Onlayn ictimai-siyasi qəzet
Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunan “Milli Qurtuluşdan Zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid və qazi ailə üzvləri, müəllimlər və məktəblilər iştirak edib.
Tədbir Dövlət Himni səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin sükutla anılması ilə başlayıb.
Festivalın keçirilməsində məqsəd təhsilalanların yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların estetik zövqünün formalaşdırılması və incəsənətə marağın artırılması, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. Tədbirdə çıxış edən Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıblar. Ümummilli Liderin ideyalarına sadiq qalan gənclərimizin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsindəki xüsusi rolu şərəf hissi ilə qeyd edildi.
Həmçinin natiqlər qazax xalqının hədiyyəsi olaraq Füzulidə inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında məlumat verərək bu müəssisənin Qazaxıstan və Azərbaycan dövlətləri, xalqları arasında dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini bildiriblər. Daha sonra Mədəniyyət və Elm və Təhsil nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələrinin şagirdlərinin ifasında rəngarəng musiqi, rəqs və bədii qiraət nömrələri təqdim olunub.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ