Onlayn ictimai-siyasi qəzet
Vətən Müharibəsinin daha bir Zəfər günü – Füzuli şəhərinin düşməndən azad olunmasının 4-cü ildönümünü qeyd edirik. Füzuli yaşı minilliklərə dayanan ən qədim insan məskənlərindən biri olmaqla yanaşı, bərəkətli torpaqlara, bol sulu çaylara malik, görkəmli alim və mədəniyyət xadimləri yetişdirmiş rayonlarımızdan biridir. Harada yaxşı nə varsa hiyləgərliklə sahiblənməyə çalışan və mayası haramla yoğrulmuş miskin ermənilər isə Füzuliyə də, göz dikmişdilər. Məhdud imkanlar hesabına uzun müddət müdafiə edilməsinə baxmayaraq, Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Erməniər günahsız insanları qətlə yetirməklə yanaşı, işğal etdikləri torpaqlarda ekoloji terror törətmiş, rayonun qədim tarixi olan qəbristanlıq, türbə, məscid və körpüləri darmadağın edərək müharibə cinayətləri törətmişlər.
Füzuli rayonunun işğaldan azad edilməsi tarixi xronologiyası hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə Füzuli rayonu ərazisində qazanılmış ilk Qələbə - Horadiz əməliyyatı ilə başlayır. O zaman Azərbaycan Silahlı Qüvvələrinin hücumu ilə Füzuli rayonunun 22 yaşayış məntəqəsi erməni işğalından azad edilmişdir. Ardıcıl hərbi məğlubiyyətlərdən sonra qazanılmış bu uğurlar eyni zamanda işğal altında olan bütün torpaqlarımızın düşməndən geri alınacağına olan inancımızın artmasına səbəb oldu. Elə həmin inam da 44 günlük Vətən Müharibəsində qələbənin əldə edilməsinə kömək edən mənəvi gücə çevrildi. Azərbaycan Ordusu 2020-ci il oktyabr ayının 17-də Füzuli rayonunun bir neçə kəndi ilə birlikdə Füzuli şəhərini işğaldan azad etdi. Füzulinin azad edilməsi uğrunda döyüşlər Vətən Müharibəsinin çətin oduğu qədər də xüsusi əhəmiyyətə malik döyüşlərindən biri kimi hərb tariximizin şərəfli səhifələrindəndir. 30 il ərzində düşmən bir neçə xəttdən ibarət müdafiə zolağı yaratmış və möhkəm istehkamlar qurmuşdu. Onlar bu xəttin keçilməzliyinə inanırdılar. Amma Azərbaycan Ordusunun qəhrəmanlığı və iradəsi nəticəsində bu xətt yarıldı və Füzuli şəhəri işğaldan azad edildi. Füzuli döyüşləri ilə Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və hərbi təchizata malik olduğunu sübut etdi. Ermənilər və bütün dünya Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində qaldı. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.
İşğaldan azad edilən Füzuli rayonu bu gün yeni inkişaf dövrünü yaşayır. Rayon ərazisi böyük bir tikinti meydanına çevrilib. Füzuli rayonu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səfərləri və səfərlər çərçivəsində müxtəlif təyinatlı layihələrin təməlqoyma və açılış mərasimləri məkanı olmuşdur. Azad edildikdən sonra cəmi 8 ay müddətinə “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi idi. 17 oktyabr Füzulinin işğaldan azad edildiyi, füzulilərin isə yurd həsrətinə son qoyulduğu gün kimi Azərbaycan tarixində əbədi qalacaqdır.
Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin deputatı
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ