İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransız xalqı “erməni soyqırımı” günündə prezidentini seçəcək - Makron, yoxsa Le Pen...

Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səslə qalib gəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Makronun ikinci turda əsas rəqibi ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen olacaq. O, 23,15% səs toplayıb.

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

Qeyd edək ki, Fransa hazırda dünya siyasətində aparıcı rola malikdir. Avropa Birliyinin dönəm sədrliyi Fransadadır. Həmçinin rəsmi Paris Türkiyə, Azərbaycan, Ermənistanla siyasətində xüsusi şəkildə fərqlənir. Fransa daha çox ermənipərəst ölkə kimi tanınır. Ermənilərin Fransada böyük güc olduqları da deyilir, siyasətdən mədəniyyətə, biznesdən mediaya qədər bir çox sahələrdə ermənilər aparıcı rola malikdirlər. Son 20-22 ildə Fransa Qarabağ məsələsində xüsusilə fərqlənib - Ermənistanın işğalçı mövqeyini açıq formada dəstəkləyən addımlar atıb. Soyqırım ifadəsi işlətməyənlərlə bağlı illər əvvəl Fransa senatı qətnamə çıxarmışdı. Türkiyəyə və Azərbaycana münasibətdə etmədiyi ədalətsizlik qalmayıb.

İkinci Qarabağ müharibəsindən sonra da Fransa senatının bir neçə üzvü Azərbaycan əleyhinə sənədə imza atmışdılar.

Burada bir məqama da xüsusi diqqət yetirək: bu seçkidə erməni lobbisi, diasporunun Fransada zəiflədiyi də nəzərə çarpır. Söhbət ondan gedir ki, bu seçkilərdə ermənilərin dəstəklədiyi namizədlər finala çıxa bilmədilər. Onların gücü haqda deyilənlər də sanki bir mifdir.

Ancaq o da bir faktdır ki, Fransanın Türkiyəyə, Azərbaycana, Ermənistana münasibəti prezidentlərə görə dəyişmir. Rəsmi Parisin Qarabağ, Güney Qafqaz və Türkiyə siyasəti şəxslərə yox, sistemə bağlı məsələdir. Orada elə bir siyasi sistem formalaşıb ki, iqtidarda kimin olmasına baxmayaraq, Ermənistan daim dəstəklənir, Azərbaycan və Türkiyəyə isə mütəmadi badalaqlar vurmağa çalışırlar.

Bu baxımdan ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçilsə, Fransanın Qarabağ məsələsində mövqeyinin yaxşıya, ya da pisə dəyişəcəyini gözləməyə dəyərmi?

Xatırladaq ki, hazırda Azərbaycanla Ermənistan arasında sülhyaratma missiyasını Qərbdə Avropa İttifaqı aparır. Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və təşəbbüsü Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri aprelin 7-də Brüsseldə görüşdülər. 4 saat davam edən görüşdən sonra Şarl Mişel jurnalistlər qarşısına çıxaraq görüş haqda müsbət fikirlər söyləmişdi.

ABŞ və NATO Fransada keçirilən prezident seçkilərində Marin Le Penin qələbəsində maraqlı deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin birinci müavini Vladimir Cabarov deyib.

“Mən Marin Le Penin böyük uğurunu qeyd etmək istəyirəm, çünki fransızların əhvalını dəyişir. Emmanuel Makronun dişsiz NATO-yönlü amerikapərəst siyasəti, praktiki olaraq amerikalıların altına yıxılması və ölkənin öz suverenliyini itirməsi fransızları qıcıqlandırır. ABŞ və NATO ikinci turda Le Penə qalib gəlməyə imkan verməyəcəklər. Təəssüf ki, ikinci tura keçə bilməyən namizədlər Makronun ətrafında birləşəcək”, - Cabarov bildirib.

Onu da qeyd edək ki, artıq üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürən Le Penin bütün seçki kampaniyalarının və ümumilikdə onun rəhbərlik etdiyi siyasi qüvvənin maliyyələşdirilməsində Kremlin xüsusi rolu olduğuna dair ciddi iddialar və bəzi sübutlar var. Hələ 2017-ci ildə Kremldə Putinin qonağı olan Le Pen Donetsk və Luqanskın işğalını da dəstəkləyən azsaylı Avropa siyasətçilərindəndir.

Bu xanımın Qarabağ münaqişəsinə də münasibəti eyni prinsiplərə əsaslanır və qətiyyən obyektivliyi ilə seçilmir. O, dəfələrlə Azərbaycanın suveren ərazisi və ayrılmaz hissəsi olan Qarabağın Azərbaycandan alınaraq, Ermənistana birləşdirilməsinin lazım olduğunu bəyan edib.

Le Pen həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əleyhinədir və son zamanlara qədər hətta Fransanın NATO üzvlüyündən çıxmasına tərəfdar olduğunu bildirib. Elə hazırda da onun fikrincə, Fransa işğala məruz qalan Ukrayna və işğalçı Rusiya ilə “eyni məsafədə durmalı”, onların arasında fərq qoymamalıdır.

Ceyhun Məmmədov: Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal  rolunu oynayırlar

Ceyhun Məmmədov: “Fransada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq...”

YAP-çı deputat Ceyhun Məmmədov Azərbaycanla bağlı narahatlıqları bu cür şərh etdi: “Hesab edirəm ki, Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Əlbəttə, Fransanın Türkiyə və Azərbaycana münasibəti dövlətin birbaşa siyasəti ilə bağlıdır. Təəssüflə qeyd etmək lazımdır ki, Fransa hər zaman öz siyasətində ikili standartları, qərəzli və ədalətsiz yanaşmanı nümayiş etdirib. Biz bunu hər zaman müşahidə etmişik. Biz bilirik ki, Le Penin bəzi məsələlərə müxtəlif yanaşması var. Hər halda, bu, Fransanın siyasətidir. Fransa bu gün Avropa İttifaqı çərçivəsində müxtəlif addımlar atır. Burada həlledici mövqeyə malikdir. Avropa İttifaqının bu məsələ ilə bağlı konkret mövqeyi var. Fransada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Azərbaycanın mövqeyi prinsipal və qətiyyətlidir. Əlbəttə, müəyyən narahatlıq doğuran məqamlar ola, Ermənistan daha çox dəstəklənə bilər. Lakin unutmayaq ki, Azərbaycan mövqeyini kifayət qədər gücləndirib. Mövqeyimiz tam şəkildə dəstəklənir. Bu proseslərə seçkilərin təsiri olsa da, bütövlükdə Azərbaycanın mövqeyinə, atdığı addımlara yanaşmada fərqli nəyinsə şahidi olacağımıza ümid etmirəm. Amma hansı addımların atılmasından asılı olmayaraq, üzərimizə düşənləri etməyə çalışacağıq”.

f0135bf1-2abd-4117-9574-a0b50abb.jpg (137 KB)

Şəhla Cəlilzadə: “Azərbaycan baxımından arzu olunmayan ssenaridir”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə ölkəmiz adına Fransada heç də xoş proseslərin getmədiyini qeyd etdi: “Fransada prezident seçkilərinin 11 apreldə olan nəticəsinə görə Makron 27,6% səslə xanım Le Peni 4,2% üstələyir. Lakin qalibiyyət üçün səslərin 50%-dən çoxunu qazanmaq lazımdır və bu, 24 aprel tarixində seçkilərin ikinci turunun keçiriləcəyinə işarədir. Bu nəticəni seçki öncəsi keçirilən sorğuların nəticələri də əvvəlcədən bəlli edirdi. Lakin Le Pen bütün Makron əleyhdarlarını növbəti turda özünə səs verməyə çağırıb. Seçkilərdən sonra bəlli olub ki, üçüncü ən çox səs toplayan namizəd - Melanşon başda olmaqla, Sosialistlər, Kommunistlər, Yaşıllar və Mühafizəkarlar, hətta sağ-qanad Respublikaçılar Partiyasının namizədi Valeri Pekres belə ikinci turda Makronu dəstəkləyəcəklər. Melanşon öz seçicilərinə səslənərək ”Biz bilirik ki, kimə heç vaxt səs verməyəcəyik... Siz Le Peni dəstəkləməməlisiniz... İkinci turda Le Penə bir səs belə verilməməlidir", - deyə bildirib. Lakin ultra-millətçilərdən olan Erik Zemmur və Nikolas Dupont-Aignan Le Peni dəstəkləyirlər.

Le Penin qalibiyyəti, sadəcə, digər Fransa prezidentliyinə namizədləri və fransız xalqını deyil, həmçinin daha böyük qüvvələri də narahat edir. Bu baxımdan Avropa İttifaqı və NATO-nu qeyd etmək olar. Le Penin Avropa İttifaqı yeganə nüvə ölkəsi olan Fransanı Şimal Alyansının (NATO - red.) mərkəzləşdirilmiş əmr strukturundan çıxarılmasına dair iddialı fikirləri narahatlıqla qarşılanıb. Həmçinin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni xanım Le Pen tənqid etsə də, uzun müddətdir Rusiya ilə isti münasibətlərinin olduğu məlumdur. O cümlədən onun rəhbəri olduğu Milli Birlik Partiyası daha öncə Fransanın Avropa İttifaqını, azad Şengen zonasını və avro məkanını tərk etməsinə dair təklif irəli sürmüş, geniş Avroskeptik baxışları ilə diqqət çəkmiş, Macarıstan və Polşa kimi ölkələrdə ittifaq münasibətlərini inkişaf etdirməyi dəstəkləmişdi. Bunlar isə Le Penin mövqeyinin rasionallığı qarşısına kölgə salan əsas məqamlardır. Odur ki, növbəti turda Makronun qələbə qazanacağını təxmin edə bilərik. Le Penin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycana və Türkiyəyə dair mövqeyinə gəlincə, bu, təbii ki, ilk olaraq narahatlıqla müşahidə olunacaq və Fransa xarici siyasətinin hansı istiqamətdə dəyişəcəyini gələcək göstərəcək.  Bu, çox güman Azərbaycan baxımından arzu olunmayan ssenaridir. Makronun qələbə qazanacağı ssenari üzrə getsək belə, Fransanın Qarabağ və “erməni məsələsi”nə dair mövqeyində ciddi dəyişikliyin olacağını düşünmürəm. Belə ki, məhz Makronun birinci prezidentliyi dövründə Qarabağın müstəqilliyinin tanınmasına dair qətnamə ən yüksək hakimiyyət qollarından biri olan parlamentdə (hər iki palatada) qəbul edilib. Bu, həmin qərarı əslində elə hakim partiyanın deputatlarının da dəstəklədiyi anlamına gəlir. Sözdə dəstək ayrıdır, açığı, hökumətin belə bir faktiki və qeyri-hüquqi addımı atacağına inanmaq çətindir. Makronun təkrar qələbə qazanacağı təqdirdə Ermənistan-Azərbaycan münasibətlərinin bərpa olunmasına dair sülh danışıqlarının Avropa İttifaqı çərçivəsində və vasitəçiliyində davam edəcəyini, bu qurumda isə qərəzli Fransa ilə yanaşı Azərbaycana dost münasibəti olan ölkələrin də yer aldığı üçün daha tərəfsiz münasibətə şahid olacağımızı təxmin etmək olar. Bununla belə, Fransa Avropa Birliyi gündəliyinə və qərarlarına təsir etməkdə davam edəcəkdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR