İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Azərbaycanla savaş planının SENSASİON detalları üzə çıxdı: Paris Zəngəzur dəhlizini "uran yolu"na çevirmək istəyir

Fransız mənşəli Qərb emissarlarının Ermənistan baş naziri Nikol Paşinyana  nəyin bahasına olursa-olsun, Azərbaycanla genişmiqyaslı müharibəyə nail olmaq tapşırığı verdikləri iddia edilir... Əsas məqsədin Fransanın Cənubi Qafqaza qoşun yeritməsi, konkret olaraq, Ermənistana hərbi kontingent yerləşdirilməsi üçün bəhanənin qazanılması olduğu bildirilir...

Cənubi Qafqaz regionu ətrafında situasiya qəliz geopolitik manevrlər ucbatından gərginləşmə istiqamətində inkişaf edir. Bu regionda geopolitik maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri amansız mübarizə mərhələsinə keçid etməklə, Cənubi Qafqaz ölkələrinin gələcək taleyini böyük təhlükə altına atmaqdan belə, çəkinmirlər. Və regional situasiyanın bu qədər ziddiyyətli faktorlara bağlı olması müəyyən mənada, həm də yeni savaş təhlükəsinin inkaredilməz əlaməti sayıla bilər.

Hələlik Cənubi Qafqazda "nə hərb, nə sülh" vəziyyəti hökm sürməkdədir. Ancaq ən təhlükəli məqam ondan ibarətdir ki, bu regionda sülhü prosesi məhz savaş təhlükəsinə paralellik təşkil edir. Ona görə də, yekun sülh sazişinin yaxın vaxtlarda imzalana biləcəyi ilə bağlı əminlik mövcud deyil. Belə vəziyyət isə uzun müddət davam edə bilməz. Və bu baxımdan, yaxın vaxtlarda savaşın "ayaq səsləri"nin daha aydın eşidilə biləcəyi qətiyyən istisna deyil.

577d350634256bea1e74fac83480de06.jpg (116 KB) 

Düzdür, Münhen Təhlükəsizlik Konfransında uzun fasilədən sonra nəhayət ki, Azərbaycan və Ermənistan liderləri arasında ikitərəfli görüş keçirildi. Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə baş tutan bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan sülh prosesini davam etdirmək barədə razılığa gəldilər. Və bu prosesin inkişafının təmin olunması barədə xarici işlər nazirlərinə uyğun təlimatlar da verdilər.

Ancaq bütün bunlara baxmayaraq, rəsmi İrəvanın sülh gündəliyinə uyğun hərəkət edəcəyi qətiyyən inandırıcı görünmür. Əsas səbəb isə ondan ibarətdir ki, Paşinyan hakimiyyəti müstəqil davranmaq imkanlarından məhrum edilib. Rəsmi İrəvan birmənalı şəkildə ABŞ və Qərbin təlimatları ilə hərəkət edir. Xüsusilə də, Paşinyan hakimiyyətinin qəbul etdiyi və ya edəcəyi bütün qərarların məzmunu məhz Fransanın hakim dairələrində müəyyən olunur. Və yalnız bundan sonra rəsmi İrəvan Parisdən aldığı təlimatları öz siyasi qərarı kimi icra etməyə çalışır.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinə yaxın siyasi dairələrdən Ermənistan mətbuatına sızan məxfi məlumatların məzmunu da bu reallığı növbəti dəfə təsdiqləyir. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin iddiasına görə, baş nazir Nikol Paşinyanın Münxen səfərindən sonra Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyə yeni impuls qazanacaq. Çünki erməni baş nazir Münhendə Qərbin fransız emissarlarından Rusiyanı Ermənistandan birdəfəlik sıxışdırıb, çıxartmaq tapşırığı alıb.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB) 

Təbii ki, Qərbdən, xüsusilə də, Fransadan birbaşa asılı vəziyyətdə olan Paşinyan hakimiyyətinin onsuz da "qopma" həddinə qədər korlanmış Ermənistan-Rusiya münasibətlərini ümumiyyətlə, məhv etməyə cəhd göstərəcəyi iddia edilir. Hökumətin daxilində olan mənbələr Qərbin bu barədə baş nazir Nikol Paşinyana sərt tələb irəli sürdüyünü, üstəlik, Rusiyanın Ermənistandan çıxarılması məsələsində açıq-aşkar səbrsiz davrandıqlarını, hətta ifrat şəkildə tələsdiklərini də vurğulayırlar.

Ancaq erməni mənbələri onu da bildirirlər ki, fransız mənşəli Qərb emissarları baş nazir Nikol Paşinyana Rusiya əleyhinə addımların qarşılığında Azərbaycanla bağlı müəyyən vədlər də veriblər. İddia olunur ki, Fransa erməni baş nazirə Azərbaycanın hərbi ambisiyalarını bloklaya biləcəyini bildirib. Ona görə də, baş nazir Paşinyanın Münhendə erməni icmasının nümayəndələri ilə görüşündə heç nədən narahat olmadan "Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil” açıqlamasına cəsarət göstərib.

Maraqlıdır ki, erməni baş nazirin fransız mənşəli Qərb emissarları ilə anlaşmasının digər önəmli məqamları barədə də müəyyən məlumatlar sızıb. Həmin məlumata görə, rəsmi İrəvandan Rusiyanı Ermənistandan çıxartmağı tələb edən fransız emissarlar Azərbaycanla bağlı Fransanın daha aqressiv planlar qurduğuna eyham vurublar. Və həmin planlar Ermənistanın Azərbaycanla yeni silahlı toqquşmalara ehtiyac duyduğunu təsdiqləyir.

Məsələ ondadır ki, iddialara görə, rəsmi Paris Paşinyan hakimiyyətdən Azərbaycanı təxribata çəkib, savaş situasiyası yaratmağı tələb edir. Əgər, rəsmi İrəvan buna nail olarsa, Fransa Azərbaycanın Ermənistana hərbi müdaxilə etməsinin qarşısını alacağını vəd edir. Bunu etmək üçün isə rəsmi Parisin Azərbaycanla yeni savaşın başlandığını bəhanə gətirərək, Cənubi Qafqaza qoşun yeritmək, yəni, Ermənistanda hərbi kontingent yerləşdirmək niyyətində olduğu bildirilir.

b1b46a03bd1541a69135bd6de37c4c10.jpg (131 KB) 

Fransanın belə təhlükəli planlar qurmaqda bir neçə geopolitik hədəfinin olduğu da iddia edilir. Birincisi, rəsmi Paris nəhayət ki, mövqeləri zəifləmiş Rusiyanın regiondan çıxarılmasına ümidverici şans qazana bilər. Buna paralel olaraq, Afrikadan qovulan Fransa Cənubi Qafqaza öz hərbi kontingentini yerləşdirmək üçün bəhanəyə də ehtiyac duyur. Digər tərəfdən, rəsmi Paris Zəngəzur dəhlizinə nəzarəti Fransanın əlində cəmləşdirmək niyyətini əsas hədəf kimi müəyyən edib. Və Zəngəzur dəhlizinə nəzarət Fransa üçün taleyüklü məsələ hesab olunur.

Məsələ ondadır ki, rəsmi Paris Qərblə Şərqi birləşdirəcək Zəngəzur dəhlizi ilə daşınacaq yükləri, bu nəqliyyat-kommunikasiya xətti üzrə iqtisadi-ticari mal dövriyyəsini, maliyyə axınını təkbaşına nəzarətə götürməklə, Fransaya nəhəng yeni gəlir qaynağı aça biləcəyinə ümid bəsləyir. Digər tərəfdən, Zəngəzur dəhlizinə nəzarəti ələ keçirtməklə, rəsmi Paris gələcəkdə Azərbaycana təzyiq mexanizmi yaratmağı düşünür.

Belə ki, rəsmi Paris Orta Asiyadan aldığı uranın Fransaya daşınması üçün Azərbaycana qarşı belə təzyiq mexanizminə ciddi şəkildə ehtiyac duyur. Çünki, rəsmi Paris ilə korlanmış münasibətlər şəraitində Azərbaycan öz ərazisindən Orta Asiya uranının Fransaya daşınmasına icazə vermək niyyətində deyil. Və bu baxımdan, Fransanın Zəngəzur dəhlizini "uran yolu"na çevirmək cəhdləri inkaredilməz reallıqdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR