İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa naziri Azərbaycan - Ermənistan sərhədindəki gərginliyi hansı cihazla ölçür?- Bakıdan sərt cavab  


Parisin “monitorinq diplomatiyası” ifşa olunur

Fransa xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının Lüksemburqda keçirilən iclasında Azərbaycana qarşı növbəti qərəzli açıqlama ilə çıxış edib. O, Ermənistan-Azərbaycan sərhədindəki guya artan gərginlikdən narahatlığını ifadə edərək, Avropa İttifaqının bölgədəki müşahidə missiyasının gücləndirilməsini və “siyasi məhbuslar”ın azad olunmasını tələb edib.

Musavat.com xəbər verir ki, bu bəyanata cavab olaraq, tanınmış siyasi şərhçi Murad Sadəddinov “Caliber.az” saytına verdiyi açıqlamada Barronun fikirlərini kəskin tənqid edib. Onun sözlərinə görə, Fransadan gələn bu kimi çıxışlar artıq adiləşib və Azərbaycan əleyhinə ritorika Parisin xarici siyasətində “standart yanaşma”ya çevrilib:

“Fransa bu cür mövqeni nəinki indi, hətta Azərbaycan torpaqları 30 il işğal altında olduğu vaxtlarda da nümayiş etdirirdi. 44 günlük müharibə zamanı da beynəlxalq hüquqa zidd, birtərəfli bəyanatlar səsləndirirdilər. İndi isə görünür, Paris yeni reallıqla – Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilmir.”

Sadəddinov vurğulayıb ki, Aİ müşahidə missiyası guya bütün İttifaq adından fəaliyyət göstərsə də, faktiki olaraq Fransanın siyasi maraqlarına xidmət edir. Bu isə Avropa İttifaqının neytrallığına kölgə salır.

“Barro gərginlikdən danışır, amma missiyanın özü susur. Bu, siyasi manipulyasiyadır və regiona dair əsassız iddiaların Avropa adı ilə ört-basdır edilməsidir”, – deyə şərhçi bildirib.

Murad Sadəddinov Fransa naziri Barroya başqa məsələlərlə məşğul olmağı tövsiyə edib:

“Məsələn, hazırda Əlcəzair 12 fransız diplomatı ölkədən çıxarır. Bu diplomatik qalmaqal Barronun birbaşa cavabdeh olduğu məsələdir. Əgər Fransada doğrudan da ədalətdən danışılırsa, əvvəlcə öz keçmiş koloniyalarında törətdikləri cinayətlərə görə üzr istəməlidirlər – istər nüvə sınaqları, istərsə də soyqırımı səviyyəsində hadisələr.”

Sadəddinov ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələyə də toxunub. Onun fikrincə, bu qurumun rəsmi olaraq aradan qaldırılması Fransanın Cənubi Qafqazda təsir imkanlarını itirməsi deməkdir, buna görə də Paris bu mövzunu gündəmdə saxlamağa çalışır.

“Azərbaycan sülh müqaviləsini yalnız bütün ziddiyyətlər aradan qalxandan sonra imzalayacaq. Ermənistan Konstitusiyasında ərazi iddialarına son qoyulmalıdır. Eyni zamanda, Minsk Qrupu rəsmi olaraq ləğv edilməlidir. Əgər Fransa doğrudan da sülh istəyirsə, yaxın müttəfiqi olan Ermənistana bu istiqamətdə təzyiq göstərsin”, – deyə Sadəddinov qeyd edib.

O həmçinin vurğulayıb ki, Bakıdakı separatçı rejimin keçmiş “liderləri” üzərində keçirilən məhkəmə prosesi tam beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir. Bu şəxslərin bir çoxu artıq məhkəmədə öz günahlarını etiraf edib.

“Əgər Fransa bu şəxslərin azad edilməsini tələb edirsə, sual olunur: bəs niyə Fransanın özü Nüremberq prosesinə qatılmışdı və o qərarları bu günə qədər müdafiə edir? Bu, açıq ikili standartlardır.”

Murad Sadəddinov onu da əlavə edib ki, məhkəmə prosesləri zamanı Fransanın keçmişdə separatçılara göstərdiyi yardımın detallarının üzə çıxması mümkündür və görünür, Paris məhz bu ssenaridən narahatdır.

“Bütün bu arqumentlər Fransanın nə üçün bu qədər hay-küy saldığını anlamaq üçün yetərlidir. Amma bu ritorika ilə Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil. Azərbaycanın mövqeyi aydındır və dəyişməz qalır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR