Onlayn ictimai-siyasi qəzet
Kəlbəcər Rayon İcra Hakimiyyətində baş verən insidentin təfərrüatı məlum olub. Anasını və atasını Kəlbəcərə aparmaq üçün icazə istəyən şəxs icra başçısının qəbuluna gələn zaman dava-dalaş salıb.
Musavat.com xəbər verir ki, həmin şəxs polislə kobud mübahisə edib.
Əldə etdiyimiz məlumata görə İlqar Salmanov icra hakimiyyətinə gələrək başçı ilə görüşmək istəyib. O, başçıdan anasını və atasını Kəlbəcərə aparmaq üçün icazə istəyəcəkmiş. Ona izah olunub ki, bu, icra hakimiyyətinin səlahiyyətində deyil. İ.Salmanov başçı ilə görüşə girən zaman mobil telefonunu polisə verməkdən imtina edib. Buna görə də onu görüşə buraxmayıblar. Mübahisə zamanı İ.Salamanov polis əməkdaşı ilə də kobud davranıb.
İ.Salmanov dindirilən zaman əməlindən peşman olduğunu söyləyib. Deyib ki, əslən Kəlbəcərdən olduqları üçün anası və atasını doğma yurdlarına aparmaq istəyib.
“Atamın və anamın xəstəliyi ağır idi. Onların ömürlərinin son günlərində Kəlbəcəri görməsini istəyirdim. Qəbula gedəndə telefonu istədilər. Mən də verməyəcəyimi dedim. Buna görə mübahisə elədik. Mənə qarşı da kobud davrandılar. Amma mən özüm polis əməkdaşı ilə mübahisə etdiyim üçün peşmanam. Polis əməkdaşı ilə barışmışıq”,-deyə İ.Salamanov ifadəsində əlavə edib.
44 günlük Vətən müharibəsi iştirakçısı olan İ.Salmanov üçüncü dərəcəli müharibə əlilidir.
Ona qarşı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İstintaq dövründə həbsdə qaldığı günlər nəzərə alınaraq üzərində bir il azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İ.Muradov
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ