Onlayn ictimai-siyasi qəzet
Bəhruz Quliyev: “Ölkəmizi beynəlxalq səviyyədə təmsil edən gənclərimiz məhz müstəqillik dövrünün bəhrələridir və...”
Gənclər hər bir dövlətin, xalqın gələcəyidir. Bütün sahələrdə quruculuq işlərini, dövlət idarəçiliyini gənclər davam etdirir. Odur ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət siyasətində önəmli yer tutur. Bu baxımdan bütün dövrlərdə gəncliyin hazırlanması prioritet olub. Azərbaycan gəncliyi hər zaman ən çətin sınaqlarda irəlidə olub. Gənclərə göstərilən qayğı onlara olan inam və etimaddan irəli gəlir. Vətən müharibəsində gənclərimizin göstərdikləri qəhrəmanlıq, şücaət gəncliyə olan inam və etimadı doğrultdu. Vətənin bir qarış torpağını düşmənə qıymayan gənclərimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda şəhidlik zirvəsinə yüksəldi və istəklərinə nail oldular. Bu gün Azərbaycan dünyada qalib, bütöv və suveren dövlət kimi tanınır. Bu, təkcə gənclər üçün yox, hər bir soydaşımız üçün qürur və iftixardır. Azərbaycan gəncliyi sübut etdi ki, torpağını qorumağı bacarır. Gənclik bizim təsəvvür etdiyimizdən daha ciddi nailiyyətlər əldə etməyə qadirdir. Təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ümumiyyətlə, Azərbaycanda yeni quruculuq dövründə gənclərin üzərinə çox böyük iş düşür.
Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində də aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.
“SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev “Yeni Müsavat”a şərhində bildirib ki, müstəqil Azərbaycanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra gənc nəslin layiqli vətəndaş olaraq hazırlanması, cəmiyyətə adaptasiyası, müxtəlif dövlət qurumlarında çalışmasını təmin etmək məqsədilə böyük işlər görüb: “Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti yarandıqdan sonra gənclərin inkişafı və fəaliyyəti dövlətin priroritet istiqamətinə çevrilib. 2003-cü ildən başlayaraq cənab İlham Əliyev də yeni mərhələdə gənclərin rolunun vacibliyini bildirib və ölkədə proqramlaşdırılmış gənclər siyasəti həyata keçirilib. 44 günlük qələbədən sonra isə tam yeni bir mənzərə yaranıb. Çünki artıq fərqli mühit, fərqli çağırışlar, fərqli baxışlar mövcuddur. Gənclər ilk növbədə özünü qalib dövlətin müzəffər vətəndaşı kimi dərk etməli və davranmalıdırlar. Milli ideya, milli mənsubiyyət kimi məsələlər daha ön planda olmalıdır. Mənəvi-əxlaqi, dini dəyərlərə söykənərək, gəncliyimiz yeni dövrün tələblərinə cavab verməlidir. Necə deyərlər, "keçmişə hörmət, gələcəyə rəğbət" devizinə əsaslanaraq inkişaf etməlidir".
B.Quliyev vurğulayıb ki, bu gün Azərbaycanda dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, özünüidarəetmə strukturlarında, vətəndaş cəmiyyəti institutlarında gənclərin rolunun artırılması prosesi başlayıb: “Bu da qlobal dünyanın tələblərinə cavab verən gəncliyin formalaşmasına öz töhfəsini verir. Hesab edirəm ki, bugünkü gənclərimiz daha fəal və çevikdilər. Çünki qalib statusu xarakter və xüsusiyyətlərə də təsir edib. Ölkəmiz həm region, həm də dünyada yeni, qalib Azərbaycan kimi təqdim olunur. Bu baxımdan gəncliyimiz də öz gücünü səfərbər edərək, dövlətin inkişafı üçün öz töhfəsini veriməlidir və deyərdim ki, qismən verir. Bu gün alim kimi, siyasətçi kimi, idmançı kimi gəncliyimiz ölkəmizi müxtəlif xarici arenalarda təmsil edir. Sevindirici haldır ki, modern dünyada modern gəncliyimiz formalaşır. Xatırladaq ki, ölkəmizi beynəlxalq səviyyədə təmsil edən gənclərimiz məhz müstəqillik dövrünün bəhrələridir və bu, aparılan gənclər işinin göstəricisidir. Amma hesab edirəm ki, bununla kifayətlənmək olmaz. Bu prosesə davamlı proses kimi baxılmalı və gənclərlə bağlı aparılan bütün işlərdə buna diqqət edilməlidir.
Sonda demək istəyirəm ki, dövlətin gənclər siyasətinə rəğmən gənclik də buna adekvat olmalıdır. Yəni gənclik azərbaycançılıq, milli ideya uğrunda aparılan davamlı işlərdə öz gücünü və dəstəyini əsirgəməməlidir.
Gəncliyimiz hər zaman Azərbaycan vətəndaşı məsuliyyətini dərk etməli, bütün davranışlarında buna əsaslanmalıdır".
Yazını hazırladı: Nigar HƏSƏNLİ
10 Noyabr 2024
03:17
09 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ