Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda Milli Məclisin Gənclər və idman komitəsinin “Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı deputat Naqif Həmzəyev regionlarda QHT-in, xüsusilə gənclər sektoru ilə çalışan təşkilatların sayında azalma olduğuna diqqət çəkib. Deputat bildirib ki, QHT-in əksəriyyəti Bakı şəhərinə toplaşıb, ya da Bakıətrafı ərazidədir.
“Vaxtilə Gəncədə 50 gənclər təşkilatının adını çəkərdimsə, indi bu say 4-5-dir. Vaxtilə region gənclər təşkilatlarına fond tərəfindən qrantlar verilirdi. Bu ənənəni yenidən bərpa etməliyik. Bakıdakı QHT-lər bütün qrantları udurlar. Region gəncləri zəifləyir, kənarda qalırlar”, - millət vəkili qeyd edib.
Deputat hesab edir ki, yalnız eyni QHT-lər beynəlxalq layihələri udmamalıdır: “Beynəlxalq layihə həyata keçirməyən QHT-lərə də şans verilməlidir. Bizə də ən çox irad hər dəfə eyni QHT-lərin xaricə göndərilməsi ilə bağlıdır. İdman sahəsində müəyyən irəliləyişlər olsa da, gənclər sahəsində bir sıra nöqsanlar var. Gənclər Fondu tərəfindən idman sahəsində də qrantlar verilsin”.
Nəzrin Abbaslı
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının sədr müavini Nəzrin Abbaslı “Yeni Müsavat”a bildirdi ki, problemi iki istiqamətdə müzakirə etmək olar. Onun fikrincə, birinci istiqamət gənclər təşkilatlarının regionlarda azalması, ikinci istiqamət bunun kökündə dayanan mühüm amillərin üzə çıxarılmasıdır: “Gənclər təşkilatlarının bölgələrdə azalmasının əsas səbəblərindən biri miqrasiya ilə bağlıdır. Son illər gənclərin iri şəhərlərə axını təkzibolunmaz faktlar sırasındadır. Təəssüf ki, regionlarda iş qurub az-çox uğur qazanan, dolanışığı yaxşı olan insanların, xüsusilə gənclərin Bakıya üz tutması günümüzün acı reallığıdır. Nəticədə bölgələr boşalır. İnsanların bölgələrə üz tutması, Bakıya axının qarşısının alınması üçün ciddi iqtisadi və hüquqi islahatlar aparılmalı, vergi sahəsində böyük dəyişikliklər, güzəştlər nəzərdə tutulmalı, stimullaşdırıcı addımlar atılmalıdır. Əks halda, insanların paytaxta axını davam edəcək. Artıq rəsmi dövlət qurumlarının da bu sahədə problemləri dilə gətirməsi real praktiki addımların atılmasını zəruri edir.
Bölgələrimizdə gənclər evi yaradılsa da, bir çox sosial layihə həyata keçirilsə də, gənclərimizin paytaxta axınının qarşısını almaq hələlik mümkün deyil. Bu proses bütün dünyada gedir, gənclər meqapolislərdə yaşamağa daha çox üstünlük verirlər. Buna görə də dünyanın hər yerində qabaqlayıcı tədbir kimi bir çox layihələr həyata keçirilir. Ən mühüm addımlardan biri gənclər üçün bölgələrdə bütün parametrləri əhatə edən sosial, iqtisadi, mədəni mühiti tamamlayan cəlbedici layihələrin həyata keçirilməsidir".
N.Abbaslının fikrincə, Azərbaycanda kəndlərin boşalması, insanların iri şəhərlərə axını gələcəkdə daha böyük fəsadlara yol aca bilər: “Son illər bölgələrdə qrant layihələrinin azalması çətinlik yaradan səbəblər sırasındadır. Xarici donorların qrantlar verməsi sonradan ciddi zərərli təsir elementinə çevrildiyinə görə dövlətimizin gələcəyi üçün bu layihələrin məhdudlaşdırılması təqdir olunmalıdır. Ancaq bu boşluğu doldurmaq üçün dövlətimiz tərəfindən stimullaşdırıcı addımların atılması vacibdir. Qrant layihələrinin həyata keçirilməsində maraqlı olan tərəf Gənclər və İdman Nazirliyi olmalıdır.
Gənclər Fondu vasitəsilə qrant layihələrinin artırılması çox vacibdir. Son illər bu proses bir qədər zəifləyib. Ümumiyyətlə, gənclərin təşkilatlarda iştirakçılığını artırmaq üçün müxtəlif stimullaşdırıcı addımlar atmaq üçün təkcə dövlət deyil, siyasi partiyalar, QHT-lər də yaxından iştirak etməlidir. Etiraf etmək lazımdır ki, Azərbaycanda gənclərin siyasi partiyalarda müxtəlif ideoloji baxışları təmsil etməklə rəngarəng diskurs təşkil etməsi çox ləng gedir. Statistik məlumatlar da onu deməyə əsas verir ki, gənclərin Yeni Azərbaycan Partiyasını çıxmaq şərtilə, digər siyasi partiyalarda təmsilçiliyi çox aşağıdır. Bütün bunlar rəqabət mühitinin formalaşmasına əngəl olan amillərdən biridir. Gənclərin siyasi proseslərə cəlb olunması onların gələcək karyerasında mühüm rol oynaya bilər. Belə hallar rəqabət mühitini də formalaşdırar".
Müsahibimiz hesab edir ki, hazırda kəndlərin cəlbediciliyi yoxdur: “Regionlarda və Bakıda yaşayan insanlar kommunal xidmətlərə görə eyni ödənişi edir. İş yerlərinin 85%-i paytaxtda və digər iri şəhərlərdə açılır. Günümüzdə internet qiymətləri minimum əməkhaqqının 6%-nə çatır. Dünya ölkələrinə baxsaq, bu göstərici 1,5-2% ətrafındadır. Bakıda, Sumqayıtda 900-1000 manat əməkhaqqı alan şəxslə ucqar bölgələrimizdə 400-450 manat qazancı olan insanların kommunal xidmətlərində eyni tarifin tətbiq olunması doğru deyil. Regionlarımızda güzəştlərin tətbiq edilməsi gənclərin doğulub boya-başa çatdığı kəndlərdə fəaliyyət göstərməsinə stimul ola bilər.
Bütün bu məsələləri ümumiləşdirərək belə bir qənaətə gələ bilərik ki, sosial problemlər, o cümlədən siyasi proseslərə cəlb olunma da daxil olmaqla, gənclərlə bağlı ciddi proqramların həyata keçirilməsinə zərurət yaranıb. Gənclərlə bağlı yeni mütərəqqi qanunların hazırlanıb qəbul olunması gənclər təşkilatlarının canlanmasına səbəb ola bilər".
Yazını hazırladı: Nigar HƏSƏNLİ
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ