Onlayn ictimai-siyasi qəzet
Bir müddət öncə ABŞ və İsrailin İrana qarşı yenidən hərbi əməliyyat həyata keçirəcəyi barədə mətbuatda məlumatlar yayılıb. Hətta bəzi mənbələr iddia edirdi ki, hücumun oktyabrın 7-də - 2023-cü ildə İsraildə törədilən qanlı terror hadisəsinin ildönümündə, “qisas əməliyyatı” adı altında baş verəcəyi planlaşdırılıb.
Siyasi şərhçilər bildirirlər ki, 12 günlük müharibədən sonra tərəflər bir-birinin hərbi imkanlarını və taktikasını daha yaxından öyrəndiyindən, növbəti qarşıdurma əvvəlkindən daha ağır, dağıdıcı və genişmiqyaslı ola bilər. Bu iddialara əsasən, mümkün yeni savaş həm HƏMAS-ın hərbi potensialını zəiflətməyə, həm də İranı bölgədə daha aktiv müdaxilədən çəkindirməyə yönəlmiş ola bilər.
Bəs yeni müharibənin başlama ehtimalı nə qədər realdır? Regionu qarşıda hansı ssenarilər gözləyir? Və əgər belə bir qarşıdurma baş verərsə, onun nəticələri Yaxın Şərqin gələcəyini necə dəyişə bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. Politoloqun fikrincə, İranla İsrail arasında yeni müharibənin başlaması ehtimalı kifayət qədər yüksəkdir:
“Çünki nəzərə alaq ki, birinci cəhd İsraillə istədiyinə tam nail ola bilmədi. İlk mərhələdə məqsəd İranda rejimin dayaqlarını zəiflətmək idi. Bəli, müəyyən dərəcədə buna nail olundu. Rejimin əsas fiqurlarından, əsasən hərbi qanadın bəzi liderlərindən xeyli sayda şəxslər aradan götürüldü. Amma ümumilikdə İran rejiminin dayaqları sarsıdılmadı. İsrailin ümid etdiyi kimi ölkədə kütləvi etiraz aksiyaları olmadı, əhali arasında kütləvi qaçış müşahidə edilmədi. Yəni, gözlənilən çevriliş və ya rejimin sürətli çöküşü baş vermədi. Xüsusilə nüvə obyektlərinə zərbə baxımından, zənginləşdirilmiş uran anbarlarına ciddi ziyan vurmaq mümkün olmadı.
Beləliklə hesab edirəm ki, İsrail məqsədinə çatmaq üçün yenidən İrana hücum edə bilər. Lakin burada nəzərə alınmalı əsas məqam odur ki, belə bir əməliyyatın həyata keçirilməsi üçün ABŞ-ın razılığı və iştirakı əldə olunmalıdır. Son dövrlərdə Tramp administrasiyasının İrana qarşı tutduğu mövqe bu qənaətə gəlməyə əsas verir, yəni, ABŞ müəyyən dərəcədə İrana qarşı siyasəti dəstəkləyə və hətta bu prosesdə iştirak edə bilər.
Bunun üçün ilk növbədə Qəzzada atəşkəsə nail olmaq vacibdir. İsrail Qəzzadakı əməliyyatları yekunlaşdırdıqdan və HƏMAS-ı, eləcə də Hizbullahı müəyyən dərəcədə zəiflədəndən sonra İrana qarşı həlledici əməliyyata başlamaq ehtimalı artır.
Ümumiyyətlə, daha əvvəl də qeyd etdiyimiz kimi, İsrailin Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatların, yəni Hizbullah, HƏMAS və Husilərə qarşı tədbirlərin arxasında əsas məqsəd məhz İranın təsir dairəsini zəiflətmək və İrana qarşı böyük əməliyyatlara zəmin yaratmaqdır. İranın proksi qüvvələri sıradan çıxarıldıqdan sonra ABŞ və İsrailin İrana qarşı daha genişmiqyaslı həlledici əməliyyata başlama ehtimalı yüksəlir“.
Xalidə GƏRAY
Musavat.com
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ