Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə isti və mehriban qarşılamasına görə təşəkkür edib. İran Prezidenti deyib ki, hasarlar, sərhəd olsa da, qonşular həmişə bir-biri ilə əlaqə saxlayırlar: “Biz çoxsayda müştərək məqamlara malikik və bu müştərəkliklərlə iftixar edirik. Biz əlaqələrimizi davam etdirəcəyik. Bir çox məsələlərdə təcrübələrimizi öyrənə bilərik”.
Məsud Pezeşkian İranın Azərbaycanla bütün sahələrdə strateji əlaqələrinin olması üçün səy göstərəcəyini vurğulayıb:
“İki ölkə problemlərini birlikdə, danışıq yolu ilə həll edə bilər. Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək edərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Bizim aramızda başqalarının ixtilaf yaratmasına imkan verməməliyik”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib ki, Azərbaycanla İran arasında münasibətlər ancaq yaxşı olmalıdır.
Deputat vurğulayıb ki, başqa cür ola da bilməz çünki biz tarixi qonşular kimi bir çox sahədə ümumi baxışlara malikik:
“Azərbaycan hər xaman İranla mehriban qonşuluq münasibətləri olduğunu nümunə kimi göstərib. Bu baxımdan İran Prezidentinin Azərbaycan Prezidentinə uzaqgörən baxışlarına görə təşəkkür etməsi İranın rəsmi dairələri tərəfindən Azərbaycanın niyyətinin yüksək qiymətləndirildiyini göstərir. Pezeşkianın Azərbaycana rəsmi səfəri münasibətlərin yeni mərhələyə daxil olduğunun və tərəflərin mehriban qonşuluqda qətiyyətli olduğunun göstəricisidir. Həm mətbuata birgə bəyanat, həm də imzalanan sənədlər göstərir ki, tərəflər yaxın münasibətlərin qurulmasında maraqlıdırlar. Bu, iqtisadi, mədəni və bir çox başqa sahələri əhatə edir”.
Deputatın sözlərinə görə, tərəflərin artıq region və beynəlxalq birlik məsələlərində birgə hərəkət etməyə hazır olduğu müşahidə edilməkdədir:
“Bu istiqamətdə addımların atılacağı gözlənilir. Biz bir-birimizi iqtisadi əlaqələrdə tamamlaya, birgə regional layihələr həyata keçirə bilərik. İran Prezidentinin Azərbaycana səfər ərəfəsində, o cümlədən səfər zamanı verdiyi bəyanatlar İran hakim dairələrinin Azərbaycanla yaxşı münasibətlərdə maraqlı olduğunu göstərir. Azərbaycan ictimaiyyəti iki qonşu, qardaş xalqın bir-birinin əlini sıxmasına yüksək qiymət verir. Hesab edirəm ki, bundan sonra birgə fəaliyyət istiqamətlərimiz daha çox olacaq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ