Onlayn ictimai-siyasi qəzet
XİN rəhbəri “sülh quşu” cildinə girərək İqlim Konfransına qədər İrəvanla danışıqlarda irəliləyişə səsləyir, sanki prosesi pozan, Paris tərəfindən silahlandırılan Ermənistan deyil - şərh
Fransa Azərbaycandan Birləşmiş Millətlər Təşkilatının (BMT) COP29 İqlim Konfransına qədər Ermənistanla sülh danışıqlarında irəliləyiş gözləyir. “Yeni Müsavat” xatırladır ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Fransa hər iki ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqla ədalətli və sabit sülh yaradacaq müqavilənin tezliklə imzalanmasının tərəfdarıdır. 1991-ci ildə Almatıda imzalanmış sənədin bütün mənası bundadır. Praqada ictimaiyyətə də eyni ideya təqdim edildi”, - deyə Sejurnedən bildirib. “Fransa eyni prinsiplər əsasında dövlətlər arasında sərhədin delimitasiyası prosesinə də kömək edir. Parisdə hesab edirlər ki, Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilməlidir, - xarici işlər naziri qeyd edib. "Ermənistan sülh istəyir. Fransa, beynəlxalq birlik sülh istəyir. Azərbaycan tezliklə COP29-u qəbul edəcəyi üçün məsuliyyət daşıyır: tədbirdən əvvəl səmimi olaraq sülhə nail olmaq istədiyini göstərməlidir. Düşünürəm ki, biz bu məsələdə sürətlə irəliləməyi bacarmalıyıq", - bunu da fransız nazir deyib.
Öz növbəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bildirib. “Ermənistan Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamağa hazırdır”, - o deyib və əlavə edib ki, bu məsələ ilə bağlı vəziyyəti fransalı həmkarı ilə müzakirə edib. “Biz razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq. Ölkələrin ərazi bütövlüyünün, Almatı Bəyannaməsinin, SSRİ-nin süqutu zamanı mövcud olan sərhədlərin qarşılıqlı olaraq tanındığı müqaviləni”,- Mirzoyan deyib.
Göründüyü kimi, tərəflər özlərini sülhpərvər, Azərbaycanı isə bunun əleyhdarı kimi servis etməyə çalışıblar. Hərçənd işğalçı da, sülh düşməni də, konstitusiyasında ərazi iddiaları irəli sürən də Ermənistandır, bu qəsbkar dövləti müdafiə edən isə Fransadır.
Azərbaycan-Fransa münasibətləri 2020-ci ildə 44 günlük müharibədən sonra tədricən pisləşməyə başlayıb. 2022-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında sərhəddə qanlı toqquşmalardan, daha sonra Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və yerli erməni əhalinin bölgəni könüllü tərk etməsi nəticələnən hərbi əməliyyatından sonra Fransanın Ermənistana siyasi və hərbi dəstəyi artırması ilə daha da gərginləşib. Rəsmi Paris Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Azərbaycanda separatçılığa dəstək verməkdə və Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda günahlandırır.
Son olaraq nazir Stefan Sejurnenin rəhbərlik etdiyi XİN Azərbaycana səyahət etməmək barədə qərəzli sənəd yayıb ki, Bakı Parisin bu anti-Azərbaycan addımını pisləyib. İndi isə Fransa XİN-in rəhbəri İrəvanda “sülh quşu” cildinə girərək Bakını Birləşmiş Millətlər Təşkilatının COP29 İqlim Konfransına qədər Ermənistanla sülh danışıqlarında irəliləyişə səsləyir. Sanki sülh danışıqlarını pozan Azərbaycandır. Halbuki nazir özü də fərqindədir ki, Paris Ermənistanı sürətlə silahlandırmağa başladıqdan sonra Paşinyan hakimiyyəti hər vəchlə sülh sazişinin imzalanmasının əsas şərti olan konstitusiya dəyişikliyindən yayınır. Fransa XİN rəhbəri COP29 tədbirini qabartmaqla əslində yenə də anti-Azərbaycan təbliğatı aparır.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, Fransanın Azərbaycana düşmənçiliyi Makronun adı ilə bağlıdır: “Bundan əvvəlki fransız prezidentlərdə bu qədər qərəz olmayıb. Bəs bu nifrətin kökündə nə dayanır? Axı Azərbaycan Fransada bir sıra abidələrin təmirində iştirak edib. Lakin Makron Bakıya böhtan atmaqdan əl çəkmir və indi də COP29 ərəfəsində hücumlara başlayıb”.
Partiya sədri hesab edir ki, Paris və İrəvan özlərini sülhpərvər kimi təqdim edir, Bakını qaralamağa çalışırlar: “Burada məqsəd odur ki, beynəlxalq ictimaiyyətə Bakını sülhə əngəl tərəf kimi təqdim etsinlər. Halbuki Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı şərtlərini açıqlayıb və Ermənistan Konstitusiyaya dəyişiklik etməsə, alayarımçıq sülh sazişi ola bilər. Bizə yarımçıq sülh sənədi lazım deyil. Təəssüflər olsun ki, Fransa bu siyasətində açıq-aşkar qərəz nümayiş etdirir və Makron prezident olduğu müddətdə bu mövqenin dəyişməsi gözlənilmir”.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova Fransanın bu siyasətinin dəyişəcəyini gözləmir. Təhlilçi Parisin ermənilərə qahmar çıxdığını və bu strategiyanın bir neçə hədəfi olduğunu düşünür: “Əvvəla, Fransa həmişə ermənipərəst olub. Sadəcə, Sarkozi, Olland və Jak Şirak dövründə bu o dərəcədə hiss olunmayıb. Makron isə Paşinyanın da təmsil olunduğu siyasi kluba daxildir. Bu mənada onlar birgə hərəkət edirlər. Biz bunu müxtəlif platformalarda onların necə görüşməsindən, bədən dilindən görə bilərik. Yəni Makron Paşinyanı hər zaman əzizləyib. Sözsüz ki, Bayden də bu klubun əsas liderlərindən biri olduğuna görə ABŞ da dəstəyi davam etdirir. Ona görə biz beş barmağımızın beşini də bal edib ermənilərin ağzına uzatsaq, yenə Makron Fransası deyəcək ki, içində zəhər ola bilər. Odur ki, biz Fransa ilə əlaqələrin normallaşmasını gözləməli deyilik. Bundan sonra gərginlik azalsa belə, ortada səmimi münasibətlər olmayacaq. Necə ki, İranla olan soyuqluq aradan qalxsa da, Tehranın dəhliz mövzusunda ritorikası dəyişməyib, Azərbaycanı sevmədiklərini hiss etdirirlər, biz də onların etdiklərini unutmamışıq”.
Ekspert Fransanın Ermənistana verdiyi siyasi-hərbi dəstəyin ikinci səbəbi kimi Rusiyanın peykindən çıxarılması hədəfini görür: “Avropa Birliyi və orada dominant olan Fransa çalışır ki, Rusiyanın Ermənistanda təsirləri azalsın. Bu istiqamətdə hərtərəfli iş aparılır. İndi biz deyə bilmərik ki, buna nə dərəcədə nail olublar, amma hər halda, bütün güc səfərbər olunub. Bir yandan QHT-lər anti-Rusiya təbliğatı aparır, bir tərəfdən iqtidar xalqa təlqin edir ki, Rusiya və KTMT bizdən üz çevirib, yolumuz Qərbə olmalıdır, o yandan da müxtəlif vəsaitlər ayrılır. Sejürne elan etdi ki, Fransa 29 milyon avro Qarabağ ermənilərinə ayırır. Həmçinin fondlar, USAİD kimi təşkilatlar maliyyəni artırır. Məqsəd Ermənistanda Qərbin təbliğat maşınını gücləndirməkdir və Rusiyadan qoparmaqdır. Sadəcə, atılan bu strateji addımlar zamanı Fransa Azərbaycana qarşı ədalətsizliyə yol verir. Rusiya əleyhinə siyasət yürüdərkən və Ermənistanı müdafiə edərkən Azərbaycana haqsızlıq edir. Hətta bu günlərdə bir erməni analitiki çərənləmişdi ki, Ermənistan Qərbin, Azərbaycan guya rusun yanındadır. Yəni bu təbliğat gedir və fon yaradırlar. Ona görə Fransa həmişə Ermənistanı sülhpərvər göstərməyə çalışacaq, bizi "etnik təmizləmə"də ittiham edəcək, COP29 yekunlaşdıqdan sonra başqa tədbirlər zamanı Bakıya iftira yağdıracaq. Biz öz işimizi görməliyik".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ