Onlayn ictimai-siyasi qəzet
"“Bloomberg” agentliyinin Tayvan rəsmilərinə istinadən yaydığı məlumata görə, Çin 2027-ci ildə Tayvan adasına müdaxiləyə hazırlaşır. Agentliyin yaydığı digər məlumatda Çinin yay aylarında ada ətrafında 10 günlük hərbi təlimlər keçirəcəyi bildirilib".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Tayvan “Müdafiə Nazirliyi” martın 4-də Çinin 19 təyyarəsinin və 5 hərbi gəmisinin ada sərhədlərinə yaxınlaşdığını açıqlayıb:
"Çinə aid pilotsuz uçuş aparatları və hava şarları da ada ətrafında nəzarət həyata keçirirlər.
Pekin adanı nəzarətə götürmək istəyini gizlətmir. Pekin Tayvan separatçılarına qarşı təbliğatı gücləndirməklə yanaşı üçüncü ölkələri Çinin daxili işlərinə qarışmamağa çağırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin mətbuat konfransında verdiyi açıqlamada, Çinlə diplomatik əlaqələri olan ölkələri Tayvanla əlaqələrdən çəkinməyə çağırıb. “Tayvan məsələsi Çinin maraqlarına aiddir və biz daxili məsələmizə hər hansı müdaxilənin əleyhinəyik” – deyə Çin rəsmisi vurğulayıb. Mao Nin Tayvanın heç zaman müstəqil dövlət olmadığını və gələcəkdə də olmayacağını bildirib. Bu açıqlamalardan gəlinən qənaət budur ki, Çinin həqiqətən Tayvann nəzarətə götürmək planı mövcuddur və Pekin bu məsələnin həllini uzatmaq istəmir.
Tayvan rəsmiləri Pekinin iddialarını qəbul etmirlər. 23 milyon əhalisi olan adanı idarə edənlər Pekinin əksinə olaraq Tayvanı “suveren və müstəqil dövlət” adlandırırlar. Onlar hesab edirlər ki, Çin adanın suverenliyinə təhlükə yaratmamalıdır".
Elxan Şahinoğlu qeyd edib ki, Qərb ölkələri “vahid Çin” konsepsiyasının tərəfdarı olsalar da, adanın güc yolu ilə Çinə birləşdirilməsinin əleyhinədirlər:
"“Böyük yeddilər”in xarici işlər nazirləri Tayvan boğazında sülh və sabitliyin vacibliyini bildirən ortaq açıqlama yayıblar.
Bu arada, Tayvan müdafiə xərclərini artırıb. Tayvan silahlı qüvvələri 5 günlük hərbi təlimlərə başlayıblar. Tayvanı idarə edənlər ABŞ-dan milyardlarla dollar həsmində silah və hərbi texnika almağa hazırlaşırlar. Ölkəsinin gəlirlərini artırmağa çalışan Ağ Ev sahibi Donald Tramp Tayvana silah və hərbi texnika satmaqdan imtina etməz. Ancaq bu halda Tramp Pekinlə münasibətləri daha da gərginləşdirmiş olacaq".
Xalidə Gəray
Musavat.com
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ