Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqaz qlobal siyasi-strateji və iqtisadi-ticari qarşıdurmaların əsas hədəfləri sırasına daxil olmağa başlayıb. Çünki bu region dünya nəhənglərinin yalnız geopolitik deyil, həm də geostrateji və geoiqtisadi maraqlarında xüsusi əhəmiyyət daşıyır. Xüsusilə də, Cənubi Qafqazın bir neçə önəmli nəqliyyat-kommunikasiya dəhlizlərinin üzərində yerləşməsi bu regionu qlobal iqtisadi-ticari savaşın iştirakçıları üçün cəlbedici edir. Çünki Cənubi Qafqaz Asiyanı Xəzər dənizi üzərindən Qaradəniz hövzəsi ilə də birləşdirmək özəlliyinə sahibdir. Və üstəlik, bu istiqamətin Türkiyə üzərindən Aralıq dənizinə doğru yönləndirilməsi imkanları da mövcuddur.
Ona görə də, Çinin məhz Azərbaycana xüsusi önəm verməsi qətiyyən gözlənilməz deyil. Belə ki, ABŞ-la iqtisadi-ticari savaş içərisində olan rəsmi Pekin Çin üçün yeni bazarlara birbaşa çıxış üçün nəqliyyat-kommunikasiya dəhlizləri axtarmaqdadır. Bu baxımdan, Xəzər dənizi və Qara dəniz arasında strateji coğrafi mövqeyə malik Cənubi Qafqazda Azərbaycanın Çin üçün əhəmiyyəti əvəzolunmaz hesab edilə bilər. Və ona görə də, hazırda rəsmi Pekin Azərbaycan-Çin münasibətlərini yeni inkişaf mərhələsinə keçirməyə can atmaqdadır.
Digər tərəfdən, Çinlə yanaşı, Türkiyə, Rusiya, İsrail və İran kimi nəhəng dövlətlər də Cənubi Qafqazda nüfuz savaşında iştirak etməyə çalışırlar. Xüsusilə də, Azərbaycanın cənub qonşusu İran və bu regiona maraq göstərən İsrail arasında kifayət qədər ciddi rəqabət müşahidə olunur. İranın Cənubi Qafqazla bağlı narahatlığının əsas səbəbləri sırasına Azərbaycan və İsrailin strateji yaxınlığı da daxildir. Belə ki, Azərbaycan İsraillə hərbi və kəşfiyyat sahəsində əməkdaşlıq edir, İsrail isə İranı əsas rəqibi sayır. Və rəsmi Tehran Azərbaycan-İsrail münasibətlərinə xüsusi qısqanclıqla yanaşır.
Halbuki, rəsmi Bakı Azərbaycan ərazisindən heç qonşu ölkəyə qarşı istifadə edilməsinə qətiyyən imkan verilməyəcəyini artıq dəfələrlə sübuta yetirib. Buna baxmayaraq, İran rəsmi Bakıdan Azərbaycan ərazisində İsrailə aid hər hansı hərbi infrastruktura şərait yaradılmamasını tələb edir. Üstəlik, rəsmi Tehran bu tələblərə paralel olaraq, indiyə qədər öz narahatlığını təsdiqləyə biləcək hər hansı sübuta da sahib deyil. Və bunun əksinə olaraq, rəsmi Bakının İrana münasibətdə daha tutarlı, inkaredilməz faktlarla arqumentləşdirilmiş iradları mövcuddur.
Məsələ ondadır ki, rəsmi Bakı 2023-cü ildə İranın Azərbaycan ərazisindəki casus şəbəkəsinə qarşı ölkə daxilində genişmiqyaslı əməliyyatlar keçirmək məcburiyyətində qalmışdı. Nəticədə rəsmi Tehran haqsız olsa da, iki qonşu ölkə arasında diplomatik gərginlik ən yüksək həddə çatmış oldu. Buna qədər isə Azərbaycanın Ermənistan üzərində tarixi hərbi qələbəsindən sonra İran iki ölkənin sərhədlərinə qoşun cəmləyərək, münasibətlərin təhlükəli həddə qədər gərginləşməsinə səbəb olmuşdu. Və bu, onu göstərir ki, İran Cənubi Qafqazda yeni geopolitik şərtlərdən qətiyyən məmnun deyil.
Bütün bu faktorlar onu göstərir ki, İran “beş dənizin savaşı” kontekstində Cənubi Qafqaz regionunda həm geopolitik rəqib, həm də vacib oyunçudur. Çünki İran Xəzər dənizində də mövqelərini qorumağa çalışır. Xəzərin hüquqi statusu ilə bağlı 2018-ci il Konvensiyasında sahilyanı dövlətlər razılığa gəlsələr də, dənizin resursları və kommunikasiya xətləri üzərində hələ də müəyyən ziddiyyətlər qalmaqdadır. Və bu, Xəzər dənizinin tranzit potensialının reallaşdırılmasında kifayət qədər ciddi əngəllər də yaradır.
Məsələ ondadır ki, Rusiya və İran uzun müddət Transxəzər qaz kəməri layihəsinə müqavimət göstəriblər. Əsas arqumentləri isə bu layihənin Xəzərin ekosisteminə zərər vura biləcəyi ilə bağlıydı. Əsl reallıqdasa, bu “ekoloji narahatlıq” daha çox geosiyasi maraqlardan qaynaqlanırdı. Çünki belə bir kəmər Türkmənistan qazını birbaşa Azərbaycana, ordan da Avropaya çıxararaq, İran və Rusiyanın enerji bazarındakı payını azalda bilər.
Kreml və rəsmi Tehran 20 ildir ki, Xəzərin dibindən keçəcək boru xəttini təxirə salmaq üçün ortaq mövqe etiraz edirlər. Halbuki, Xəzərdə artıq mövcud olan dənizaltı neft-qaz kəmərlərinə - məsələn, “Şahdəniz”dən Bakıya, yaxud Kaşaqandan Aktauya gedən boru xətlərinə nə Rusiya, nə İran səs çıxarmır. Deməli, “ekologiya” arqumenti daha çox rəqabətli layihələri önləmək məqsədi güdür. Və bu mübarizə də əslində, “beş dəniz”dən biri olan Xəzər dənizində gedən strateji çəkişmənin tərkib hissəsidir.
Maraqlıdır ki, “beş dəniz savaşı” anlayışında Aralıq dənizi və Qara dəniz kimi su hövzələri uğrunda gedən mübarizə xüsusi yer tutur. Qara dəniz hövzəsi son iki ildə Rusiyanın Ukraynaya qarşı müharibəsi ucbatından beynəlxalq gündəmin mərkəzinə çevrilib. Ukrayna savaşı Qara dənizdə təhlükəsizlik mühitini kəskin şəkildə pisləşdirib, bu su hövzəsindəki ticarət marşrutları ciddi təhlükə altında qalıb. Və Türkiyə Montrö Konvensiyasına uyğun olaraq, boğazlardan hərbi gəmilərin keçidini məhdudlaşdırmaqla, savaşın Qara dənizdən Aralıq dənizinə sıçramasının qarşısını almağa çalışır.
Eyni zamanda, Türkiyə Kreml və rəsmi Kiyev arasında balanslı mövqe tutaraq, vasitəçilik edir. Məsələn, “taxıl sazişi”nin imzalanması məhz Türkiyənin xüsusi siyasi-diplomatik cəhdləri ilə mümkün olmuşdu.Ancaq Rusiya-Qərb qarşıdurması dərinləşdikcə, Qara dənizdə rəqabət də güclənir. Ona görə də hazırda bu su hövzəsində NATO və Rusiya donanmalarının fəaliyyəti, Krımın statusu, Bolqarıstan və Rumıniya kimi ölkələrin təhlükəsizlik problemləri gündəmdə qalmaqdadır. Və bu baxımdan, Türkiyə Qara dənizdə sabitliyi qorumağa çalışsa da, Rusiya ilə həm rəqabəti və həm də əməkdaşlığı paralelləşdirmək kimi olduqca qəliz problemlə qarşılaşmaqdadır.
Aralıq dənizi istiqamətində isə bir neçə paralel mübarizənin olduğu müşahidə edilir. Belə ki, Şərqi Aralıq dənizində nəhəng təbii qaz yataqlarının kəşf olunması region ölkələri arasında amansız rəqabətə yol açıb. Misir, İsrail, yunan Kipri və Yunanıstan “Şərqi Aralıq Qaz Forumu”nu yaradararaq, ortaq maraqlar çərçivəsində pay bölgüsünə cəhd göstərirlər və Türkiyə bu formatdan kənarda saxlamağa çalışırlar. Və bu səbəbdən də, rəsmi Ankara əks manevrlərlə situasiyanı öz xeyrinə dəyişməyə cəhd göstərir.
Məsələ ondadır ki, Türkiyə öz maraqlarını qorumaq üçün 2019-cu ildə Liviya hökuməti ilə Aralıq dənizində su sərhədlərinə dair anlaşma imzalayıb və “Mavi Vətən” doktrinasını ön plana çəkib. Bu doktrina Türkiyənin Aralıq və Egey dənizlərində kontinental şelf və iqtisadi zona iddialarını ifadə edir. Üstəlik, rəsmi Ankara bu strateji manevrləri ilə Türkiyənin rəqiblərinin planlarını müəyyən həddə qədər pozmağa da nail olub.
Maraqlıdır ki, Yunanıstan və yunan Kipri Türkiyənin Aralıq və Egey dənizlərindəki enerji resurslarına haqlı iddialarına müqavimət göstərir. Ona görə də, 2020-ci ildə Aralıq dənizinin şərq hissəsində qarşıduran tərəflər arasında ciddi hərbi gərginlik yaşanmışdı. Aralıq dənizinin şərqində təxminən 3,5 trilyon kubmetr həcmində təbii qaz ehtiyatlarının olduğu ehtimal edilir. Belə nəhəng sərvət isə bütün regional oyunçuların iştahını ciddi şəkildə qabardır. Rəsmi Ankaranın əsas hədəfi isə həm Aralıq dənizinin şərq hissəində Şimali Kipr Türk Cümhuriyyətinin hüquqlarını qorumaq, həm Türkiyənin enerji ehtiyaclarını qarşılamaq, həm də tranzit ölkəyə çevrilməkdir.
Bütün bunlar onu göstərir ki, “beş dəniz savaşı” tədricən qlobal hərbi-siyasi gərginlik mərkəzini ümumi məkana yerləşdirməkdədir. Bu qarşıdurma məkanında dünyanın nəhəng dövlətlərinin birbaşa və yaxud dolayısı maraqları mövcuddur. Ona görə də, dənizlərarası coğrafi məkanda yaranmış qəliz hərbi-siyasi situasiyanı “barıt çəlləyi”nə bənzətmək də olar. Üstəlik, bu “barıt çəlləyi”nin hər an partlaya biləcəyi bütün dünya üçün real təhlükə qaynağına çevrilə bilər. Və indi bütün dünya enerji resursları, nəqliyyat-kommunikasiya marşrutları, iqtisadi-ticari maraqlar uğrunda amansız mübarizənin girovuna çevrilməyə başlayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ