İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Qarabağ Universitetində - köhnə ali təhsil modelinə son qoyulur

Qarşıdan yeni tədris ili gəlir. Bu il diqqət mərkəzində olan tədris müəssisələrinin başında Qarabağ Universiteti gəlir. Rəsmi məlumata görə, artıq təhsil alacaq tələbələrin Xankəndi şəhərinə köçürülməsi ilə bağlı müvafiq İşçi Qrup yaradılıb. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva məlumat verib ki, tələbələrin Xankəndi şəhərinə giriş icazəsinə universitet tərəfindən dəstək göstəriləcək. A.Quliyeva vurğulayıb ki, tədris öncəsi tələbələrin yerləşdirilməsi zamanı tələbə ilə birlikdə iki nəfər ailə üzvü iştirak edə bilər: “Tələbələrin Xankəndi şəhərinə gəlişi fərdi qaydada həyata keçirilir, lakin yataqxanalara yerləşdirilməsi və şəhərlə tanışlığı prosesini İşçi Qrupu gerçəkləşdirəcək”. (Report)

Qeyd edək ki, yeni tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq.

Fikrət Yusifov.jpeg (199 KB)

Fikrət Yusifov

Professor Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, Qarabağ Universiteti dünyanın aparıcı universitetləri cərgəsinə qoşulmalıdır: “Biz bu gün işğaldan azad etdiyimiz Qarabağ bölgəmizi dünyanın diqqətini çəkən, müasir bir məkana çevirmək istəyindəyik. Orada görülən bütün işlərə yalnız bu prizmadan yanaşmaq lazımdır. Qarabağ Universiteti də bu sırada istisna ola bilməz. Bu universitetin rəhbərliyi ən yaxın zamanda onun dünyanın aparıcı universitetləri cərgəsinə qoşulmasını təmin etməlidir. Təbii ki, bunun üçün böyük təşkilatçılıq bacarığı tələb olunur. Bu universitet tək ali təhsil ocağı olmamalıdır. O, eyni zamanda Azərbaycanın Qarabağ həqiqətlərini bütün dünyaya çatdıran bir təhsil ocağı olmalıdır. Bu universitet ilkin mərhələdə ən azından dünyanın top 100 unversiteti sırasında yer almalıdır. Yalnız bu halda deyə bilərik ki, biz Qarabağ adına yaraşan bir universitet yarada bildik. Universitetin indiki rəhbərliyinin təşkilatçılıq bacarığı barədə məlumatım olmadığından, onun bu dediklərimizi gerçəkləşdirə biləcəyi barədə heç nə deyə bilmərəm. Qarabağda Qarabağ Universiteti daxil, quracağımız hər nə varsa, onların hamısı nümunəvi olmalı və biz bu nümunələrlə bir daha dünyaya Qarabağ torpağının əsl sahibinin kim olduğunu göstərməliyik”.

Bu cür ciddi təhsil problemi tamamilə kölgədə qalıb-Elmin Nuri

 Elmin Nuri

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri də Sherg.az-a açıqlamasında Qarabağ Universitetinin vacib və əhəmiyyətli layihə olduğunu deyib. Onun sözlərinə görə, Xankəndidə fəaliyyətə başlayan bu universitet digər ali təhsil müəssisələrindən xeyli fərqlənəcək: “Biz ixtisas seçimi zamanı abituriyentlərlə konsultasiya edəndə Qarabağ Universitetinin fəaliyyətə başlamasının nə dərəcə əhəmiyyətli olduğunun fərqinə vardıq. Hər 10 abituriyentdən 7-si balından və ixtisas qrupundan asılı olmayaraq məhz Qarabağ Universitetini seçmək istəyirdi. İnanırıq ki, Qarabağ Universiteti digər ali təhsil müəssisələrindən fərqlənəcək. Bu universitetin bir sıra ilklərlə yaddaşlara yazılacağına da şübhəmiz yoxdur”.

Sektor müdirinin sözlərinə görə, Qarabağ Universitetində tədris olunacaq ixtisasların çoxu digər universitetlərdə keçirilən ənənəvi ixtisaslardır: “Amma bu o demək deyil ki, Qarabağ Universiteti də mütləq həmin universitetlərin bir başqa variantı olacaq. Qarabağ Universitetinin əsas özəlliyi tədqiqatyönümlü universitet olmasından qaynaqlanacaq. Bu gün bizdə sırf tədqiqatyönümlü universitet yoxdur. Dünyanın çağdaş təhsilli əsas meyarlarından biri də universitetlərin tədqiqat istiqamətində fəaliyyət göstərməsidir. İnanırıq ki, Qarabağ Universiteti buna nail olacaq. Qarabağ Universitetinə adlı-sanlı, yüksək keyfiyyətli kadr potensialı - professor, müəllim, alim gərəkdir. Paytaxtdakı ən adlı-sanlı ali təhsil müəssisələri belə tədqiqatyönümlü tədris metodunu uğurla həyata keçirə bilmirlər. Universitetlərimiz öz fəaliyyətlərini daha çox nəzəri baza, sovet ali təhsil modeli üzərində qurub. Qarabağ Universiteti isə dediyim kimi, tədqiqatyönümlü təhsil verə biləcək, sırf klassik universitet tədrisinə yox, müasir dünyanın tələb etdiyi tədqiqatyönümlü təhsilə, elm və biznesin tələb etdiyi tədris formasına xüsusi önəm verəcək. Bununla dünya universitetlərinin reytinq cədvəlindəki yerinə də müəyyən təsir göstərə bilər. İnanıram ki, Qarabağ Universiteti dördüncü sənaye inqilabının tələbləri nəzərə alınaraq qurulacaq və bu ali təhsil müəssisəsində Azərbaycanın rəqəmsal transformasiyasını təmin edə biləcək insan kapitalı formalaşdırılacaq”.

Ekspert vurğulayıb ki, qloballaşma dövründə universitetlərin formalaşması və transformasiyası bir çox cəhətdən qlobal trend və çağırışlar nəzərə alınmaqla baş verir: “Biliklərin, eləcə də texnoloji proseslərin sürətlə dəyişdiyi dünyada universitetlər rəqabətə davamlılığı və dayanıqlılığı təmin etmək məqsədilə bu dəyişikliklərə çevik reaksiya vermək məcburiyyətindədir. Yeni qurulan universitetlərdə bu mühiti yaratmaq daha asandır. Bu gün dünya universitetlərini ölçən, onların inkişafını müəyyənləşdirən reytinq cədvəlləri var ki, təəssüf ki, bizim universitetlər oraya yaxın düşə bilmir. İnanırıq ki, Qarabağ Universitetinin tutduğu xətt, oraya göstəriləcək diqqət, şaxəli profili, dünya təhsili ilə uzlaşması bizim bu həsrətimizə son qoyacaq”.

Yazını hazırladı: Nigar HƏSƏNLİ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR