Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Mətbuat Şurasında ölkənin tanınmış jurnalisti, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzinin 60 illik yubileyi qeyd olunub.
Musavat.com xəbər verir ki, tədbiri Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq yubilyarın həyat və yaradıcılıq yolundan danışıb.
O bildirib ki, Bahəddin Həzi çətin, keşməkeşli yollar keçsə də, peşəkarlığını, prinsipial mövqeyini həmişə qoruyub.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli çıxışında qeyd edib ki, Bahəddin Həzinin publisistikası Azərbaycan jurnalistikasının keçdiyi mürəkkəb mərhələlərin bələdçisidir.
N. Məmmədli Medianın İnkişafı Agentliyi adından baş redaktoru təbrik edib və ona uğurlar arzulayıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Bahəddin bəyi "çox səmimi insan və gözəl publisist" adlandırıb:
"Yaşının az olmasına baxmayaraq, çox çətin yollar keçib. Ancaq heç vaxt öz simasını və duruşunu dəyişməyib".
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da yubilyarı təbrik edərək bunları deyib:
"Şükür ki, yaşımızın bu çağında bir-birimizə sözümüzü deyə bilirik. Arzu edirəm ki, Bahəddin bəyin əli hələ çox yazı yazsın, biz də zövqlə oxuyaq".
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bahəddin Həzinin istedad və təvazökarlıq nümunəsi olduğunu vurğulayıb. O, həmçinin jurnalistin ilk məqalələrinin çap olunduğu "Xazar" jurnalını tədbir iştirakçılarına təqdim edib.
Əməkdar jurnalist Qulu Məhərrəmli Bahəddin bəyi "çətin günün dostu" adlandıraraq bildirib:
"O, dar məqamlarda insanların yanında olub və bu prinsipinə sadiq qalıb. Bahəddin Həzi sədaqətin, dəyişməzliyin nümunəsidir".
Tədbirdə daha sonra "APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı, millət vəkili Aqil Abbas, şair və tərcüməçi Zakir Fəxri və digər qonaqlar da yubilyar haqqında dəyərli fikirlərini bölüşüblər.
Qeyd edək ki, Bahəddin Həzi 1965-ci ilin 28 aprelində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetinin məzunudur. Əmək fəaliyyətinə 1989-cu ildə "Xazar" jurnalında ədəbi işçi kimi başlayıb. Sonrakı illərdə "Turan" agentliyi, "Azadlıq", "Çağ", "Avrasiya" qəzetlərində və "Azadlıq" radiosunda müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildən isə "Bizim Yol" qəzetinin baş redaktorudur.
Bahəddin Həzi 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Şahanə Rəhimli
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ