Onlayn ictimai-siyasi qəzet
Makronun bəyanatı ortalığı qarışdırıb və Parisdən düzəlişlər edilir; alyans və müttəfiq ölkələr isə ordularını cəbhəyə göndərməyi istisna edirlər, Kremldən reaksiya var - analiz
NATO Ukraynaya Rusiyaya qarşı döyüşmək üçün birbaşa ordu göndərməyə hazırlaşmadığını bəyan etsə də, Fransa fərqli siyasət aparır. “Yeni Müsavat” xatırladır ki, prezident Emmanuel Makrondan sonra baş nazir Qabriel Attal da Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyib. Attal bildirib ki, Rusiyanın Ukraynada qələbəsinin qarşısını almaq üçün Qərbin səylərində hər şey masadadır:
“Müharibədə heç nəyi istisna edə bilməzsiniz”. Nəzərə çatdıraq ki, bundan bir gün əvvəl Emmanuel Makron Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsinin istisna edilmədiyini söyləmişdi. Bunun ardınca baş nazir Attal daha açıq danışıb. O bildirib ki, hələlik quru qoşunlarının rəsmi olaraq Ukraynada yerləşdirilməsi ilə bağlı konsensus yoxdur: “Ancaq heç bir dinamikanı istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün əlimizdən gələni edəcəyik”. Makronun sözlərinə aydınlıq gətirən xarici işlər naziri Stefan Sejournet isə bildirib ki, dövlət başçısı minalardan təmizləmə, yerli sursat istehsalı və kibermüdafiə kimi konkret tapşırıqları yerinə yetirmək üçün qoşunların göndərilməsini nəzərdə tutur.
“Qərbin xüsusi təyinatlı dəstələri Ukraynada döyüşür”. “Faynənşl Tayms” mənbələrinə istinadla bu məlumatı yayıb. “Hər kəs bilir ki, Ukraynada Qərb xüsusi təyinatlıları var. Onlar, sadəcə, bunu rəsmi şəkildə etiraf etməyib”, - mənbə bildirib. Xüsusi təyinatlıların hansı ölkələrdən olduğu barədə məlumat verilməyib. “Bild” nəşri də öz növbəsində yazıb ki, bəzi Qərb ölkələri Rusiya ordusu cəbhədə ciddi uğur əldə edəcəyi təqdirdə Ukraynaya öz hərbi qüvvələrini göndərmək imkanını istisna etmir". Fransadan gələn və ortalığı qarışdıran açıqlamalar isə Şimali Atlantika Alyansı tərəfindən təkzib edilməkdədir. “Hərbi alyansın Ukraynaya qoşun yeritmək planı yoxdur”. Baş katib Yens Stoltenberq Makronun bəyanatına münasibət bildirərkən deyib. Stoltenberq vurğulayıb ki, NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. “Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğal başlanandan sonra səylərimizi artırdıq. Amma hazırda NATO qoşunlarını Ukraynada yerləşdirmək planları yoxdur”, - Şimali Atlantika Alyansının rəhbəri qeyd edib.
Almaniya, Böyük Britaniya, İspaniya, Polşa və Çexiya da Ukraynadakı müharibədə iştirak etmək üçün quru qoşunlarından istifadə olunması ilə bağlı variantı istisna ediblər. Almaniya kansleri Olaf Şolz fevralın 27-də deyib: “Ukrayna torpaqlarında nə Avropa ölkələri, nə də NATO dövlətlərinin əsgərləri olmayacaq”. Birləşmiş Ştatlar da Ukraynaya qoşun göndərməyəcək. Ağ Evin Milli təhlükəsizlik şurasının nümayəndəsi Edrien Uotson söyləyib. Bununla belə, Slovakiyanın baş naziri Robert Fico bildirib ki, bəzi dövlətlər ikitərəfli sazişin bağlanması çərçivəsində hərbi kontingentlərini Ukraynaya göndərmək barədə razılığa gəliblər.
Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO ölkələrindən Ukraynaya müəyyən kontingentlərin göndərilməsinin mümkünlüyünün müzakirəsi faktını vacib adlandırıb: “Əlbəttə ki, bu çox vacibdir, yeni elementdir. Fransa prezidentinin çıxışının bütün digər elementləri artıq bu və ya digər şəkildə səsləndirilib, nəzərə alınıb. Biz cənab Makronun Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyi ilə bağlı mövqeyini yaxşı bilirik. Amma biz diqqət yetirdik ki, Ukraynaya hərbi qulluqçuların göndərilməsi mövzusu həqiqətən də müzakirə olunub”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da məsələyə reaksiya verib. Sitat: “Makronun Qərb quru qüvvələrinin Ukraynaya göndərilməsi ilə bağlı bəyanatı Fransa üçün biabırçılıqdır. Kimi və hara göndərəcək? Zelenskinin bunkerini qorumağa? Əlbəttə ki, Fransa üçün belə ayıbdır. O özünü dövlət başçısı, siyasətçi kimi ifşa etdi. Bununla da kifayətlənmədi. Bu, antihitler koalisiyasının sıralarında bugünkü Fransanın BMT Təhlükəsizlik Şurasında yer almasını təmin edən insanlara atəş açmaqdır”, - o bildirib. Bu arada, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya hərbi təchizat almaq üçün istifadə etməyi nəzərdən keçirməlidir.
Azad Məsiyev
Bütün bu reaksiyalardan belə görünür ki, Ukraynada savaş daha da böyüyəcək. Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Ukraynada faktiki olaraq NATO-Rusiya müharibəsi gedir: “De-fakto NATO dövlətləri bu münaqişədə iştirak edir. Onların muzdlu adı ilə mütəxəssisləri, kəşfiyyatı Ukrayna döyüşlərinə cəlb ediliblər. Sadəcə, NATO de-yure şəkildə münaqişəyə daxil olarsa, Rusiya nüvə silahını işə sala bilər, bəşəriyyət üçün faciəyə səbəb olar. Ona görə Makronun açıqlaması avantüradır”. Təhlilçi hesab edir ki, bu müharibənin başında ABŞ gedir və Fransa kimi dövlətlər də oyuna buraxılır: “Rusiyanın daha çox uğur əldə edə bilməməsi üçün belə çağırışlar səslənir. Ancaq Kreml məqsədlərinə çatmaqda davam edir. Sadəcə, NATO münaqişədə de-yure iştirak edərsə, blokda parçalanmalar ola bilər. Çünki heç də bütün üzv ölkələr bu qərarı dəstəkləməyəcəklər”. Siyasi şərhçi Ramiyə Məmmədova isə Fransa qoşunlarının özlərinin də dediyi kimi müxtəlif təyinatlarla Ukrayna ərazisinə yerləşdirilməsi mümkündür: “Bunu döyüşən ordu kimi qələmə verməyəcəklər. Necə ki, müxtəlif ölkələrdən Ukrayna üçün döyüşməyə gedənlər var. Əgər bunu rəsmi elan etsələr, Rusiyaya arqument qazandırmış olacaqlar. Ona görə də dərhal təkzib bəyanatları səsləndirildi. Əslində NATO Ukraynanı sona qədər dəstəkləməyi qarşısına məqsəd qoyub. Bu yardımlar azalan və artan xətt üzrə tez-tez dəyişə də bilər, döyüş meydanında şərait hər dəfə bir ordunun xeyrinə inkişaf da edə bilər, əsas hədəf isə müharibəni uzun illər uzatmaqdır. Bu, resursların tükəndirilməsi savaşıdır. Yəni həm geopolitik, həm geoekonomik əhəmiyyəti var. Bu münaqişəyə belə baxmağın tərəfdarıyam”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ