İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidentlərinin inauqurasiyası - Maraqlı faktlar

Dünya ABŞ-nin yeni prezidentinin andiçmə mərasiminə hazırlaşır və bu, beynəlxalq miqyasda böyük hadisədir. Mərasim prezidentlik müddətinin rəsmi başlanğıcını qeyd etməklə yanaşı, ABŞ-nin gələcək siyasətinin tonunu müəyyən edir.

ABŞ prezidentinin andiçmə mərasimi təkcə siyasi hadisə deyil, həm də parlaq tarixi ənənələri, dərin simvolizmi özündə birləşdirən milli ritual olmaqla yanaşı, həm də siyasi bəyanatlar və intriqalar üçün səhnə rolunu oynayır. Bu, Amerika demokratiyasının öz irsini nümayiş etdirdiyi və dünyanın ən güclü dövlətlərdən birində böyük bir hakimiyyət keçidini əks etdirən prosedurdur. Bu günün parıltısının və pafosunun arxasında bir çox maraqlı faktlar dayanır.

c0dc777d-4790-458e-b2e3-7c7f11003daf.jpg (220 KB)

Əsrlər boyu formalaşmış ənənələr

1789-cu ildə Corc Vaşinqton Nyu-Yorkda and içən ilk prezident olub. O vaxt paytaxt Vaşinqton olmayıb və mərasimin özü minimalist formada baş tutub. Çox vaxt prezidentlər əllərini İncilin üzərinə qoyublar, lakin bu ciddi tələb deyil . Hər bir prezident onun üçün xüsusi məna kəsb edən kitab və ya sənəd seçə bilər. Məsələn, Lindon Conson katoliklərə məxsus olan dua kitabına əl qoyaraq and içsə də, Teodor Ruzvelt bunu ümumiyyətlə hər hansı müqəddəs kitabla etməyib.

ABŞ prezidentinin andiçmə mərasimi ciddi şəkildə müəyyən edilmiş protokol əsasında keçirilir. Mərasim günü yeni seçilmiş prezident və vitse-prezident, eləcə də onların həyat yoldaşları Ağ Evə gəlir, onları indiki prezident və birinci xanım qarşılayır. Bundan sonra rəsmilər Kapitoliya gedir, konqresmenlərin və senatorların iştirakı ilə vitse-prezident, sonda isə prezidentin özü and içir.

df2c6cb4-e2f8-428b-8902-e72515314ded.jpg (96 KB)

Tədbirin davamında prezident inauqurasiya nitqi ilə çıxış edir və burada administrasiyasının əsas istiqamətlərini qeyd edir. Yeni prezident and içdikdən sonra öz korteji ilə Kapitolidən Ağ Evə yollanır. Yol boyu onu minlərlə sakin gözləyir, yeni lideri qarşılayır. Ağ Evdə prezidentin xüsusi tribunadan izlədiyi təntənəli parad keçirilir.

Qeyd edək ki, bu mərasimin təməlini ABŞ-nin üçüncü prezidenti Tomas Cefferson qoyub. İkinci andiçmə mərasimindən sonra o, musiqi sədaları altında dəniz tərsanəsinin mexaniklərinin müşayiəti ilə at belində prezident malikanəsinə gedib. Bu tədbir prezidentin xalqla birliyini simvolizə edən ilk parad ənənəsinin başlanğıcını qoyub. Dördüncü prezident Ceyms Medison tədbirə yeni bir element əlavə edib - İnauqurasiya balı.

ABŞ prezidentlərinin andiçmə mərasiminin maraqlı anları

İnauqurasiyalar həmişə istənilən şəraitdə, hətta çətin vəziyyətdə də baş tutub. 1961-ci ildə Con Kennedinin andiçmə mərasimi zamanı şiddətli qar fırtınası başlayıb. ABŞ ordusu ənənəvi parada yol açmaq üçün ərazini odpüskürənlərlə təmizləyib.

13c7f748-d199-498f-a318-761ea48fe746.jpg (238 KB)

Bundan başqa, faciəvi hadisələr dəfələrlə inauqurasiyanın gedişatını dəyişib. Məsələn, 1963-cü ildə Con Kennedinin öldürülməsindən sonra onun varisi Lindon Conson Dallas hava limanında “Air Force One” təyyarəsində and içib.

Maraqlıdır ki, prezidentlərin çıxışları da yadda qalıb.

1841-ci ildə doqquzuncu prezident Uilyam Henri Harrison soyuq və yağışlı havada palto geyinmədən, çətir tutmaqdan imtina edərək iki saat davam edən ən uzun nitq söyləyib. Onun ehtiyatsızlığı həyatı bahasına başa gəlib. Dövlət başçısı üç həftə sonra xəstələnib, sətəlcəmdən ölüb və ABŞ-yə ən qısa müddətə liderlik edən şəxs kimi tarixə düşüb. Corc Vaşinqton isə cəmi 135 sözdən ibarət qısa çıxışı ilə yaddaşlarda qalıb.

8fc11623-fba4-4a95-a2b6-4140609a2aae.jpg (531 KB)

Müasir inauqurasiyalar tez-tez miqyasına və xərclərinə görə diqqəti cəlb edib. 2017-ci ildə Donald Trampın 90 milyon dollara başa gələn andiçmə mərasimi ABŞ-nin tarixində ən bahalı tədbir olub. 2021-ci ildə Co Baydenin andiçmə mərasimi zamanı Kapitoliyə hücumundan sonra iğtişaş təhlükəsi səbəbindən Vaşinqtonda asayişi qorumaq üçün 20 mindən çox qvardiyaçı yerləşdirilib.

Digər maraqlı fakt ondan ibarətdir ki, 1865-ci ildə paradda ilk dəfə afroamerikalılar, 1917-ci ildə qadınlar iştirak edib, 1997-ci ildə isə Bill Klintonun andiçmə mərasimi ilk dəfə olaraq onlayn yayımlanıb. Bütün rəsmi tədbirlər, o cümlədən andiçmə mərasimi dövlət büdcəsindən, yəni vergi ödəyicilərinin pulu ilə ödənilib.

ABŞ prezidentinin andiçmə mərasimi niyə yanvarın 20-də keçirilir?

ABŞ prezidentinin inauqurasiya tarixi, yəni yanvarın 20-si seçilməsi siyasi proseslərin yeni şəraitə uyğunlaşdırılması zərurətindən irəli gələn mühüm tarixi dəyişikliklərin nəticəsidir. Əvvəlcə inauqurasiya uzun müddət dəyişməz qalan fərqli bir tarix olub. Lakin cəmiyyətin, texnologiyanın inkişafı və hakimiyyətin daha sürətli ötürülməsi ehtiyacı bu prosedurda ciddi dəyişikliklərə səbəb olub.

d57de959-ed8a-4045-b389-1aa7eddce2a8.jpg (400 KB)

1789-cu ildə ABŞ-nin ilk prezidenti Corc Vaşinqton vəzifəyə başlayanda onun andiçmə mərasimi aprelin 30-da baş tutub. Bu tarix yeni hökumətin hazırlanmasına və ilk seçkilərdən sonra təşkilati prosedurlara sərf olunan vaxta görə seçilib. Ancaq bu, qaydadan daha çox istisna olub. 1797-ci ildə Konqres 4 martı yeni hökumətin rəsmi andiçmə günü kimi təyin edib və bu tarix sonrakı prezidentlərin inauqurasiyaları üçün daimi olub.

140 il müəyyən hallar istisna olmaqla martın 4-ü hakimiyyət dəyişikliyi ilə yadda qalıb. Lakin zaman keçdikcə bu tarixin çatışmazlıqları özünü büruzə verib. Texnoloji irəliləyişlər seçkinin bitməsilə prezidentin vəzifəyə başlaması arasındakı dörd aylıq gecikməni əhəmiyyətsiz edib. Bundan əlavə, böhran dövrlərdə bu müddət ölkəni effektiv idarə etmək üçün əlavə problemlər yaradıb.

4d25b4cd-df74-4f06-9aeb-7230a3025085.jpg (296 KB)

Nəticədə 1933-cü ildə Konqres ABŞ Konstitusiyasına seçkilər və prezidentlik müddətinin başlaması arasındakı keçid dövrünü qısaldan 20-ci düzəlişi qəbul edib. Odur ki, düzəlişə əsasən 20 yanvar tarixinin seçilməsi hakimiyyətin daha sürətli ötürülməsinə imkan verib, idarəetmənin səmərəliliyini artırıb və siyasi qeyri-müəyyənlik dövrünü azaldıb.

Bu dəyişiklik ABŞ siyasi sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addım olub. Qeyd etmək lazımdır ki, yanvarın 20-si bazar gününə təsadüf edərsə, rəsmi andiçmə mərasimi qapalı keçirilir, kütləvi şənliklər isə yanvarın 21-i baş tutur.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR