İnsanlara hürriyət, millətlərə istiqlal!

Google Ceyranbatanda erməni kilsəsi “tapıb”

Azərbaycana qarşı təxribatlar bitmir; deputat: “Qarşımıza hansısa bu cür situasiya çıxdıqda dərhal şikayət etməli, təxribatın, səhvin düzəldilməsini tələb etməliyik”

Ermənistanın Azərbaycana qarşı informasiya təbliğat savaşı bütün gücü ilə ən müxtəlif istiqamətlərdə və platformalarda davam edir. Son vaxtlar bu, daha geniş və aqressiv miqyas alıb. Əks-təbliğat həmçinin virtual məkanlarda, qlobal internet resurslarında aparılır.

Belə ki, ötən həftə Google Earth dünya axtarış sistemi Azərbaycana daha bir toponimik “sürpriz” təqdim edib. Sən demə, Ceyranbatan su anbarının ərazisində (Bakıdan 30 km aralı) erməni kilsəsi varmış. Onun adı  belədir  - “Müqəddəs Tanrı Anasının Kilsəsi”.

Maraqlıdır ki, kilsə boş yerdə göstərilib və heç bir şəkil də yoxdur. Məlumatsız adamlar düşünə bilər ki, həqiqətən də orada bir vaxtlar kilsə olub və onu “vəhşi” azərbaycanlılar dağıdıb. Ancaq bu yerdə heç vaxt kilsə olmayıb və ola da bilməz.

Aydındır ki, ermənilər bu yolla dünyada Azərbaycanın az qala bütün ərazisinin qədim erməni məkanı olması, azərbaycanlıların isə aborigen (köklü) xalq olmaması  haqda rəy formalaşdırmağa çalışırlar.  

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə Google-un diqqətini belə faktlara yönəldib. İddiaların bir qismi təmin olunub, amma göründüyü kimi, erməni fantaziyaları hədsizdir (Turan).

Bəs ermənilərin bu qəbildən həyasızlığını necə durdurmalı, daha hansı effektli addımlar atıla, ön tədbirlər görülə bilər?

Osman Gündüz — Vikipediya

Osman Gündüz

Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Yeni Müsavat”a danışıb:

“Google ilə bağlı məsələ bir qədər fərqlidir. Burada iki cür yanaşma var, biri var istifadəçilər üçün olan xəritələr, yəni istifadəçilər orada "edit" və ya adlar qeyd edə bilərlər və sairə, biri də var ki, “edit” edilməyə imkan verməyən özünün istifadə etdiyi xəritələr. Yəni burada Google-nin əsas xəritələrindən söhbət gedir, məsələn, “Google max” və sairə. Google artıq bu xəritələri özünün güvənli mənbələrindən əldə edir. Yəni dünyada xəritə xidməti göstərən müəyyən şirkətlər var ki, Google ora müraciət edir. Lazımdır ki, Google ayrı-ayrı dövlət qurumlarını, şirkətləri və yaxud insanları mənbə kimi istifadə etsin.

Azərbaycanda da artıq son illərdə Google ilə münasibətlərin qurulması məsələsində müəyyən irəliləyişlər əldə olunub. Əvvəllər bizdə  başıpozuqluluq var idi, yəni Google-nin bizi mənbə kimi göstərməsi üçün kordinasiya yox idi. Buna görə də əvvəllər pərakəndəlik olduğundan  Google-nin istənilən xəritələrində erməni və digər adlara rast gəlmək olurdu. Çünki Google onu başqa mənbələrdən əldə edirdi.

Lakin iki il öncə Nazirlər Kabineti bu cür beynəlxalq, qlobal xəritə  xidməti göstərən şirkətlərlə, o cümlədən təkcə Google ilə deyil, Yandex, Apple və bu kimi şirkətlərə iş aparmaq üçün qərar qəbul etdi və bütün əlaqəli qurumları da ora yığdı. Həmin qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Xidməti, Milli Elmlər Akademiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyidir (XİN). Xatırlayıram ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus bir MMC qurum Azərbaycan, xüsusən də Qarabağ adları ilə bağlı rəqəmsal xəritə hazırladı, bütün adları ora yerləşdirdi və AMEA-nın müvafiq qurumu bunu təsdiqlədi və opendag.AZ-da yerləşdirildi.  Əgər siz opendag.AZ-a girsəniz, onların hamısını görə bilərsiniz. Beləliklə, bu, artıq rəsmi bir mənbədir. XİN də Google kimi digər bu xəritə  xidməti verən şirkətlərlə əlaqə saxlayır və onları hökumətin həmin rəsmi mənbəsinə istiqamətləndirir. Yəni artıq kim xəritə tərtib edəcəksə, həmin data-dan hazır məlumatları götürəcək. Məsələn, Xankəndinin adını Xankəndi kimi götürəcək və sairə. Bunun nəticəsidir ki, Google Azərbaycanla bağlı adlarda xeyli dəyişiklik edir.

Bəzən eşidirəm ki, ayrı-ayır şirkətlər bu işi öz əməyi kimi təqdim etmək istəyir, amma bu həqiqətə uyğun deyil. Burada dövlət qurumları xeyli böyük iş görüb".

Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”

Fazil Mustafa

Millət vəkili Fazil Mustafa da qeyd etdi ki, bu məsələdə aidiyyəti qurumlar fəal olmalıdır:

“Deyim ki, bu, bizim üçün o qədər də təhlükə əks etdirmir. Çünki bizi hazırda daha çox maraqlandıran sərhədlər, ərazilərdəki olan məsələlərdir.

İndi kiminsə Ceyranbatanda uydurma erməni kilsəsinin olduğunu qeyd etməsinin bir inandırıcı əsası yoxdur. Bunun heç ermənilər üçün də faydası yoxdur. Kilsə göstərirlər, gəlib yerində baxırsan ki, elə bir şey yoxdur. Sadəcə, bu məsələ ilə bağlı aidiyyəti qurumlarımız daim işləməlidir. Təxribat hər gün olur. Həm müxtəlif ölkələrin xəritəçəkmə menxanizmləri və yaxud hansısa Google variantı ilə bu cür materiallar yerləşdirilir. Hamının nə material yerləşdirdiyinə də nəzarət mümkün deyil. Əslində bizim özümüz bu məsələyə diqqət yetirməliyik. Yəni qarşımıza hansısa bu cür situasiya çıxdıqda dərhal şikayət etməli, təxribatın, səhvin düzəldilməsini tələb etməliyik. Bu, daimi bir işdir, gündəliyə nə məsələ çıxırsa konkret hazır olmalıyıq ki, dərhal ortalığa Azərbaycan mövqeyini əks etdirən variantlar qoyulsun.

Həmçinin müəyyən əks addımlar atmağı da düşünməliyik. Yəni bəzən diversantın addımına diversiya fəaliyyəti ilə cavab vermək lazımdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR