İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Rusiya səfəri – İrəvanın AES buxovundan xilas olmaq üçün manevri - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 25-də Rusiya Federasiyasına (RF) işgüzar səfər edib. Bildirilib ki, o, RF-də ilk dəfə keçirilən "Ümumdünya atom həftəsi" konfransında iştirak edir.

Tədbirə Türkiyə, Cənubi Afrika Respublikası, Banqladeş, Misir, Hindistan, Qazaxıstan, Myanma, Nigeriya, Tailand və Ermənistanın dövlət, hökumət başçıları, eləcə də başqa rəsmilər qatılıblar. Bu ölkələrin atom-nüvə texnologiyasının, yaxud atom elektrik stansiyalarının Rusiya ilə birbaşa əlaqəsi var. Ona görə də onların nümayəndələri bu konfransa dəvət olunublar.

Deməli, Ermənistanı Rusiyadan asılı saxlayan bağlardan biri də Metsamor atom elektrik stansiyasıdır (AES). 1967-ci ildə keçmiş Sovet İttifaqı rəhbərliyi bu stansiyanın tikintisi haqqında qərar qəbul edib. AES-in birinci bloku 1976-cı ilin dekabrında, ikincisi 1980-ci ildə istismara verilib. 1983-cü ildə AES-in 3 və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Ukraynada Çernobıl stansiyasında baş verən qəzadan sonra bu tikinti dayandırılıb.

Metsamor dünyanın ən etibarsız AES-lərindəndir. Stansiya Ağrı dağı tektonik zonasında yerləşdiyindən vaxtilə SSRİ alimləri tikintiyə etiraz etmişdilər. 1988-ci ilin dekabrında Ermənistanın Spitak rayonundakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti 1989-cu il yanvarın 15-də dayandırılmışdı.

Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Türkiyənin Qars bölgəsindən 100, İğdırdan 30 km, habelə Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir.

Bu atom stansiyasının istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təmin edir.

SSRİ dağılandan sonra bu AES də ciddi problemlərlə üzləşib. Stansiya bloklarının avadanlıqları satıldığından ölkədə elektrik təchizatında ciddi qıtlıq yaranmışdı. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib və Rusiyanın yardımı ilə 1995-ci ildə 2-ci enerji bloku işə salınıb.

01c34108-bc9e-37b5-8d51-baae51e9.jpg (146 KB)

Azərbaycan və Türkiyə ekoloqları, qeyri-hökumət təşkilatları bu stansiyanın regionun ətraf mühitinə vurduğu ziyanla bağlı dəfələrlə tədbirlər keçirib, beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciətlər ediblər. Müvafiq dövlət qurumları da Metsamor AES-in zərərini əsaslandırıblar.

ABŞ-nin məşhur "Atom alimləri bülleteni" ("Bulletin of the Atomic Scientists") də Ermənistanın Metsamor atom elektrik stansiyasının təhlükəli fəaliyyəti haqqında məlumat vermiş, onun bağlanmasına çağırış etmişdi. Ancaq tələb və çağırışlara indiyədək beynəlxalq ictimaiyyət reaksiya verməyib. Etirazlara məhəl qoymayan rəsmi Moskva stansiyada yenidənqurma işləri üçün təmənnasız 300 milyon dollara yaxın maliyyə vəsaiti ayırmış və ovaxtkı Ermənistan hakimiyyəti ilə atom texnologiyası sahəsində əməkdaşlığa dair müqavilə imzalamışdı.

Təxminin 10 il öncə Rusiyanın Ermənistana 4,5 milyard dollarlıq yardım edəcəyi də açıqlanmışdı. Belə ki, Ermənistanın keçmiş təbii sərvətlər və energetika naziri Yervand Zaxaryan Metsamor AES-in səhmdarları ilə görüş zamanı yeni AES-in tikintisi üçün Rusiyanın maliyyə yardımı edəcəyini söyləmişdi: "Rusiya AES-in yeni enerji blokunun tikintisi və lazımi avadanlıqlarla təmin olunması üçün 4,5 milyard dollar vəsait ayıracaq".

Tikinti işlərinə 2018-ci ildə başlanılması gözlənilirdi. Yeni enerji bloku istifadəyə verilənədək isə Metsamor AES-in istifadə müddəti artıq bitmiş köhnə enerji bloku modernləşdiriləcəkdi.

Həmçinin, Rusiya hökuməti BMT-nin İnkişaf Proqramı çərçivəsində Ermənistana postmüharibə dövründə bərpa işlərini görmək üçün 3,2 milyard dollarlıq maliyyə dəstəyi göstərəcəkdi. Hələ də bu maliyyə vəsaitlərinin Ermənistana köçürülməsinə dair məlumat yayılmayıb. Rusiya 30 il boyu bu ölkənin silahlandırılmasını maliyyələşdirdiyini bildirməklə rəsmi İrəvana daim minnət qoyur.

c65107ac-a8dd-3ddf-889a-321b9f2e.jpg (43 KB)

Təxminən bir il öncə Ermənistan Rusiya ilə atom enerjisi üzrə razılaşmadan çıxmaq niyyətində olduğunu açıqlamışdı. 2023-cü ilin sonunda tərəflər arasında nüvə obyektlərinin modernləşdirilməsi və fəaliyyətinin 2036-cı ilədək uzadılması məqsədi ilə razılaşma imzalanıb. Ancaq tərəflər arasında mövcud soyuq münasibət bu sahədə də özünü göstərir. Məsələn, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurması, yaxud MDB-nin tədbirlərində iştirakını azaltmasını göstərmək olar.

Bu baxımdan, rəsmi İrəvan ölkənin atom enerjisinin inkişafı üzrə başqa variantları da araşdırır. Bu ilin avqustunda nüvə texnologiyalarının ABŞ-dən Ermənistana ötürülməsinə dair iki ölkə arasında elmi və texniki biliklərlə mübadilə etməyə imkan verəcək "123 Sazişi" kimi tanınan ikitərəfli nüvə müqaviləsi imzalanıb. O vaxtadək İrəvan yeni nüvə obyektinin tikintisi işini amerikalı şirkətə verəcəklərini təsdiqləməmişdi. Onlar Çin, Fransa və hətta Rusiyadan olan rəqib şirkətlərdən təkliflərə açıq olduqlarını bildiriblər. Rusiya rəsmiləri hələ ABŞ-nin Ermənistanda yeni nüvə obyektinin tikintisində mümkün iştirakı barədə şərh verməyiblər.

Nikol Paşinyan bu ilin martında Brüsseldə keçirilən atom enerjisi sammitində bildirmişdi ki, nüvə enerjisi ölkəsinin enerji təhlükəsizliyini təmin etmək və iqlim dəyişikliyinin təsirlərini azaltmaq məqsədi daşıyan strategiyalarının təməlidir.

Bu il avqustun 8-də Vaşinqton görüşündə ABŞ ilə Ermənistan dinc məqsədli nüvə enerjisi sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Memorandumda atom enerjisinin dinc məqsədlərlə inkişafında, eləcə də biotexnologiyalar, yarımkeçiricilər və enerji təhlükəsizliyi sahəsində qarşılıqlı əlaqələr nəzərdə tutulur.

HjOtA36UElSY1Vq3HX2VrpCl3g7HXhiU.jpg (163 KB)

Həmçinin, bu ilin avqustunda Moskvada Ermənistan atom elektrik stansiyasının 2 nömrəli enerji blokunun istismar müddətinin təkrar uzadılması layihəsinin həyata keçirilməsinə nəzarət və əlaqələndirilməsi üzrə Koordinasiya Komitəsinin 3-cü iclası keçirilib. Tədbirdə Rusiya və Ermənistan mütəxəssisləri tərəfindən görülmüş işlərin nəticələri müzakirə edilib, stansiyanın təhlükəsizliyinin artırılması üçün atılacaq növbəti addımlar planlaşdırılıb. Komitənin iclası zamanı tərəflər qeyd ediblər ki, çərçivə müqaviləsinə əsasən Ermənistan AES-in 2 nömrəli enerji blokunun modernizasiyası və istismar müddətinin uzadılması layihəsi üzrə cari işlər təsdiqlənmiş qrafikə uyğun olaraq birgə səylərlə həyata keçirilir və s.

Tərəflər cari layihə üzrə 2026-cı il üçün tədbirlər planını, həmçinin birgə əməkdaşlıq üzrə perspektiv istiqamətləri və vəzifələri müzakirə ediblər.

Bu, rəsmi İrəvanın atom elektrik enerjisi istehsalı sahəsində Rusiya və ABŞ ilə əməkdaşlığı davam etdirəcəyi anlamına gəlir. Başqa sözlə, Ştatları alternativ göstərməklə RF-dən müəyyən güzəştlər əldə etməyə, yaxud onu "Ermənistan Elektrik Şəbəkəsi"nin milliləşdirilməsində neytrallaşdımağa səy göstərdiyini ehtimal etmək olar.

Nikol Paşinyan bu günlərdə "Ermənistan Elektrik Şəbəkələri" beynəlxalq idarəçiliyə verilməsini istisna etməyib. Şirkət hazırda həbsdə olan rusiyalı erməni milyarder Samvel Karapetyanın "Taşira" şirkətinə məxsusdur. Baş nazir bu müəssisənin milliləşdirilməsi prosesinin başa çatacağını bildirib. O, bu istiqamətdə iki ssenarini həyata keçirməyi planlaşdırdıqlarını bildirmişdi: "Birincisi, "Elektrik şəbəkələri" şirkəti milliləşdirilir, peşəkar və etibarlı idarəetməyə verilir, tam olaraq dövlət mülkiyyətində qalır, ikincisi isə "Elektrik şəbəkələri"nin səhmlərinin böyük hissəsi beynəlxalq nüfuzlu idarəçinin idarəetməsinə verilir".

b7b2b67e-dc21-3f91-ae21-3ca6f6bf.jpg (186 KB)

Ermənistan iqtisadiyyatına, o cümlədən AES də daxil olmaqla elektrik enerjisi sektoruna Rusiya toru toxunub. Bu, uzun illər ərzində Ermənistanı buxovlayıb.

RF təhlükəli Metsamor atom elektrik stansiyasını saxlamaqla həm Ermənistanı, həm də region ölkələrini təhdid edir. Ona görə AES bu ölkə üçün hazırlanmış 40 faizli başlıca elektrik torudur.

Nikol Paşinyanın Rusiyada keçirilən toplantıda iştirakı stansiyaya dair mövcud hüquqi bağları qırmamağa hesablanıb. Ehtimal etmək olar ki, İrəvan iqtisadi müstəqilliyini təmin etmək üçün atom-nüvə sahəsində də Rusiyanın Ermənistandakı inhisarçılığına son qoymağa çalışır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Ermənistan hazırda öz elektrik enerjisinə olan tələbatının 80 faizini ödəmək məqsədilə Rusiyadan yanacaq idxal edir. Ona görə hökumət bu sahədə Ermənistan üçün yeni elektrik stansiyasının tikintisini planlaşdırır və bu sahədə başqa tərəflərin də iştirakını istəyir.

Paşinyanın Moskva səfəri Rusiyanın Ermənistanda atom-nüvə texnologiyasından istifadənin gələcəyinə, iki ölkə arasında münasibətlərdəki mövcud soyuqluğun aradana qaldırılmasına yaranmış fürsət də sayla bilər. Başqa məsələlərdə olduğu kimi, Ermənistan AES-lə bağlı məsələdə də manevr edir. Nikol Paşinyanın bu səfəri də belə bir addım sayıla bilər...

Sədrəddin İsmayılov
Report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR