Onlayn ictimai-siyasi qəzet
Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın Vilnüsdəki ofisi fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Buna səbəb Litva hakimiyyətinin onun təhlükəsizlik səviyyəsini aşağı salması olub.
Musavat.com xəbər verir ki, məlumatı siyasətçinin diplomatik müşaviri Denis Kuçinski LRT.lt-yə təsdiqləyib.
Kuçinskinin sözlərinə görə, onlara bu barədə oktyabrın 1-də məlumat verilib:
“Bizə Svetlana Tixanovskayanın təhlükəsizlik tədbirlərində dəyişiklik ediləcəyi bildirildi. Arzu edərdik ki, bu barədə bir qədər əvvəl xəbərdar edilək. Qısa müddətli xəbərdarlıq səbəbindən ofisin fəaliyyətini vaxtında uyğunlaşdıra bilmədik, buna görə də işimizi müvəqqəti dayandırmaq məcburiyyətində qaldıq”.
Sonradan Litvanın xarici işlər naziri Kestutis Budrislə keçirilən görüşdə rəsmi şəxslər dəyişiklikləri izah ediblər və Tixanovskaya komandasına Litvanın Aleksandr Lukaşenko rejiminə münasibətinin dəyişmədiyini bildiriblər. Onlar həmçinin vurğulayıblar ki, “Tixanovskaya Litva hökumətinin rəsmi qonağı statusunu saxlayır və bu statusda heç bir dəyişiklik yoxdur”.
Kuçinski qeyd edib ki, ofis hələ də Belarus rejiminin xaricdəki demokratik qüvvələrə və icmalara qarşı həyata keçirdiyi təzyiq və hədə-qorxu kampaniyaları fonunda təhlükələrin davam etməsindən ciddi narahatdır.
Məlumata görə, Tixanovskayanın mühafizəsinə görə məsuliyyət daha əvvəl yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə cavabdeh olan xidmətdən alınaraq, Cinayət Polisi Bürosuna həvalə olunub.
Svetlana Tixanovskaya 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərindən sonra Litvaya mühacirət edib və o vaxtdan bəri 24 saatlıq mühafizə altında yaşayırdı. Litva parlamentinin xarici əlaqələr komitəsinin sədri Remiqiyus Motuzas bildirib ki, təhlükəsizlik səviyyəsinin azaldılması qərarı mövcud risklərin yenidən qiymətləndirilməsi nəticəsində qəbul edilib.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ