İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qanpulu işi": Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçiliklə məşğul olmaq istəyirdiniz?  

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, iş üzrə 36 nəfər zərərçəkən var.

Vətəndaşlar uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb. Nəticədə müalicəsizlikdən ölən körpələr də var.

Qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib. Aylardır ki, davam edən bu qalmaqallı məhkəmə prosesi artıq yekunlaşmaq üzrədir.

Bu gün keçirilən prosesdə zərərçəkmiş Mənsur Qarayev təqsirləndirilənlər Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 25 min 500 manat məbləğində mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata götürüb.

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsi ilə baş tutub.

Bu mərhələdə təqsirləndirilən şəxslər Aysel Məmmədova və Nuridə Seyidova arasında aparılan telefon danışıqları dinlənilib. Telefon danışıqlarının dinlənilməsi zamanı Nuridə Seyidova Aysel Məmmədovaya istintaqa çağrılanda məhdud məlumat verməyi təklif edib.

Telefon danışıqlarına münasibət bildirən Nuridə Seyidova deyib ki, məqsədi dələduzluq etmək olmayıb. O, vurğulayıb ki, xəstə uşaqların əməliyyatı üçün fond yaratmaq istəyiblər.

Hakim Şəlalə Həsənova Nuridə Seyidovaya sual verib: “Sizin ümümiyyətlə məqsədiniz nə idi? Bir xəstənin pulunu başqa bir xəstənin əməliyyatına sərf etməklə nəyə nail olmaq istəyirdiniz? Halbuki bu sahədə fəaliyyət göstərən çoxsaylı ictimai birliklər var. Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçiliklə məşğul olmaq istəyirdiniz? Tağıyevin neft mədənləri vardı, buna görə də sərvətinin bir hissəsini xeyriyyə işlərinə sərf edirdi. Bəs sizin hansı imkanlarınız vardı?

Bundan sonra hakim zərərçəkəni təmkinli olmağa çağırıb və məhkəmə istintaqının yekunlaşdığını elan edilib.

Dövlət ittihamçısı təqsirləndirilən Nuridə Seyidovanın 9 il 6 ay, Aysel Məmmədovanın 8 il, Aynur Bayramovanın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumilikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey. Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib.

Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib.

Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbirli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR