Onlayn ictimai-siyasi qəzet
Son günlər sosial şəbəkələrdə Azərbaycanın Gürcüstanla quru sərhədinin açıldığına dair görüntülər yayımlanıb.
Musavat.com xəbər verir ki, videolarda vətəndaşların sərbəst şəkildə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən keçdiyi iddia edilir. Kadrlarda həmçinin bir neçə şəxsin yüklərlə sərhəd keçidinə yaxınlaşdığı əks olunub.
Lakin məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti (DSX) haqqin.az-ın sorğusuna cavab olaraq bildirib ki, sərhəd-keçid məntəqələri Nazirlər Kabinetinin qərarına uyğun fəaliyyət göstərir. Hazırda Azərbaycanda xüsusi karantin rejimi qüvvədədir və bu rejim 1 aprel 2025-ci ilə qədər uzadılıb. Xüsusi karantin rejimi ilk dəfə 2020-ci ilin mart ayında COVID-19 pandemiyasının başlanması ilə tətbiq olunmuşdu.
DSX qeyd edib ki, xarici ölkə vətəndaşları Azərbaycana yalnız hava yolu ilə daxil ola bilərlər. Bununla yanaşı, ölkədən çıxış üçün məhdudiyyət yoxdur. Azərbaycan vətəndaşları isə xaricə hava yolu ilə sərbəst şəkildə səyahət edə bilirlər, lakin quru sərhədindən keçid üçün məhdudiyyətlər qalmaqdadır. Xarici vətəndaşların isə quru sərhədindən ölkəni tərk etməsinə icazə verilir.
Haqqin.az-ın müraciət etdiyi dövlət qurumları sosial şəbəkələrdə yayılan videolar barədə heç bir rəsmi şərh verməyib. Beləliklə, yayılan məlumatların həqiqiliyini təsdiqləyən və ya təkzib edən heç bir açıqlama hələlik mövcud deyil.
Məlumata görə, sərhədlə bağlı tətbiq olunan mövcud qaydalar xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə dəyişməz qalacaq.
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ