Onlayn ictimai-siyasi qəzet
“ABŞ-dakı yəhudi lobbisinin təsiri, Vaşinqton və Təl-Əviv arasında münasibətlər kimi faktorlar olsa da, əsas məsələ ABŞ-ın Yaxın Şərqdə siyasəti ilə bağlıdır. İsrail ABŞ-nin əsas müttəfiqidir. Odur ki, İsrailin zəifləməsi bu siyasətə uyğun gəlmir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Qəzzada baş verənləri şərh edərkən bildirib.
Ekspertin fikrincə, ABŞ İsraili dəstəkləməsə, onun yerini başqa ölkələr tuta bilər:
“Xüsusilə Çinin son zamanlar Yaxın Şərq üzərində təsiri artıb. Yəni İsraili dəstəkləmək ABŞ üçün strateji əhəmiyyət kəsb edir. ABŞ-ın əsas istəyi problemlərin həll olunması və ərəb ölkələri ilə İsrail arasında münasibətlərin qurulmasıdır. Bunun arxasında İranın oyundan çıxarılması istəyi də var. Məlumata görə Təl-Əvivdə Baydeni inandırıblar ki, İsrail məğlub olarsa, HƏMAS-ı bitirmək mümkün olmasa, bu, bölgədə separatizmə təsir edəcək. Bu eyni zamanda ərəb ölkələri ilə münasibətlərə də təsir edəcək”.
Ekspert hesab edir ki, Aİ-nin mövqeyi nisbətən fərqlidir. A.Nərimanlı ABŞ və Aİ arasında geosiyasi vəziyyətdə fikir ayrılığına diqqət çəkərək qeyd edib ki, Aİ-nin əsas istəyi Fransanın rəhbərliyi ilə beynəlxalq siyasətdə güc mərkəzi olmaqdır:
“ABŞ da öz növbəsində Avropa üzərində təsirini qorumağa çalışır. Rusiya-Ukrayna müharibəsində də, İsrail-Fələstin müharibəsində də Aİ-nin fərqli mövqe sərgiləməsi bir növ ABŞ-nın mərkəz siyasətindən uzaqlaşmaq məqsədi daşıyır. Fransanın rəhbərlik etdiyi Avropa İttifaqının əsas hədəfi Yaxın Şərqdə ön plana çıxmaqdır. Qarşıdakı dövrdə bunu daha aydın görəcəyik. Bəlkə də ABŞ İsraili dəstəkləməsə idi, yaxud neytral mövqe sərgiləsə idi, Aİ-nin dəstəyi görünərdi. Əsas məqamlardan biri də yeni nəqliyyat dəhlizi ilə bağlıdır. ABŞ bu layihəni dəstəkləyir. Bu layihə Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşıdır. Bu yol İsrail ərazisindən keçir. Müharibənin baş verməsi faktiki olaraq layihəni arxa plana atıb. ABŞ prosesi İsrailin qələbəsi ilə tamamlamağa çalışır ki, layihə aktuallığını itirməsin. Qlobal səviyyədə baxıldıqda bu müharibə daha uzunmüddətli olacq. Regional vəziyyət alması isə istisna deyil. Xüsuilə Hizbullah və İranın bölgədəki proksi qüvvələrinin qoşulması ilə müharibə genişlənə bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ