacağı barədə açıq bəyanatlarına baxmayaraq, Ukraynanın NATO-ya üzvlük yolu “dəyişməz” olaraq qalır.

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, istər Ukrayna-Rusiya, istər İsrail-İran, istərsə də Yaxın Şərqin müxtəlif ölkələrində son zamanlara qədər baş verən qanlı hesablaşmalar eyni müharibənin müxtəlif cəbhələridir: “Bunu sübut edən başlıca dəlil bütün istiqamətlərdə eyni dövlətlərin qarşı-qarşıya gəlməsidir. Məlumdur ki, Ukrayna savaşından əvvəl Rusiya və İran Suriyada ABŞ və ona bağlı qüvvələrlə üz-üzə dayanmışdılar. Bu cəbhədə əsasən İran, Əsəd rejimi və Rusiya ilə ABŞ-yə, Türkiyəyə bağlı proksi qüvvələr çarpışırdılar. Rusiyanın Ukraynaya yaxşı düşünülməmiş müdaxiləsindən sonra cəbhə xətti böyüdü və Rusiya Suriyadan çıxmaq məcburiyyətində qaldı. Nəticədə Suriyada təklənmək perspektivi ilə üzləşən İran da şələ-şüləsini tələsik yığışdırıb "qınına" çəkildi. İran Suriya və digər “müqavimət oxu” adlandırdığı coğrafiyalara özünün təhlükəsizliyinin və müdafiəsinin ən uc postu, sərhəd zastavası kimi baxırdı. Adətən sərhəd zastavasından çəkilirsənsə, deməli, hücumu öz ərazinə daşıyır və ya bu perspektivlə razılaşırsan. Gözlənilən kimi də oldu. Cəbhənin əks tərəfi İranın son postunu təmizlədikdən sonra İsrail İranı bombardmana tutdu. Beləcə, Rusiya-İran ittifaqı ilə ABŞ-İsrail alyansı arasında müharibənin yeni mərhələsi başladı; proksilərin yerini real düşmən qüvvələri tutdu. İsrail-ABŞ alyansı İranın hava məkanına nəzarət baxımından ciddi üstünlük qazanmaqla və bir sıra nüvə obyektlərini sıradan çıxarmaqla qarşıya qoyduqları minimum hədəflərini reallaşdırmış oldular. Bundan sonra savaşın növbəti mərhələsinə hazırlaşmaq və digər cəbhədə də vəziyyəti arzuladıqları səviyyəyə gətirmək lazımdır. Sözsüz ki, burada söhbət Ukrayna cəbhəsindən gedir".

Heydər Oğuzun fikrincə, ABŞ və İsrail ittifaqı diqqəti əsasən İrana yönəltdikləri üçün Ukrayna cəbhəsini boş buraxmışdılar: “İran 12 günlük savaşın son günlərində İsraili ağır bombardmana tutmaqla ona çox ciddi zərərlər yetirdi. Nəticədə ABŞ özünün ağır bombardman təyyarələrini işə salaraq Tehrana böyük göz dağı verdi və onu atəşkəsə getməyə məcbur etdi. Atəşkəsin NATO-nun Haaqa sammiti başladığı gün elan olunması da təsadüfi deyildi. Məlumdur ki, Haaqa sammitinin gündəliyində dayanan əsas məsələlərdən biri də Ukraynaya hərbi dəstəyin verilməsi idi. Məhz buna görə də Ukrayna Prezidenti Zelenski də tədbirə dəvət olunmuş və alyansın toplantılarından birində çıxış edərək NATO müttəfiqlərini Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlığı artırmağa çağırmışdı.

NATO sammitindən gələn xəbərlər Donald Trampla Zelenski arasında əsən sərin küləklərin hələ də səngimədiyini göstərir. Bildirildiyinə görə, NATO rəhbərliyi yeni insidentlərin çıxmaması üçün bacardıqları qədər Zelenski ilə Trampın üz-üzə gəlməməsinə çalışırlar. Bununla belə, Tramp administrasiyasının Ukraynanı tamamilə tək və köməksiz qoymaq istəmədiyi də bildirilir. Trampın NATO-nun Avropa qərargahının baş komadanlığına namizəd kimi təqdim etdiyi general-leytenant Aleksus Qrinkeviç ABŞ Senatında hesabat verərkən Ukraynanın qalib gələ biləcəyindən danışıb və ona mütləq yardım edilməsinin vacibliyini vurğulayıb. Bu fakt Trampın Ukrayna müharibəsinə dəstək verəcəyinə işarədir. Onun hazırda bu kimi məsələlərdə ləng tərpənməsi Ukrayna-Rusiya savaşının xərcini Avropa ölkələrinin çiyninə qoymaq niyyəti ilə izah oluna bilər".

Haaqa sammitində NATO müttəfiqlərinin 2035-ci ilə qədər ÜDM-in 5%-ni hərbə ayırmaq barədə qərar qəbul etməsini təsadüfi saymayan siyasi şərhçi vurğulayıb ki, bu tarix həm də bloklararası müharibənin son tarixini də göstərə bilər: “Məlumdur ki, NATO Qərb dövlətləri tərəfindən əsasən Rusiyaya qarşı özünümüdafiə üçün qurulub. Məntiqlə, alyansın hansısa tarixə qədər hərbi büdcəsini artırması barədə düşünməsi həm də onun Rusiyanın o zamanadək təhdid obyekti kimi qalacağına inamını əks etdirir. Daha aydın təbirlə desək, NATO ölkələri hələ 10 il Rusiya ilə uğraşacaqlarına inanırlar. Sözsüz ki, Rusiyaya qarşı dirənişin ön cəbhəsində Ukraynanın dayanması Şimali Atlantika alyansı üçün böyük nemət olardı. Məhz buna görə də Ukrayna dəstəklənməli, Rusiya ilə daha aktiv mübarizəyə həvəsləndirilməlidir. Xatırladım ki, Almaniyanın xarici kəşfiyyat idarəsinin prezidenti də Ukraynanın ən azı 5 il Rusiyaya qarşı vuruşmasının alman milli maraqları baxımından həyati əhəmiyyət daşıdığını vurğulamışdı”.

Heydər Oğuzun fikrincə, Avropa ölkələrinin Haaqa sammitində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi o qədər də asan olmayacaq: “Xatırlayırsınızsa, 2014-cü ildə NATO-nun Uels sammitində üzv ölkələri hərbi büdcələrini ÜDM-i 2%-ə qədər artırmağı qəbul etmişdilər. Bu qərar barədə ancaq Rusiyanın 2022-ci ildə Ukraynanı işğal edəndən sonra ciddi-ciddi düşünməyə başladılar. Bununla belə, müttəfiqlərinin təxminən üçdə biri hələ də öz öhdəliklərini yerinə yetirmir. 5% öhdəliyi isə daha çətindir. Faktlar göstərir ki, rifah həyatına alışmış Avropa ölkələri yalnız təhlükəni öz dərilərində hiss edəndə hədəflənən qərarı alırlar. Görünür, Tramp hakimiyyəti də məhz bu səbəbdən Ukraynanı lazımi səviyyədə dəstəkləmir, rus xofunu Avropaya daddırır. Məqsəd həm də Avropanı silahlanmağa həvəsləndirərək ABŞ-ın silah maqnatlarının maraqlarını təmin etməkdir. Çünki avropalılar öz silahlarını ABŞ-ın müdafiə sənayesindən almağa məcburdurlar. Fikrimcə, istər İran müharibəsinin ən kritik zamanda dayandırılması, həm də Ukrayna probleminin böyüdülməsi silah maqnatlarının maraqlarına xidmət edir. Region ölkələrində fars və rus xofu gücləndikcə, istər Yaxın Şərq, istərsə də Avropa ölkələri ABŞ müdafiə sektorunun cibini dolduracaqlar. Bunun üçün isə həm İran, həm də Ukrayna öz mövcudluğunu qorumalıdır”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR